Manat hara gedir?
Azərbaycanda aparılan “yumşaq devalvasiya” siyasəti nəticəsində ilin sonuna qədər 1 ABŞ dolları 1 manat 70 qəpiyə qədər yüksələ bilər, millət vəkili BBC Azərbaycancaya bildirir.
Dünya bazarlarında Böyük Britaniyanın ötən cümə axşamı keçirilən referendumdaAvropa İttifaqından çıxmağa səs verməsindən sonra, dollara tələbatın artması ABŞ milli valyutasının dəyəri artıb.
Bu hal Azərbaycan manatına da təsirsiz ötüşməyib. Bir müddət öncə 1 dollar – 1 manat 49 qəpik idisə, artıq 1 dollar – 1 manat 53 qəpiyə yüksəlib.
İqtisadçılardan bəziləri baş verənləri “üçüncü devalvasiya”ya yol hesab etsə də, digərləri bu fikirləri “absurd” adlandırır.
Dekabrın 21-də Milli Bankın qərarı ilə Azərbaycan valyutası üzən məzənnə rejiminə keçib. Həmin vaxt dolların məzənnəsi 47 faizdən çox artaraq, 1 manat 55 qəpiyə çatıb.
Bəs indiki halda, dünyada dollara tələbatın artması, Azərbaycanda üçüncü devalvasiya ilə nəticələnəcəkmi?
Yumşaq devalvasiya
Millət vəkili Vahid Əhmədov hesab edir ki, artıq Azərbaycanda “yumşaq devalvasiya” siyasəti yürüdülür. Millət vəkili bu addımı dəstəklədiyini də qeyd edir.
“Manat hələ də öz real bazar dəyərini almayıb. O səbəbdən, mən bu siyasətin tərəfindəyəm,” cənab Əhmədov BBC Azərbaycancaya bildirib.
Millət vəkili ilin sonuna qədər manatın daha da ucuzlaşacağını və 1 dolların 1 manat 70 qəpik və ya 1 manat 80 qəpik olacağını proqnozlaşdırır.
Vahid Əhmədov sərt devalvasiyanın, başqa sözlə, valyutanın dəyərinin kəskin azalmasının baş verməməyinin tərəfində olduğunu da qeyd edir. Onun sözlərinə görə, sərt devalvasiyadan fərqli olaraq, yumşaq devalvasiyada ciddi nəticə olmur.
“Birdən-birə devalvasiya edilmir ki, əmanətlər dəyərsizləşsin. Həm də əmanətlərin hamısı sığortalanıb,” o deyir.
Deputat hazırda ölkənin əsas vəzifəsinin manata etibarlılığını qaytarmaq olduğunu söyləyir. O bildirir ki, bunun üçün artıq islahatlar aparılır və nəticəsi gələn il görünəcək.
Bununla belə o, yaxın gələcək üçün manatın möhkəmlənməsini real saymır.
“Manatın dəyərini stimullaşdıran amillərdən biri neftin qiymətidir. Maliyyə bazarlarında stabillik olsa da, bu, müvəqqətidir. Neft qiymətində artım görünmür,” deyən cənab Əhmədov əlavə edir ki, “qeyri-neft sektorunda işlər görülsə də, bu kifayət deyil. İdxal azalıb, ixrac artarsa manat möhkəmlənər”.
“Vətəndaşları öyrəşdirmək”
Mütəxəssislər hesab edir ki, indi manatın məzənnəsinin dollara nisbətdə 4 qəpik də azalması, başqa sözlə, funtun dəyərinin azalmasının manatın dəyərinə kəskin təsirinin olmaması əslində, tətbiq edilmiş üzən məzənnə rejimi ilə əlaqədar deyil. Əksinə, manatın dəyərinin inzibati qaydada tənzimlənməsi ilə bağlıdır.
Bu cür fikirlərlə həmrəy olan iqtisadçı Qalib Toğrul hesab edir ki, Azərbaycanda manatın kursu, rəsmilər tərəfindən deyildiyi kimi, üzən məzənnə rejimi ilə müəyyənləşmir.
Onun sözlərinə görə, kurs üzən olsaydı həm daxili, həm də xarici təsiri manatın dəyərində özünü biruzə verərdi.
“Çox təəssüf ki, bu haldan Azərbaycan rəsmiləri öz mənafeləri üçün istifadə edirlər. İstədikləri zaman kursu möhkəmləndirib, istəyəndə zəiflədirlər. Brexit də onlara belə bir imkan verdi.”
İqtisadçı da millət vəkili kimi, ölkədə hazırda manatın hissə-hissə ucuzlaşdırıldığını düşünür.
O bildirir ki, bu halın üstünlüyü də var. “Bu üstünlük odur ki, vətəndaşlarda psixoloji təlatümlər yaranmır və ucuzlaşmanı insanları öyrəşdirə-öyrəşdirə edirlər.”
Cənab Toğrul qeyd edir ki, “manatın arxasında real iqtisadiyyat durmur və ölkədən çıxan dollarla ölkəyə daxil olan dollar arasında fərq var.”
Lakin “…əvvəl-axır manat ucuzlaşıb öz real dəyərinə gəlməlidir,” iqtisadçı əlavə edir.
Qalib Toğrulun sözlərinə görə, manatın yavaş-yavaş ucuzlaşması inflyasiyaya və ilkin tələbat mallarının bahalaşmasına səbəb olacaq və vətəndaşlar əvvəlkindən daha çox xərcləyəcək.
O, həmçinin, vətəndaşların bazar qiymətlərindəki bahalaşmanı hiss etmələrinə baxmayaraq, dövlətin qiymət artımı barədə tədbir görmədiyini deyir.
“Statistika reallığı əks etdirmir. Qiymətlərin müşahidəsi bahalı proses olsa da, bu edilməli və ortaq göstərici çıxarılmalıdır”, o bildirir.
“Absurd”
İqtisadçı Fikrət Yusifov isə üçüncü devalvasiya iddialarını “absurd” adlandırır.
O deyir ki, Azərbaycan dünya iqtisadi müstəvisinin parçası olduğu üçün Britaniyanın Aİ-dən çıxması təsirsiz deyil.
“Ajiotaj yaranıb, amma buna əsas yoxdur. Ciddi təsirdən söhbət gedə bilməz, devalvasiya real və gözlənilən deyil”, o əlavə edir.
Mərkəzi Bank isə APA-ya açıqlamasında bildirib ki, Brexit milli valyutaya təsir etməyib.
“Mərkəzi Bankın valyuta ehtiyatlarının böyük əksəriyyəti, yəni 85 faizdən çoxu ABŞ dollarında olduğundan, digər valyutaların ABŞ dollarına qarşı məzənnəsinin zəifləməsi nəticəsində əhəmiyyətli məzənnə fərqi yaranmayıb”, MB bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=68729