Qorxulan oldu: Tədiyyə balansında rekord kəsir yaranıb

17.06.2016 - 10:52
mb2Rövşən Ağayev: «Ölkədən çıxan birbaşa investisiyaların 73 faizi SOCAR-ın xaricdəki layihələri ilə bağlı olub»

 
Samir Əliyev: «Azalmanın əsas səbəbi devalvasiya dövründə ölkədən kapital axınının baş verməsi olub»
Azərbaycan Mərkəzi Bankının hesabatından aydın olur ki, bu ilin birinci rübündə ölkənin tədiyyə balansında böyük problemlər yaşanır. Qeyd edək ki, tədiyyə balansına birinci olaraq cari əməliyyatlar hesabına daxildir. Bu hesabdan ölkənin əsasən, xarici ticarət dövriyyəsi, xidmət sektoru, təkrar və ilkin gəlirlər daxildir. Məhz bu hesab üzrə kəsir 432 milyon dollar təşkil edir.
Tədiyyə balansına ikinci kapital hesabı daxildir ki, bura daha çox investisiyalar və maliyyə sektoru daxildir. Bu bölmə üzrə kəsir 40 milyon dollar səviyyəsindədir.
Üçüncüsü ehtiyat aktivlərdir ki, burada da 1.2 milyard dollarlıq kəsir yaranıb. Qeyd edək ki, ötən ilin müvafiq dövrünə nisbətən bu istiqamətdə kəsirin xeyli azaldığını görə bilərik. Belə ki,ötən ilin birinci rübündə bu bölmə üzrə mənfi saldo 4.6 milyard dollar olub.
Balanslaşdırıcı maddələr üzrə bölmədə vəziyyət nisbətən yaxşıdır.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev bildirib ki,  cari hesablar balansında son 10 ildə qeydə alınmayan ən böyük məbləğdə – 432.1 milyon dollar məbləğində defisit qeydə alınıb: “2015-ci ilin ilk rübündə 57.8 milyon, 2014-cü ilin yanvar-mart aylarında isə 3.3 milyard dollar profisit olmuşdu.
Tədiyyə balansının təhlili göstərir ki, hamı – istər ev təsərrüfatları, istərsə də biznes və hökumət sektoru qənaət rejiminə keçib.
Ev təsərrüfatlarının qənaəti özünü xaricdə turizmə xərclənən vəsaitlərin həcmində göstərir. Bu ilin 3 ayında xarici turizm xidmətlərinə 530 milyon dollar xərclənib. Halbuki 2014-cü ilin eyni dövründə bu məbləğ 814 milyon dollar, 2015-ci ildə 626 milyon dollar olmuşdu”.
Ekspert qeyd edir ki, biznes və hökumət sektorunun qənaət rejiminə keçməsi özünü xarici ölkələr tərəfindən göstərilən müxtəlif işgüzar xidmətlərə görə ödənişlərin kəskin azalmasında göstərir: “2016-cı ildə həmin xidmətlərə 200 milyon dollar xərclənib, amma 2014-də 635 milyon dollar, 2015-də 331 milyon dollar xərclənmişdi”.
Xaricdə yaşayan şəxslərin ailələrinə göndərdiyi pullar (remitanslar) da xeyli azalıb. R.Ağayevin yazdığına görə, bu ilin ilk 3 ayında bu xətlə ölkəyə 179 milyon dollar daxil olub: “Əvvəlki  2 ildə həmin məbləğ 310-360 milyon dollar intervalında olmuşdu.
Neftin qiymətinin azalması Azərbaycan hökuməti ilə yanaşı xarici neft şirkətlərinin də mənfəətinin kəskin azalmasına səbəb olub. Belə ki, 2016-cı ilin 3 ayında beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin ölkədən çıxarılan həcmi (repatriasiyası) 313 milyon dollar olub. Halbuki 2014-cü ildə 815 milyon dollar olmuşdu”.
R.Ağayev daha sonra bildirib ki, ötən ilin ilk rübünə nisbətən ölkəyə birbaşa investisiyalar 15 faiz və ya 153 milyon dollar azalıb. Azalma, əsasən, neft sektoruna birbaşa investisiyaların ixtisarı ilə bağlı olub. “Ümumilikdə ölkəyə daxil olan birbaşa investisiyaların 73 faizi və ya 629 milyon dolları neft, 27 faizi və ya 235 milyon dolları qeyri-neft sektorunun payına düşüb.
Ölkədən çıxan birbaşa investisiyaların həcmi də xeyli azalıb – bu ilin ilk 3 ayında ölkədən birbaşa investisiya formasında 771 milyon dollar çıxıb, ötən il bu rəqəm 1.014 milyard dollar olmuşdu.
Ölkədən çıxan birbaşa investisiyaların 73 faizi və ya 559 milyon dolları SOCAR-ın xaricdəki layihələri ilə bağlı olub.
Ölkəyə gələn portfel investisiyaları da azalıb – 749 milyon dollardan 583 milyon dollara enib”,- deyə iqtisadçı qeyd edir.
Digər iqtisadçı-ekspert Samir Əliyev isə “Bizim Yol”a şərhində bildirdi ki, tədiyyə balansının maliyyə strukturuna baxsaq, hökumətin qənaət prinsipinə keçdiyini deyə bilərik: “2016-cı ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisə cari əməliyyat hesabında mənfi saldo yaranıb.  Əgər ötən ilin ilk rübündə bu hesab üzrə 58 milyon dollar müsbət saldo olduğu, 2016-cı ilin müvafiq dövründə 432 milyon dollar mənfi saldo yaranıb ki, əsas diqqət çəkən məqam da budur. Azərbaycanın tədiyyə balansında həmişə müsbət saldo olub. Belə olmasının əsas səbəbi cari əməliyyatlar balansının müsbət olması olub. Burada da neft amili başlıca rol oynayıb. Amma bu ilin birinci rübündə tədiyyə balansını müsbət edən bir bölmə mənfi çıxdı. Təbii ki, digər istiqamətlərdə də kəsir yaranıb”.
İqtisadçıya görə, həm ölkədən çıxan, həm də daxil olan kapitalda azalma var: “Hər iki istiqamətdə azalmanın olması təddiyyə balansında yüksək mənfi saldonun yaranmamasını müəyyən qədər kompensasiya edə bilir. Əgər idxal azalmasaydı, o zaman bu kəsir lap böyük ola bilərdi və ölkə iqtisadiyyatını çox böyük zərbə altına qoya bilərdi. Tədiyyə balansında yaranmış vəziyyət milli valyutanı təzyiq altına salır”.
S.Əliyev deyir ki, əsas diqqət çəkən məqamlardan biri də qeyri-neft ixracının azalmasıdır. 2016-cı ilin I rübü üzrə tədiyyə balansının strukturuna diqqət yetirdikdə məlum olur ki, yanvar-mart aylarında ölkənin qeyri neft-qaz ixracı azalaraq 228.7 milyon dollar düşüb. Halbuki 2015-ci ilin müvafiq dövründə bu rəqəm 453 milyon dollar olub. Birinci devalvasiyadan sonra manatın dəyərini 50 faiz itirməsinə rəğmən qeyri-neft ixracı nəinki artmayıb, hətta 50 faiz azalıb. Yəni manatın ucuzlaşması qeyri-neft ixracını stimullaşdıra bilməyib, əksinə 2 dəfə azalıb. Bu, bir daha Azərbaycan ixracının məzənnədən asılı olmadığını göstərir. Həm turizm, həm ticarətdə idxalda azalma müşahidə edilir.  Hökumət tamamilə qənaətə keçməsi hesabına tədiyyə balansında saldonu müəyyən qədər cilovlamağa çalışır”.
Ekspert əlavə etdi ki, tədiyyə balansının bölmələrinə nəzər yetirdikdə kapital axınında da azalma görünür: “Məsələn, depozit və nağd pul çıxarışı devalvasiya ərəfəsində çox aktiv olub. 2015-ci ilin birinci rübündə təqribən 3.7 milyard dollar vəsait ölkədən nağd pul və depozit şəklində çıxarılıb. Amma 2016-cı ilin müvafiq dövründə həmin rəqəm 1.5 milyard dollara düşüb. Burada iki dəfədən çox azalma var. Azalmanın əsas səbəbi devalvasiya dövründə ölkədən kapital axınının baş verməsi olub. İndi isə aktiv kapital axını dövrü bitib, çünki vəsaitin çıxarılması ilə bağlı şərtlər sərtləşdirildi. Həmin ağır şərtlərdən biri də valyuta dəyişmə məntəqələrinin bağlanması oldu. Ona görə də ölkədən çıxan pul kəskin azalıb. Məhz bunun səngiməsi nəticəsində manat ciddi təzyiq altında deyil. Eyni zamanda ölkəyə kapital gəlişi də azalıb. Bir sözlə, ölkədən az dollar çıxdığı qədər, xarici valyutanın gəlişi də azalıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=67335

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31