Qızıl bahalaşır – Bundan kim və necə faydalanacaq?
29.10.2016 - 10:08
Natiq Cəfərli: “Qızıl həmişə yatırımlar, investorlar üçün güvənli liman rolunu oynayıb”
Qızılın qiyməti bahalaşıb. Amerika fond bazarında Dow Jones indeksi 0,16% – 18 169,68 bəndədək, S&P 500 0,30% – 2 133,04 bəndədək, NASDAQ 0,65% – 5 215,98 bəndədək azalıb. “APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,14% – 6 986,57 bəndədək, Almaniya DAX-ı 0,07% – 10 717,08 bəndədək bahalaşıb, Fransa CAC-40-ı isə 0,02% – 4 533,57 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 2,70 dollar bahalaşaraq 1 272,20 dollar, gümüş isə 0,04 dollar bahalaşaraq 17,68 dollara satılıb.
Maraqlıdır, qızılın qiymət artımından necə faydalanmaq olar?
İqtisadçı-ekspert Natiq Cəfərli qızılda müəyyən yatırımlar saxlamağın riskli olduğunu dedi: “Qızıl həmişə yatırımlar, investorlar üçün güvənli liman rolunu oynayıb. Dünya iqtisadiyyatında anlaşılmaz proseslər baş verdikdə, müəyyən təlatümlər olduqda investorlar öz yatırımlarını qızılda saxlamağa üstünlük verirlər. Son zamanlar avro zonada baş verən proseslər, İngiltərənin Avropa Birliyindən çıxması və digər proseslər yatırımçıları öz vəsaitlərinin bir hissəsini qızılda saxlamağa üstünlük verməsi ilə nəticələnib. Dünyada əsasən qiymətli kağızların bazarında da tez-tez təlatümlər və çaxnaşmalar olduğunu nəzərə alsaq, məsələn ”Samsung” şirkətinin son zamanlarda səhmlərində 28 faizə yaxın ucuzlaşma oldu. Yəni yatırımçılar bu qiymətli kağızlarda da tez-tez dalğalanmalar olduğunu nəzərə alaraq qızılı seçməyə üstünlük verirlər. Təbii ki, bu da qızılın bahalaşmasına səbəb olur. Son zamanlarda qızılın bahalaşması xeyli dərəcədə sürətlənib. Amma düşünürəm ki, bu da təhlükəli alətdir. Çünki dünya iqtisadiyyatında dalğalanmalar sakitləşən və yatırım, risk iştahanı artan kimi, bəzi qiymətli kağızlarda yüksəlişlər olur. Bu halda yatırımcı yenidən daha aktiv bir şəkildə başqa alətlərdən istifadə etməyə çalışacaq və qızıldan öz aktivlərini çıxardaraq digər aktivlərə yönəldəcək. Çünki səhm bazarlarında risk olsa da gəlirlər daha yüksək olur. Məncə, Amerika Birləşmiş Ştatları burada çox böyük rol oynayacaq. Çünki ABŞ digər ölkələrə və böyük
iqtisadiyyatlara nisbətən iqtisadiyyatını daha tez bərpa etməyi bacarır və getdikcə daha çox qazanclı çıxmağı bacarır. Düşünürəm ki, bir müddət sonra yatırımçılar yenidən Amerika səhmlərinə yönəlməyə üstünlük verəcəklər. Bu nöqteyi-nəzərdən düşünürəm ki, qızılda da öz yatırımlarını saxlamaq müəyyən risk təşkil edir. Hazırkı məqamda və üzümüzə gələn aylarda qızıl yatırım üçün daha güvənli bir alətdir. Ona görə də bahalaşmanın bir müddət davam etməsi ehtimalı hələ çox yüksəkdir”.
Qızıl almaq istəyənlərə məsləhətlərə gəlincə isə N.Cəfərli əhalinin bir müddət sonra köhnə qaydada qızıl alıb-satmağa üstünlük verəcəyini dedi: “Əslində Azərbaycanda qızıl bazarı çox spesifik bir bazardır. Çox zaman satışla alış arasında bəzən iki dəfəyə qədər fərq yaranır. Bu da əsasən ölkədəki iqtisadi vəziyyətlə əlaqəlidir. İllərlə əldə etdiyi qazanclarının bir hissəsini Azərbaycanda da qızılda saxlamağa üstünlük verən böyük bir kəsim var idi. İndi aktivlik zəiflədikcə, bəziləri iş yerlərini, gəlirlərini itirdikcə qızıllarını satmağa üstünlük verirlər. Satarkən isə çox ucuz qiymətə təklif olunur. Qızıl alveri ilə məşğul olanlar da bunu onunla əsaslandırırlar ki, onların da bazarında ciddi zəiflik var, alıcılıq qabiliyyəti düşüb və onlar da qızılı alarkən risk edirlər.
Riskin problemini də qiymətdə əks etdirməyə çalışırlar. Qızılı daha ucuz almağa çalışırlar ki, ən azından riskli itkilərlə qarşılaşmasınlar. Ona görə də düşünürəm ki, Azərbaycanda əhali bir müddət sonra köhnə qaydada, yəni qohum tanış vasitəsilə kimə qızıl lazımdırsa, kim satırsa, almaq istəyirsə, əlaqələrin qurulması vasitəsilə öz alqı-satqılarını həyata keçirməyə çalışacaqlar. Çünki qızıl dükanları və yaxud da zərgərlərlə işləmək daha sərf etmir. Çox ucuz alırlar, satanda isə çox baha satırlar. Amma zərgərlər və bu işlə məşğul olanlar anlamalıdır ki, insanların alıcılıq qabiliyyəti düşdükcə onların satış həcmi və gəlirləri də düşəcək. Ona görə də qiymətləri çox qaldırmağın da bir anlamı yoxdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=80519