“Uçot dərəcələri artırılarsa…” – Dekabrda devalvasiya anonsu
ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrda uçot dərəcələrinin artırmaq ehtimalı oktyabrın 24-də 71% təşkil edib.
“Bloomberg” agentliyinin verdiyi məlumata görə, FES-in uçot dərəcələrinin artırmaq ehtimalının güclənməsinə səbəb kimi ABŞ iqtisadiyyatındakı göstəricilərin yaxşılaşması və FES idarə heyəti üzvlərinin müsbət açıqlamaları göstərilib. Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında səsvermə haqqına sahib olan FES üzvü St. Louis ştatı FES rəhbəri Ceyms Bullard(James Bullard) bildirib ki, uçot dərəcələrinin artırılması üçün ən uyğun zaman dekabr iclasıdır. Çikaqo ştatı FES rəhbəri Çarlz Evansa(Charles Evans) görə isə 2017-ci ilin sonuna qədər FES 3 dəfə faiz artırmalıdır.
Ekspertlərin və analitiklərin fikrinə görə, FES-in uçot dərəcələrinin artırma ehtimalı gücləndiyindən ilin sonuna bu qərarın veriləcəyi proqnozlaşdırılır. Belə olan təqdirdə Azərbaycan üçüncü dəfə kəskin devalvasiya ilə üz-üzə qalacaqmı?
İqtisadçı ekspert Azər Mehtiyevin Qaynarinfo.Az-a açıqlamasına görə, uçot dərəcələrinin artırılması ehtimalı dekabrda baş verə bilər və bu həm neftin qiymətinə, həm də manat kimi zəif valyitalara təsir göstərəcək:
“Azərbaycan iqtisadiyyatının indiki durumu bunu deməyə əsas verir ki, manatın taleyi barədə hələ də xoş söz demək düzgün deyil. ABŞ Federal Ehtiyat Sistemi elan etmişdi ki, bu il bir neçə dəfə uçot dərəcəsini qaldırmaq niyyətindədir. Lakin bir dəfə uçot dərəcəsi qaldırıldı, sonrakı mərhələlərdə bu fikirdən daşındı. Gözlənilən budur ki, FES bu ilin sonuna uçot dərəcəsini qaldırsın. Bu tam qəti fikir deyil. Ancaq böyük ehtimalla dekabr ayında uçot dərəcəsinin qaldırılması baş verə bilər. Bu baş verərsə, həm neftin qiymətinə təsir edəcək, həm də Azərbaycan manatı kimi zəif valyutalara birbaşa təsir edəcək. Dekabra qədər neft bazarında gedən proseslər də izlənilir və görünən budur ki, neftin qiymətində kəskin qiymət artımı olmayacaq. Bu halda uçot dərəcəsinin qaldırılması neftin qiymətinin bir qədər də aşağı düşməsinə təsir edəcək. Bu da manat üçün ciddi təsirlərə gətirib çıxara bilər. Manat ucuzlaşmaqda davam edəcək və təəssüf ki, Azərbaycan iqtisadiyyatı manatın kursunun kəskin aşağı düşməsinin qarşısını almaq gücündə deyil”.
Short URL: http://www.cumhuriyyet.net/?p=80324