Güzəştli mənzil sistemi: aylıq 200 manatdan az

17.11.2016 - 10:15

vuqarGələn ildən sosial mənzillərə sahib olmaq üçün müraciətlər başlanıla bilər.

Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, prezidentin Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” fərmanı ilə Azərbaycanda gələn ilin mayın 1-dək “güzəştli mənzil” sistemi yaradılacaq:

“Bu fərman mənzil probleminin həllində yeni bir mərhələ kimi qiymətləndirilir. Çünki sənəd artıq gələn ildən sosial mənzillərə müraciətlərin əlçatanlığını təmin edəcək”.

Sözügedən sənəddə nələrin nəzərdə tutulduğuna və sosial evlərin hansı şərtlərlə təklif ediləcəyinə gəlincə, iqtisadçının sözlərinə görə, əvvəla, fərman “Elektron hökumət” portalında “güzəştli mənzil” sistemi yaradılmasını nəzərdə tutur:

“Bu o deməkdir ki, vətəndaşlar elektron portal vasitəsilə güzəştli mənzillərə müraciətə çıxış imkanı əldə edəcəklər.

İkincisi, sistemə sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı və şərtlər daxil ediləcək. Yəni sosial mənzil almaq istəyən şəxs sistemə daxil olaraq hansı sənədlərin tələb edilməsi, şərtlər, o cümlədən otaqların sayından asılı olaraq mənzilin qiyməti və digər məlumatlar ilə tanış ola biləcək.

Üçüncüsü, bu sistem mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətini real vaxt rejimində qeydiyyata alaraq MİDA Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərəcək. Bu zaman vətəndaş müraciət etdikdən sonra onun müraciəti güzəştli mənzil inşaatına məsul olan qurumla bölüşdürüləcək.

Dördüncüsü, sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və müraciətçinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatları, o cümlədən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatları qeydə alınacaq.

Beşincisi, bu məlumatların vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatı aparılacaq və bu da şəffaflıq baxımdan olduqca vacibdir.

Altıncısı, cəmiyyətin sərəncamında olan mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinet yaradılacaq. Bu müraciətçiyə imkan verəcək ki, öz müraciəti ilə bağlı prosesi birbaşa izləyə bilsin.

Yeddincisi, fərman güzəştli mənzillərin ipoteka və xüsusən də sosial ipoteka vasitəsilə əldə edilməsinə imkan verəcək. Güzəştli mənzilin üç il müddətində icarəyə və ya kirayəyə verilməsinə, həmin müddətdə özgəninkiləşdirilməsinə məhdudiyyət tətbiq ediləcək”.

V.Bayramov qeyd edib ki, ilk il 2 min mənzil istifadəyə veriləcək və daha sonra isə hər il 3 min mənzilin vətəndaşlara təklif olunması hədəflənir:

“Güzəştli mənzillər Bakıda Yasamal rayonunda olacaq. Eyni zamanda, digər şəhər və rayonlarda da mərhələli şəkildə mənzillər inşa ediləcək. Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Təbii ki, 3 otaqlı mənzil üçün ödənişin aylıq 300 manatdan az olmasına çalışılır. 2 və 1 otaqlı mənzillər üçün aylıq ödəniş müvafiq olaraq aşağı olacaq və aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir. Güzəştli mənzillər ümumi illik mənzil tələbatının 10 faizini təşkil edəcək. Mənzillərin sahəsi ekonom olacaq. Gözlənilir ki, 3 otaqlı mənzillərin sahəsi təxminən 70, 2 otaqlar isə 45 kvadrat metr olacaq. Bütövlükdə yeni sistem mənzili olmayan, amma güzəştli şərtlərlə aylıq ödəniş etmək imkanı olanları ev sahibi edə biləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=82082

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31