Mərkəzi Bankın banklardan manat istəməsinin pərdəarxası…

27.10.2016 - 10:27

milli-bank2Ekspertlər depozit hərraclarına marağın azlığının səbəblərini izah edirlər…

Mərkəzi Bank son dövrlər dəfələrlə depozit hərracları keçirsə də, istədiyi məbləği yığa bilmir. Son olaraq vəsaitlərin cəlb edilməsi üzrə 50 milyon manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 24 milyon manat təşkil edib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,37 faiz olub. Ekspertlər depozit hərraclarında marağın azlığının səbəblərini açıqlayırlar. Bildirilir ki, əsas səbəb bankların inamının olmamasıdır. 
Ekspert Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a bildirib ki, Mərkəzi  Bank tərəfindən təşkil edilən depozit hərraclarında kifayət qədər vəsaitin toplanmamasının başlıca səbəblərindən biri ölkədə milli valyutanın məzənnəsinin dayanıqlı şəkildə yüksəlməsinə inamın xeyli dərəcədə  azalmasıdır: “Belə ki, elə kommersiya banklarının depozit bazasının struktur təhlilindən də bunu rahatlıqla müşahidə etmək mümkündür. Artıq xeyli müddətdir ki, banklarda yerləşdirilən depozitlərin tam əksəriyyəti xarici valyutada ifadə olunur. Ümumiyyətlə, ölkədə devalvasiya prosesinin başlanmasından  sonra bank xidmətləri istehlakçıları nisbətən orta və uzun müddətli perspektivdə əmanətlərini milli valyutada saxlamaqdan çəkinirlər. Bunun artıq trend halına çevrilməsinin daha bir göstəricisi SOCAR tərəfindən daxili bazarda istiqrazların xarici  valyutada yerləşdirilməsi məlum olduqdan sonra ölkədə həmin  istiqrazlara marağın Mərkəzi Bankın depozit hərraclarına olan maraqdan xeyli dərəcədə çox olmasıdır.
Bundan başqa, son aylarda banklar tərəfindən milli valyutada yerləşdirilən depozitlərə görə ödənilən faizlərin ilin əvvəlinə və ilk devalvasiyaya qədərki dövrə nisbətən xeyli dərəcədə artırılması Mərkəzi Bankın depozit hərraclarına marağın xeyli dərəcədə azalmasına səbəb olub. Məlumdur ki, hazırda Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanan əmanətlərin maksimal faiz göstəricisi artıq 15-ə çatıb. Belə olan halda, Mərkəzi Bankın daha aşağı faizlərlə təşkil edilən depozit  hərraclarına marağın azalması məntiqlidir. Eyni zamanda ölkə iqtisadiyyatında həyata keçirilən sərt monetar siyasət  nəticəsində pul kütləsinin həcmi kəskin şəkildə azaldılıb və  buna görə də hərraclara cəlb edilməsi mümkün olan pul bazasının da azalması müşahidə olunur. Belə vəziyyətdə artıq mövcud olan manat resurslarının əksər hissəsinin depozitlərə deyil, bilavasitə istehlaka yönəldilməsi təbiidir”.
Ekspertin sözlərinə görə, iqtisadi bloka daxil olan qurumlar tərəfindən ölkədə sərt pul siyasətindən real sektorun inkişafına yönəlmiş siyasətə keçidlə bağlı tədbirlər qısa müddətdə işlənilib  tətbiq olunmalıdır:“Çünki yalnız monetar alətlərin tətbiqi ilə mövcud iqtisadi problemləri  həllinə nail olmaq mümkün deyil. Bu baxımdan, uçot dərəcəsinin artırılması, depozit hərraclarının təşkili və digər bu növ addımlar orta və uzun müddətli perspektiv üçün məqsədəuyğun hesab oluna bilməz. Məlumdur ki, bu tədbirlərin başlıca məqsədi manat  resurslarına tələbatın artırılması yolu ilə həmin resursların dollara çevrilməsinin qarşısının alınmasıdır. Lakin buna milli iqtisadiyyatda manat kütləsinin sıxılması vasitəsilə yox, ilk növbədə, maliyyə resurslarının təyinatı üzrə istifadə edilməsi mexanizmlərinin tətbiqi şərti ilə, real sektora yönəldilməsi yolu ilə nail olmaq məqsədəuyğundur”.
Qeyd edək ki, bəzi ekspertlər Mərkəzi Bankın depozit hərraclarının bankların durumunda dəstək olduğunu bildirirlər. Ekspertlərin fikrincə, son aylarda banklar tərəfindən  milli valyutada yerləşdirilən depozitlərə görə ödənilən faizlərin ilin əvvəlinə və ilk devalvasiyaya qədərki dövrə nisbətən xeyli dərəcədə artırılması da səbəblərdən biridir. Əksər ekspertlər isə qeyd edirlər ki, depozit hərracları bankların sərəncamında olan milli valyutanın yığılmasına görə keçirilir. Mərkəzi Bank qorxur ki, banklar milli valyutanı dollara çevirmək istəyər. Nəticədə manata təzyiq arta bilər, valyuta ehtiyatlarımız azalar. Mərkəzi Bank bu səbəbdən depozit hərracları keçirərək artıq pulları almaq istəyir. Banklar isə əllərində olan bütün pulları Mərkəzi Banka vermirlər, həm etibar etmirlər, həm də manatın növbəti ucuzlaşmasından narahatdırlar.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=80287

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930