Rusiya qazı Azərbaycana nə gətirəcək? – Ekspert şərhi
Xəbər verdiyimiz kimi, Rusiya Azərbaycana qaz təchiz etməyə hazırlaşır.
Bu barədə “QazProm”un idarə heyətinin sədr müavini Aleksandr Medvedev açıqlama verib və bildirib ki, Rusiya qazının Azərbaycana ixracının mümkünlüyü barədə iyun ayında Azərbaycanla danışıqlar aparılacaq.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AzNews.az-a açıqlamasında bildirib ki, bu məsələ 5 aydır ki, mütəmadi olaraq qaldırılır: “4 dəfə Rövnəq Abdullayev özü şəxsən ictimaiyyətə jurnalistlər vasitəsi ilə məlumat çatdırıb. Bu zaman ərzində “Qazprom”un nümayəndə heyəti ilə iki dəfə görüş olub. Bu qədər intensiv danışıqlar gedirsə, demək ki, Azərbaycanın Rusiyadan qaz almağına demək ki, ehtiyac var”.
İ.Şaban qeyd edib ki, bu zərurət bir neçə səbəbdən yaranıb: “Azərbaycanın ən başlıca səbəbi neft hasilatının stabilləşdirilməsi dövründə atılan addımdır. Yəni, Azərbaycan il ərzində “Azəri-Çıraq” Günəşli yatağından təqribən 3 milyard kub-metr qaz alır. O qazı neft quyularına vururlar. Həmin quyulara nə qədər çox qaz vurulsa, neftin hasilatı bir o qədər çox olur. Əgər Rusiya qazı Azərbaycana verirlərsə, demək onda hasilat bir o qədər çoxalar. Ancaq bir məsələ də var ki, dünya bazarında qazla neftin qiyməti ekvivalentdir. Ona görə də Azərbaycan hesab edir ki, baxmayaraq ki, neftin qiyməti dünya bazarında hazırda aşağıdır, ucuz qiymətə qaz idxal eləsə, ondan neftin hasilatını stabil saxlasa, onu satışa çıxarıb qazanc götürsə, həm dövlətə, həm də şirkətə bir o qədər xeyir verər. Əsas məsələ budur. Əgər bunu bacarsa, bu yaxın illər üçün “Şahdəniz-2” çıxana kimi Azərbaycan üçün xeyirli bir layihə olardı”.
Short URL: http://www.cumhuriyyet.net/?p=65677