“Bütün şərtlər manatın ucuzlaşacağını diqtə edir” – Ekspert
“Eyforiyaya qapılıb manatın bahalaşacağını gözləməyə dəyməz. Çünki manatın bahalaşmasını şərtləndirən amil yoxdur”.
Bu sözləri iqtisadçı ekspert Samir Əliyev maliyyə nazirinin manatla bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Samir Əliyev bildirib ki, dünən maliyyə naziri və baş bankir manatın durumu ilə bağlı qısa olsa da maraqlı açıqlamalar verdilər.
Bu açıqlamalardan aşağıdakı nəticələrə gəldim:
- Manatın üzən məzənnəyə nəzəri olaraq keçib, məzənnə sərt şəkildə idarə olunur
- Manatın mövcud məzənnəsi real deyil, bazarın öhdəsinə buraxılarsa, daha da aşağı düşər
- Hökumət kəskin devalvasiyaya imkan daxilində getməyəcək, ancaq yumşaq devalvasiya davam etdiriləcək
- Manatın məzənnəsi tədiyyə balansının vəziyyətinə uyğun tənzimlənəcək
- Mərkəzi Bank pul kütləsini artırmaq niyyəti yoxdur. Hətta bu baş versə belə digər alətlər vasitəsilə (məsələn, depozit hərracı) bazara yol tapmasına imkan verməyəcək
- Dövlət büdcəsinin xərcləri getdikcə kiçilməkdə davam edəcək
- İdxal müxtəlif üsullarla məhdudlaşdırılacaq
- Əhaliyə kreditlər üzrə güzəştlər olmayacaq
Ekspertin sözlərinə görə, burda yeni fikirlər yoxdur:”Ekspertlər həmişə bu fikirləri səsləndirilib. Maliyyə kapitanlarının fikirlərində isə ehtiyatlılıq kifayət qədər sezilirdi. Xüsusən də manatın məzənnəsinə münasibətdə. Ancaq Mərkəzi Bankın rəhbərinin “məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir” fikrinə rəğmən maliyyə nazirinin manatın möhkəmlənəcəyi ilə bağlı ümidləndirici fikri diqqətdən kənarda qala bilməzdi. Əslində maliyyə naziri də bunun ancaq bir sıra şərtlər daxilində mümkünlüyü qeyd edib.
O şərtlər isə hazırda yoxdur. Ona görə də eyforiyaya qapılıb manatın bahalaşacağını gözləməyə dəyməz. Çünki manatın bahalaşmasını şərtləndirən amil yoxdur. Yeganə şərt olan neftin bahalaşması hələki real görünmür. Bütün şərtlər manatın ucuzlaşacağını diqtə edir”.(qaynarinfo.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=76949