Dünya alternativ enerjinin bir addımlığındı; bəs Azərbaycan?
25.10.2016 - 12:01
İlham Şaban: “Əgər hökumət uzaqgörənlik edib 5 il qabağı görmürsə, bu sahə inkişaf edə bilməz”
Alternativ enerji bu gün bütün dünyanın diqqətində olan məsələdir. Bununla dünyada gücü, siyasi münasibətləri müəyyənləşdirən neft və qaz belə zamanla arxa plana keçə və dünya bazarındakı mövqeyini itirə bilər. Artıq inkişaf etmiş ölkələrin əksəriyyətində əhalinin istifadə etdiyi enerjinin ciddi bir hissəsi alternativ enerji mənbələrinin hesabına əldə olunur. Bəs, ölkəmizdə niyə bu sahə inkişaf etmir? Niyə hər zaman, hər sahədə olduğu kimi Avropa ölkələrindən on il geridəyik? Alternativ enerjidən istifadə Azərbaycana nə verə bilər?
“Yeni Müsavat”ın suallarını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, Azərbaycanda bu sahənin inkişafı üçün Avropanın keçdiyi yol öyrənilməlidir: “Alternativ energetikanın inkişafı üçün Azərbaycanın yeni kəşflər etməsinə ehtiyac yoxdur. Bunun üçün Avropa təcrübəsinə nəzər salmaq kifayətdir. 2005-ci ildə Avropa Komissiyasının qəbul etdiyi qərarlar, qətnamələr, qanunlar, onların 11 ildə həyata keçirdiyi işlər, imza atdıqları uğurlar bizim üçün nümunə olmalıdır. 2005-ci ildə qərar verildi ki, 15 ilə alternativ enerjinin payını 20 faizə çatdırmaq lazımdır. Qarşılarına belə bir məqsəd qoymuşdular. Ümumi enerji balansının 20 faizinin alternativ enerjidən əldə olunması çoxlarına mif kimi görünürdü. Elə ölkələr oldu ki, cəmi 5 il sonra, yəni 2010-cu ildə həmin 20 faizlik baryeri aşa bildi. Bunun da ən böyük rolu o idi ki, bütün məsələlər kompleks şəkildə həll edilirdi. Kompleks şəkil nə deməkdir? Bir tərəfdən alternativ enerjiyə dəstək verirlər, digər tərəfdən, məişətdəki, sənayedəki, bütün sahələrdəki yeni texnologiyaları alternativ enerjinin tətbiqinə uyğun yaradırlar. Azərbaycanda hələ 2010-cu ildə təzə-təzə qənaətli ağ lampalar istifadəyə buraxılanda, deyirdilər ki, gözdə xərçəng xəstəliyi yaradır. Bu şayiəni də volframlı lampaları satan adamlar, bu biznesin sahibləri ortaya atırdı”.
Ekspertin sözlərinə görə, alternativ enerjinin tələblərinə uyğun texnologiyaların sənayedə və məişətdə tətbiqi tam fərqli sahələrdir: “Əgər evdə hər hansı alternativ enerji qurğusundan istifadə etmək istəyirsinizsə, həmin evdəki bütün məişət avadanlıqları daha az enerji ilə çalışmalıdır. Əgər sizin neçə min kilovatlıq soyuducunuz varsa, ondan daha aşağı səviyyədə enerji sərf edən cihazlarla əvəz edilməlidir. Bunun üçün də hökumət müvafiq addımlar atmalı və qənaətcil məişət texnologiyalarının ölkəyə gətirilməsi istiqamətində işlər görməlidir. Hökumət köhnə avadanlıqlarınızı sizdən almalı və onu yenisi ilə əvəz etməlidir.
Ancaq bu, Azərbaycan hökumətinə xas olan addım deyil. Sadə bir misal çəkəcəyəm. Hökumət 10 milyardlarla neft gəlirlərinin axdığı zaman ölkəyə innovativ texnologiyaların gətirilməsinə vəsait qıymadı. 2016-cı il başa çatır, hələ bu ölkədə televiziya yayımı rəqəmsal texnologiyaya keçməyib, bir kanal normal yayım edə bilmir. Ölkə o vəziyyətdədir ki, nə AzTV, nə İctimai TV HD yayımda yayımlanmır. Burada hökumət, sadəcə, rəqəmsal televiziyaların ölkəyə gətirilməsi üçün gömrükdə dövlət rüsumunu 40-50 manat aşağı salmalı idi. Halbuki bizdə satılan televizor Moskvada 2 dəfə ucuzdur. Bu, hökumətin yeni texnologiyaya münasibətini əks etdirir”.
İ.Şabanın fikrincə, alternativ enerji sahəsi də məhz bu səbəbdən inkişaf edə bilmədi: “İndi alternativ energetika üzrə 2009 – cu ilin avqustunda dövlət qurumu yaradılıb və açıqlama verirlər ki, bu sahəyə 900 milyon sərmayə qoyulub. Bir nəfər də ortaya çıxıb hesablamır ki, bu vəsait hara gedib. Bu vəsaitlə bilirsinizmi nə qədər iş görmək olardı. 200 meqavatlıq bir elektrik stansiyası tikib istifadəyə vermək üçün təqribən 240 milyon manat civarında vəsait lazımdır. Bununla 5 ədəd elektrik stansiyası tikmək olardı. Bəs biz alternativ energetikaya bu qədər vəsait xərcləyib nə əldə etmişik? 9 ayın nəticələrinə görə, alternativ enerjidən cəmi 51 milyon kilovat saat elektrik enerjisi almışıq. Bu, Dövlət Statistika Komitəsinin rəsmi məlumatıdır. Bəs biz nə vaxt alternativ energetikadan normal istifadə edəcəyik. Bu üsulla davam etsə, faktiki, heç vaxt”.
İlham Şaban qarşıdakı 5 ildə Azərbaycanın alternativ enerji mənbələrinə ciddi ehtiyac duyacağını, lakin bu işlərə artıq indidən başlamaq lazım gəldiyini vurğuladı: “Onu da nəzərə almaq lazımdır ki, ölkədə qaza tələbat artır. Artıq elektrik enerjisinin istehsalında mazutdan da istifadə etməyə başlamışıq. Yarım milyon ton mazut elektrik istehsalı üçün istifadə edilir. Çünki qazla bağlı defisit yaranıb və həmin defisitin bir hissəsini mazutla əvəz edirik. Azərbaycan bir də qardaş Türkiyəyə baxsın və görsün ki, Şərqi Anadoludan İstanbula kimi bütün insanlar özlərinin isti suya olan tələbatını, həm məişətdə, həm sənayedə, həm turistik obyektlərdə alternativ enerji mənbələri hesabına ödəyirlər. Onlar hətta buludlu havada belə 50 dərəcəyədək isti su əldə edə bilən avadanlıqlardan istifadə edirlər. Onun qiyməti də baha deyil, 500 dollardır. Azərbaycanda bu sistem bir neçə hoteldə və istirahət mərkəzində var. Ancaq insanlarda yoxdur. Hökumət niyə buna cəhd eləmir? Azərbaycanda iki milyona yaxın qaz istifadəçisi var. Regionlarda, paytaxtda isti su üçün qazdan istifadə olunur. Bu cür alternativ enerji istehsal edən avadanlıqlar ölkəyə nə qədər xeyir verərdi? Hökumət bu addımı niyə atmır?
Bu işləri niyə iş adamlarına həvalə etmir? Deməli, burada maraqlı qüvvələr var ki, qazın itkisində, qazla elektrik enerjisinin yüz milyonlarla manata yaxın qarşılıqlı borclarında, sonra bunu silmək adı ilə bir neçə dövlət qurumlarının iştirakında öz maraqları var. Adi bir biznesmenin nə isə etməsi mümkünsüzdür. Əgər hökumət uzaqgörənlik edib 5 il qabağı görmürsə, bu sahə inkişaf edə bilməz. Hökumət nəzərə almalıdır ki, əhalisinin sayı artır, sənaye müəssisələrinin sayı artır, hamısı da qazla işləyir. Bunun sonu necə olacaq? Bunun ən gözəl çıxış yolu itkilərin azaldılması, ikinci yolu isə insanları alternativ enerjidən istifadəyə təşviq etməkdir. Əgər bu işlər görülməzsə, çox ciddi problemlər yarana bilər.
Xaricdə alternativ enerji ümumi istehlakın böyük bir hissəsini əhatə edir. Artıq Almaniyanın elə şəhərləri var ki, 2016-cı ildə yüz faiz alternativ enerji mənbələri ilə işıqlandırılıblar. Kanadada, Danimarkada da elektrik enerjisindən çox istifadə olunur. Ən yüksək faiz dərəcəsi Danimarkadadır, təxminən 40 faiz civarında bu ölkə əhalisi alternativ enerjidən faydalanır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=80092