Bu gün dolların taleyi həll olunur
Bu gün ABŞ Federal Ehtiyat Sistemi (FES) Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən iclasının nəticələrini açıqlayacaq.
Axar.az xəbər verir ki, Yaponiya və Avropa Mərkəzi Bankının uçot dərəcəsini artırmamasından sonra FES-in dolları gücləndirmək üçün müsbət qərar verməyəcəyi bildirilir.
Analitiklərə görə də FES bu gün uçot dərəcəsini artırmayacaq.
“Hazırda valyuta bazarlarında stabillik hiss edilir. Xüsusilə də ABŞ iqtisadiyyatına daxil olan müəyyən göstəricilər – işsizlik səviyyəsinin minimum həddə qədər azalması kimi müsbət simptomlar, həmçinin, inflyasiya səviyyəsinin gözlənilən hədəflərin aşağısında olması prosesdə bir balans yaradır. Bu isə FES üzvlərinin mart toplantısında hər hansı dəyişikliklə bağlı qərar qəbul etməyəcəyi ehtimalını gücləndirir”, – iqtisadçı ekspert Rəşad Həsənov bildirib.
FES rəhbəri Canet Yellen çox güman ki, açıqlamasında növbəti aylarda faiz artımı ilə bağlı siqnal verəcək.
FES-in dollarla bağlı tarixi qərarı Bakı vaxtı ilə 22:00-da açıqlanacaq.
Qeyd edək ki, FES sonuncu dəfə ötən ilin dekabrında uçot dərəcəsini 0,25%-dən 0,50%-ə yüksəldib.
Short URL: http://www.cumhuriyyet.net/?p=57904