Gədəbəyin “sarı qızıl”ı – büdcəmiz nə qazanacaq?
19.10.2016 - 10:22
Bildirilir ki, davamlı olaraq qiymətli metalın hasilatına şərait var, ekspertlər nikbindir…
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo-Asian Mining Plc.” şirkəti “Gədəbəy” yatağının yeni ərazisində qızıl kəşfiyyatı aparmaq məqsədilə lisenziya alıb. “Report”un xəbərinə görə, yeni yataq “Uğur” adlandırılıb. “Uğur” şirkətin qələviləşdirilmiş plantasiyasının 3 km Şimal-Qərbində yerləşir.
Şirkətin baş icraçı direktoru Rıza Vəziri deyib ki, bu yatağın çox böyük əhəmiyyəti var: “İnanıram ki, ”Anglo-Asian” çox əhəmiyyətli mövqedədir. Bu mövqe “Gədəbəy”də davamlı olaraq hasilata şərait yaradacaq”. Xəbərə görə, aparılmış 20 müxtəlif testin nəticəsində aşkar edilib ki, qiymətli metal 360 metr dərinliyə qədər yerləşir. 34 metrə qədər hər tona 0,39 qram qızıl düşür. Açıqlamada qeyd edilir ki, gələcəkdə “Uğur”un kəşfiyyat ərazisi 1500 metrə qədər cənuba genişləndiriləcək. Artıq “Anglo-Asian Mining Plc.” işin ilkin fazasında ümumi dərinliyin ölçülməsi və minerallaşmanın xüsusiyyətlərinin öyrənilməsinə başlayıb. Əsas işlərə isə 2017-ci ildə başlanması nəzərdə tutulur.
“Anglo-Asian Mining Plc.” şirkəti Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı Rıza Vəziriyə məxsus “R.V.Investment Group Services, LL USA” şirkətidir. “R.V.Investment Group Services LL USA” şirkəti “Gədəbəy” yatağında qızıl hasilatı üzrə layihədə 51, Azərbaycan tərəfi isə 49 faiz paya sahibdir. Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatının olduğu güman edilir.
Ekspertlər musavat.com-a qızıl yatağının gələcək perspektivləri barədə fikirlərini bölüşüblər.
Ekspert Fikrət Yusifov bildirib ki, Azərbaycan təbii sərvətləri ilə çox zəngin bir diyardır: “Azərbaycanda tək qızıl ehtiyatları deyil, bizə bəlli olan əksər təbii ehtiyatlar var. Yəni Gədəbəydə yeni qızıl yatağının aşkarlanması heç də təsadüfi bir hal deyil. Azərbaycan özünün qızıl ehtiyatlarına görə MDB məkanında aparıcı yerlərdən birinə sahibdir. Yeni qızıl yataqlarının aşkar olunması o deməkdir ki, biz ehtiyatlarımızı bir qədər də artıra bilərik. Hər hansı bir ölkənin beynəlxalq sahədə maliyyə durumu, reytinqi müəyyən edilərkən dəyər, qiymət verilən əsas göstəricilərdən biri də ölkənin valyuta, qızıl ehtiyatlarının olmasıdır. Valyuta ehtiyatlarımız kifayət qədər çoxdur, 40 milyard ABŞ dolları civarındadır. Qızıl ehtiyatlarımızın da səviyyəsinə görə bizim MDB məkanında aparıcı yerə qədər gəlib çıxmağımız o deməkdir ki, sabah hər hansı bir reytinq agentliyi Azərbaycanın reytinqini müəyən edərkən bu göstəriciyə görə yüksək qiymət verə bilər. Yeni qızıl yataqlarının aşkar olunmasına gəldikdə, ilk növbədə baxmaq lazımdır orada qızıl nə qədərdir. Ehtiyatların həcmini dəyərləndirmək lazımdır. Əgər bu həcm böyük olarsa, demək, bizim praktik olaraq daha yaxşı valyuta, qızıl ehtiyatlarımız formalaşır. Xüsusən bunun aparıcı rolu olacaq”.
Ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında deyib ki, əslində ilk olaraq qızılın həcmi və işlətməsi ilə bağlı doğru-dürüst məlumatlar lazımdır: “Bunu bilmək lazımdır ki, istehsal gücü nə qədər olacaq. Bu qızılın hasil olunması üçün nə qədər zamana ehtiyac var. Bundan sonra təbii ki, dünya bazarında qızılın qiymətinin təqribən bir unsiyasının 1300-1350 dollar civarında dəyişməsi kifayət qədər böyük gəlirlərin gəlməsinə şərait yarada bilər. Sadəcə, bizim nə qədər istehsal etmə gücümüzün olması öyrənilməlidir. Bunun dünya bazarlarına çıxarılması məsələsi həll olunmalıdır. Çünki Azərbaycana kifayət qədər texnologiyaların gəlməsinə ehtiyac var bununla bağlı. Bu günə qədər bir çox hallarda qızılın cilalanması, təmizlənməsi, yüksək ayarlı hala gətirilməsi Azərbaycandan kənarda həyata keçirilirdi. Ona görə də həmin yataqlarda kifayət qədər böyük həcmdə qızılın olması təsdiqlənərsə, təbii ki, Azərbaycana böyük məbləğdə valyutanın gəlməsinə şərait yarada bilər. Amma düşünmürəm ki, bu, neftdən gələn gəlirləri əvəz etmək iqtidarında olacaq. Çünki elə illər olub ki, neftdən Azərbaycan 27 milyard dollar pul qazanıb. Düşünmürəm ki, qızıldan bu qədər pul qazanılması mümkün olsun”.
Short URL: http://www.cumhuriyyet.net/?p=79533