“Manat əmanətləri üzrə faiz dərəcələri artacaq” – ekspertdən açıqlama
İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bank tərəfindən manat əmanətləri üzrə faiz dərəcəsinin artacağını proqnozlaşdırır.
Bu barədə iqtisadçı ekspert sosial şəbəkədə açıqlama yayıb:
“Milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin illik 12%-dən 15%-ə qaldırılması düzgün addımdır, ancaq kifayətedici deyil. Ölkənin maliyyə sistemini dollarlaşmadan xilas etmək, manatın iqtisadiyyatda rolunu artırmaq, nəhayət biznesin və əhalinin manat kreditlərinə əlçatanlığını yüksəltmək istəyiriksə, paralel olaraq digər addımlar da atılmalıdır. Təbii ki, uçot dərəcəsinin 15%-ə artırılmasının ardınca qorunan əmanətlərin illik faiz dərəcəsinin 15%-ə qaldırılması manat əmanətlərini bahalaşdıracaq. Əgər tərəzinin bir gözündə dəyişiklik edilirsə, tarazlığın saxlanması üçün digər gözünü də ona uyğunlaşdırmaq lazımdır. Mərkəzi Bankdan və əhalidən baha qiymətə manat cəlb edən banklar həmin pulu iqtisadiyyata baha qiymətə yönəltməlidir. Əks halda banklar həmin borcu kreditləşməyə yox, valyuta bazarına yönəldəcəklər. Bankların yığdıqları manatları iqtisadiyyata yönəltməsi üçün istehlak və mikrokreditlərə tətbiq edilən faiz tavanı (komisyon haqlarına tətbiq edilən 1%-lik tavan qalmaq şərti ilə) ləğv edilməlidir. Çünki uzun müddətdir ki, istehlak kreditlərinin illik faiz dərəcəsi maksimum 29%, mikrokreditlərdə isə 25%-dir. Bu addım ilkin dövrdə kreditləşməni bahalaşdıracaq. Ancaq Mərkəzi Bank maliyyə alətlərindən istifatə etməklə və maliyyə sabitliyi yaratmaqla faizlərin azalmasını dəstəkləyə bilər. Nəzərə alaq ki, manatın məzənnəsinin qeyri-sabitliyi dövründə istər mikrokreditləri alan kiçik sahibkarlar, istərsə də istehlak krediti alan əhali qrupu üçün yüksək faizli manat krediti səmərəlidir nəinki nisbətən aşağı faizli dollar krediti.
Mərkəzi Bankın gələcəkdə də uçot dərəcəsini artırması istisna deyil. Hər şey neftin qiymətinin hərəkət istiqamətindən və ölkənin makroiqtisadi sabitliyi, xüsusən də inflyasiya səviyyəsindən asılı olacaq. Deməli, getdikcə qorunan manat əmanətləri üzrə faiz dərəcəsinin də artırılmasına ehtiyac yaranacaq.”
Short URL: http://www.cumhuriyyet.net/?p=75961