Sahibkarlığa Milli Kömək Fondu dövlətin miyardlarını kimlərə paylayıb?

16.09.2016 - 22:13

sahibkarliqAzərbaycanda “Beynəlxalq Bank işi”nə bənzər yeni kredit qalmaqalı yaşana bilər

Bu barədə Gunxeber.com-a danışan məlumatlı mənbənin bildirdiyinə görə,  “Beynəlxalq Bank” dövlətin milyardlarını kredit adı altında yüzlərlə məmur-oliqarx, deputatlar və onlara bağlı şəxslərin şirkətləri arasında bölüşdürdüyü kimi Sahibkarlığa Kömək Milli Fondu da büdcədən ayrılan yüz milyonlarla manatı güzəştli kredit kimi müxtəlif layihələrə dəstək vermək adı altında elə bu qəbildən olan şəxslərə məxsus şirkətlərə paylayıb.
Qeyd edək ki, “Beynəlxalq Bank”la bağlı kredit qalmaqalı gündəmə gəldikdən sonra məlum oldu ki, dövlətin milyardları özlərini böyük iş adamları kimi təqdim edən şəxslərə, nazirlərin himayəsində olan şirkətlərə, hansısa deputatların yaxınlarına verilib. Yaxud da hansısa yüksək vəzifəli şəxsin sürücüsünün, gözətçisinin, qulluqçusunun adına rəsmləşdirilib. O da məlum oldu ki, illərdir cəmiyyətin məşhur iş adamları kimi tanıdığı şəxslərin əksəriyyəti əslində kredit milyonçuları imişlər və “Beynəlxalq Bank” işi gündəmə gəlməsə, heç  dövlətin milyonlarını qaytarmaq fikrində də deyilmişlər.
Uzun illər davam edən bu talançılığın nəticəsi olaraq “Beynəlxalq Bank”ın prezidenti Cahangir Hacıyev başda olmaqla yüz nəfərdən çox iş adamı, bank işçisi və digər bu kimi şəxslər həbs olundular.  Onların bəziləri sonradan müxtəlif şərtlərlə azadlığa çıxa bilsəslər də, bir çoxu hələ də həbsdədir və hazırda “Beynəlxalq Bank işi” üzrə məhkəmə prosesi gedir.
İndi məlum olur ki, dövlətin milyonları təkcə “Beynəlxalq Bank” vasitəsilə məmur-oliqarxların, nazirlərin, başqa yüksək vəzifəli şəxslərin, deputatların əlinə keçməyib. Onlar həm də Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə də milyonlarla manatlıq  güzəştli kreditlər götürərək onları başqa istiqamətə, özlərinin bizneslərini daha da genişləndirməyə yönləndiriblər.
Əslində isə SKMF  ölkədə fəaliyyət göstərən kiçik və orta biznesə yardım etmək məqsədilə yaradılıb. Fondun vəsaitlərinin istifadə istiqamətləri isə bunlar olmalıdır:
–         Ətlik  və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılması;
–         Logistika (qida və qeyri-qida məhsullarının saxlanması,daşınması və satışı ) və yaşıl      market (fermer mağazalarının) mərkəzlərinin yaradılması;
–         Aqroparkların yaradılması;
–         Müasir tələblərə cavab verən meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması;
–         İri fermer təsərrüfatlarının yaradılması;
–         Qarışıq yem istehsalı müəssisələrinin yaradılması;
–         Müasir istixana komplekslərinin yaradılması;
–         İntensiv bağçılıq (üzüm, alma, nar və.s) və ya tingçilik təsərrüfatlarının yaradılması;
–         Müasir çörək istehsalı müəssisələrinin yaradılması;
–         Digər sənaye (yüngül, tikinti, kimya, maşınqayırma və s.) müəssisələrinin yaradılması;
– Kiçik sahibkarlığın (o cümlədən gənclər, qadınlar, əlillər və məcburi köçkünlər) inkişafı.
Amma indiyədək mətbuatda dərc olunan məlumatlara nəzər saldıqda və müxtəlif mənbələrdən gələn məlumatlara diqqət yetirdikdə məlum olur ki,  SKMF-nin fəaliyyəti heç də birmənalı olaraq kiçik və orta biznesin inkişafına yönəlməyib.  Bu fond tərəfindən kreditlərin ayrılmasında ciddi korrupsiya hallarına yol verilməsi və kreditlərin əksər hallarda təyinatı üzrə xərclənmədiyi iddia olunur. Eyni zamanda qeyd olunur ki, SKMF-dan xırda fermerlərin və orta təbəqəyə aid sahibkarların kredit götürülməsi bir çox hallarda mümkünsüz olur. Bu baş tutanda isə fermerlərdən haqq tələb olunur.
Fond dövlətin vəsaitini güzəştli kredit kimi yüksək vəzifəli şəxslər, böyük iş adamları arasında bölüşdürür.  Hələ xeyli əvvəl mətbuatda bununla bağlı konkret faktlar açıqlanmışdı.
Həmin məlumatlarda bildirilirdi ki, fonddan kredit götürənlər ancaq yüksək vəzifəli  məmurlardır ki, bunların da əksəriyyətini icra başçıları, nazir müavinləri, nazirliklərin şöbə müdirləri və digər vəzifəli şəxslər və onların bizneslərini idarə edənlərdir.  Bununla bağlı qeyd olunan faktlardan bir neçəsinə nəzər salaq.  Həmin məlumatlarda bildirilirdi ki,  bu fonddan uzun müddətli aşağı faizlə kredit götürmüş iri ranqlı məmurları arasında keçmiş təhsil naziri Misir Mərdanovun, sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun, hazırda ölkəmizi Serbiya, Bosniya-Herseqovina və Çernoqoriyada təmsil edən sabiq Baş Prokuror Eldar Həsənovun və digərilərinin adları keçir.
Qeyd olunurdu ki, vəzifədən çıxarılmasından bir neçə ay öncə Misir Mərdanov SKMF-nın xəttilə ölkədəki bankların birindən 13 milyon manat kredit götürübmüş.  Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun da bacısı oğlunun adına bu fondun xəttilə külli miqdarda kredit götürdüyü qeyd olunurdu. Həmin kreditin böyük hissəsinin xaricdə sərmayə qoyulduğu bildirilirdi.
Eldar Həsənova gəlincə, hələ o zaman yazılmışdı ki, səfir bir müddət əvvəl qızı Hüseynova Sabina Eldar qızının adına Fonddan 4,8 milyon manat kredit götürüb. Kredit Abşeronda heyvandarlıq kompleksi yaratmaq məqsədi ilə götürülsə də, deyilənə görə, öz təyinatına görə sərf olunmayıb.
Xeyli  sayda icra başçısı və digər  məmurların da bu fonddan güzəştli kreditlər götürərək başqa istiqamətlərə xərclədikləri bildirilir.
Onu da xatırladaq ki, A.M.A.Y Abdulla kimi tanınan “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayevin  SKMF-nin xəttilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etdiyinə görə həbs olunub. Onunla bərabər bu işə görə daha bir neçə nəfər həbs olunub.
Qeyd edək ki, SKMF-nin kreditləri əsasən müvəkkil banklar vasitəsilə həyata keçirilib.
Bu banklar arasında üç bank ötən ilin oktyabrında işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun nəzarətində olub. Bunların “Muğanbank”, “AGBank” və “Dəmirbank” olduğu bildirilir.
Sabiq nazir məhz SKMF-nin müvəkkil seçdiyi bu bankların sənədləri vasitəsilə fondun rəhbəri Şirzad Abdullayevi öz nəzarəti altına ala bilib və böyük məbləğdə kredit layihələrinin maliyyələşdirilməsilə bağlı məlumatları fonddan əldə etdikdən sonra həmin sahibkarların boğazına çöküb.
Bu barədə danışan mənbənin bildirdiyinə görə, artıq bütün bu məsələlər və SKMF-nin ayırdığı güzəştli kreditlərin hansı məmurların, onların ətrafındakıların və böyük iş adamlarının bizneslərinin çiçəklənməsinə yönəldilməsi baərədə dövlətin ən üst düzeyində səhih məlumatlar var. Hazırda bu məsələlərin ciddi şəkildə araşdırıldığı və yaxın vaxtlarda daha bir səs-küylü kredit qalmaqalının gündəmə gələcəyi gözlənilir.  Mənbə iddia edir ki,  bu baxımdan Ş.Abdullayevi C.Hacıyevin aqibəti gözləyə bilər. Eyni zamanda bir sıra məmurların və məşhur iş adamlarının da məşhər ayağına çəkiləcəyi bildirilir.
Dövlətin rəhbərliyində hesab edirlər ki, 2009-cu ildə yaradılan SKMF dövlətin ayırdığı vəsaiti nəzərdə tutulan sahələrin inkişafına yönəltsəydi indi ölkədə iqtisadi vəziyyət azı bir neçə dəfə hazırdakından yaxşı olardı. Kənd təsərrüfatı və digər istehsal müəsissələri inkişaf edərdi və indiki böhran vəziyyətində  bu ölkə iqtisadiyyatının neftdən  və dollardan asılılığını xeyli dərəcədə önləmiş olardı. Göründüyü kimi SKMF-la bağlı çox ciddi məqamlar var və əgər doğurdan da, araşdırmalar başlayıbsa, heç şübhəsiz ki, ortaya ciddi maxinasiyalar çıxacaq.
Onu da qeyd edək ki, əvvəllər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin adamı kimi tanınan Şirzad Abdullayev onun həbsindən sonra postunu qoruyub saxlaya bildi.
Öz sahəsi üzrə peşəkar kimi xarakterizə olunan Ş.Abdullayevin bu durumda SKMF-nın xəttilə ayrılan yüz milyonlarla manat güzəştli kreditlərin vəzifəli şəxslərin əlinə keçməsinin, onlardan təyinatı üzrə xərclənməməsinin, bununla da fondun qarşısına qoyulan  kiçik və orta biznesə yardım etmək  vəzifəsinin öhdəsindən gəlinməməsinin yaratdığı çox ciddi məsuliyyətdən yayına biləcəyi çətin görünür. Hər halda artıq dövlətin üst düzeyinin diqqətini ciddi şəkildə cəlb edən bu məsələlərin hansı nəticələrə aparıb çıxaracağı yaxın vaxtlarda cəmiyyətə bəlli olacaq.
İndiliksə onu demək olar ki, “Beynəlxalq Bank”la bağlı yaşanan kredit qalmaqalı göstərdi ki, dövlət rəhbərliyi bu məsələrə çox ciddi yanaşır və ən sərt cəzalara belə əl atır.
Növbəti yazılarımızda daha hansı məmurlara və onlara bağlı iş adamlarına hansı məbləğlərdə güzəştli kreditlər verilməsi və onların hansı istiqamətlərə sərf olunması haqda yazacağıq.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=75971

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031