Manatın cüzi bahalaşması müvəqqətidir – Ekspert rəyləri
11.10.2016 - 10:13
Beynəlxalq Bankın hərraclardan çəkilməsi dolları ucuzlaşdırıb,amma…
Milli valyuta olan manat son günlər cüzi də olsa, möhkəmlənməkdədir. Əsas səbəb kimi Beynəlxalq Bankın artıq keçirilən valyuta hərraclarında iştirak etməməsi göstərilir. Bildirilir ki, Neft Fondu sözügedən banka bir milyard dollar depozit yerləşdirdiyindən, bank hərraclardan çəkilib. Ancaq ekspertlər bu halın da müvəqqəti olduğunu bildirirlər.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində məsələ çox bəsitdir: “Neft Fondu Beynəlxalq Banka bir milyard dollar depozit yerləşdirib. Bunun da səbəbi Beynəlxalq Bankın çox ciddi öhdəliklərinin, xarici borclarının olmasıdır. Beynəlxalq Bank valyuta hərraclarında əsas oyunçulardan biri idi. Hərraca çıxarılan valyutanın böyük hissəsini həmin bank alırdı. Ona görə də dollar çatışmırdı, bəzən tələb təklifi xeyli dərəcədə üstələyirdi. Son həftələrdə manatın az da olsa möhkəmlənməsinin səbəbi məhz bununla bağlıdır ki, Beynəlxalq Bank artıq hərraclarda iştirak etmir. Çünki Neft Fondu bankda bir milyard dollara yaxın vəsait yerləşdirib. Həmin vəsaitdən istifadə edərək Beynəlxalq Bank öz öhdəliklərini yerinə yetirməyə çalışır. Demək olar ki, xarici borclarını ödəmək üçün həmin məsrəfdən istifadə edir”.
Ekspertin sözlərinə görə, Beynəlxalq Bankın oyunçu kimi bazardan müvəqqəti olaraq çəkilməsi hərraclarda ajiotajı xeyli dərəcədə səngidib: “Ona görə də son dövrlərdə hərraca çıxarılan valyutanın hamısı banklar tərəfindən alınmırdı. Ən böyük oyunçu iştirak etmədiyinə görə belə idi. Bu da ciddi iqtisadi səbəb deyil. Neft Fondunun depoziti hesabına müəyyən dərəcədə ajiotajın aşağı salınmasına xidmət edir. Manatın da bazar dəyəri olmadığına, məzənnə ancaq inzibati qaydada müəyyən olunduğuna görə Mərkəzi Bank da bu ajiotajın yatmağından istifadə edərək çox cüzi şəkildə manatın möhkəmlənməsini təmin etdi. Bu, iqtisadi səbəb deyildi, bir qərardan irəli gələn məsələ idi. Ona görə də düşünürəm ki, həm Neft Fondunun ehtiyatlarının qorunması nöqteyi-nəzərindən, həm hökumətin öz strategiyası nöqteyi-nəzərindən sərf etmir ki, manat xeyli dərəcədə möhkəmlənsin. Yəni bunun çox ciddi şəkildə möhkəmlənməsinin qarşısını alacaqlar, imkan verməyəcəklər manat çox möhkəmlənsin. Bu, sərf etmir”.
N.Cəfərli qeyd edib ki, manat möhkəmləndikcə, Neft Fondundan büdcəyə dollar transfertlərinin həcmi artır:“Neft Fondu büdcəyə transfertləri manatla etməlidir. Manat nə qədər ucuz olursa, obrazlı desək, az dollar xırdalayır. Manat möhkəmləndikcə daha çox dollar xırdalamağa məcbur olur. Ona görə də Mərkəzi Bank da, hökumət də manatın ciddi şəkildə möhkəmlənməsində maraqlı deyil. Düşünmürəm ki, yaxın gələcəkdə manatın çox ciddi möhkəmlənməsinin şahidi olacağıq. Çox güman ki, manat əvvəlki aylarda olduğu kimi yenidən rəsmi məzənnə 1,55-1,65 arası gedib-gələcək. Çünki bunun siyasi tərəfi də var. Məlumatlar var ki, bu ilin sonunda növbədənkənar seçkilər ola bilər. Düşünürəm ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi gözləntisi var. Seçki təyin olunacaqsa, ona qədər manatın məzənnəsində ciddi oynamalara gedilməyəcək, Mərkəzi Bank buna imkan verməyəcək”.
Ekspert Əkrəm Həsənov isə musavat.com-a deyib ki, manatın cüzi olaraq möhkəmlənməsi Neft Fondunun depozitindən birbaşa asılı məsələdir: “Deyilənə görə, Neft Fondu Beynəlxalq Banka depozit qoyub. Depozit əmanətdir. Bununla da faktiki olaraq Neft Fondu Beynəlxalq Banka dollarla borc verib. Buna görə də Beynəlxalq Bankın dolları çoxalıb. Dolları olduğuna görə də bank dollar hərraclarında iştirak etmir. Ən çox dollara ehtiyac olan bank da Beynəlxalq Bank idi. Ən böyük bank kimi onun daha çox dollar ehtiyacı vardı. Buna görə də belə çıxır ki, ölkədə dollara tələbat azalıb. Əslində azalmayıb. Beynəlxalq Bank dolları başqa yolla əldə edib.
Xarici öhdəliklərini yerinə yetirib yəqin. Beynəlxalq Banka dollar elə-belə lazım olmayıb. Yəqin hansısa öhdəliklərinin vaxtı çatıb. Neft Fondundan, faktiki, borc alıb. Dolları o yolla aldığı üçün hərracdan almayıb. Buna görə dollara tələbat azalıb. Manatın qiymətinin son bir neçə həftə ərzində Mərkəzi Bank tərəfindən bahalaşdırmaması o deməkdir ki, Mərkəzi Bank bilib ki, onsuz da gəlib dollar alan yoxdur. Ona görə də dolların qiymətini ucuzlaşdırır. Amma bu, əlbəttə, çox çəkməyəcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=78496