İpoteka fondunun istiqrazlarına müştəri yoxdursa…

22.11.2016 - 17:59

cf612cb4-a7c8-4eab-9ba4-52254c506192_cx3_cy5_cw81_w987_r1_s_r1Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) «Azərbaycan İpoteka Fondu» (AİF) ASC-nin 50 milyon manatlıq təminatlı ipoteka istiqrazlarının baza emissiya prospektini təsdiqləyib. İndiki gərgin maliyyə-iqtisadi durumda onların bazarda necə yerləşdirilməsi sual doğurur.

Sualı cavablayan ekspertlərin də fikri haçalanır.

İpoteka istiqrazlarını illik 3 faizlə yerləşdirmək nəzərdə tutulur. Məsələ burasındadır ki, həmin faiz dərəcəsi investorlara ölkənin bank-maliyyə sektorunda ciddi problemlərin yaşanmadığı dövrdə vəd edilib. MBNP-də AzadlıqRadiosu-na deyiblər ki, qiymətli kağızların dövriyyə müddəti 3 min 600 gün müəyyənləşdirilib.

«Ola bilər, AİF-in hazır müştərisi var»

«Kapital Menecment İnvestisiya Şirkəti» ASC-də bildiriblər ki, ola bilər, AİF-in bu kağızlara real müştərisi var, əks halda onları yerləşdirmək asan məsələ olmayacaq: «Bazarın əsas fiqurları bank və sığorta şirkətləridir. Onlar dövlət qiymətli kağızlar sektorunda təklif olunan və daha yüksək gəlir verən istiqraz və notları alırlar. Bu qiymətli kağızların gəlirliliyi illik 15 faizin üzərindədir. Belə bir şəraitdə 3 faizlik AİF istiqrazlarının uğur gətirəcəyindən tam əmin deyiləm», – şirkətin analitiki Cəfər İbrahimlinin sözləridir.

«Bu gəlir dərəcəsiylə də istiqraza müştəri tapmaq olar»

«İnvest-AZ İnvestisiya Şirkəti» QSC-də isə AİF istiqrazlarının öz müştərisinin olduğunu düşünür. Şirkətdə AzadlıqRadiosu-na bildiriblər ki, bank və sığorta şirkətlərinin hətta ən aşağı faiz dərəcəsi ilə bu qiymətli kağızlara maraq göstərməsinin öz obyektiv səbəbləri var. Bir çox bank özünün valyuta mövqeyini Mərkəzi Bankın tələblərinə uyğunlaşdırmaq üçün dövlət qiymətli kağızı kimi təsnifləşdirilən AİF istiqrazlarını alır. Sığorta şirkətlərini uzunmüddətli qiymətli kağızları almağa bir başqa səbəb həvəsləndirir: onlar nizamnamə kapitalında aldıqları istiqraz dəyəri həcmində məbləği əks etdirə bilərlər.

«Daha yuxarı faiz dərəcəsi AİF-ə sərf etməz»

Ekspertlər bu fikirdədirlər ki, AİF vəsaiti yerli bazarla yanaşı, xaricdən də cəlb edib ipoteka bazarına yönəldə bilər. Ancaq istənilən halda cəlb edilən vəsaitin gəlirliliyi optimal səviyyədə olmalıdır. Əks halda, fondun xərclərini ipoteka istiqrazları üzrə faiz dərəcələrindən (ipoteka kreditləri – 8 faiz, güzəştli ipoteka – 4 faiz) əldə edilən gəlirlə qarşılamaq mümkün olmayacaq.

AİF ipoteka kreditlərinin verilməsinə 2006-cı ildən başlayıb. Fond bu ilin iyulunadək təxminən 18 min kreditin maliyyələşdirilməsinə 780 milyon manat ödəyib. İyulun əvvəlinə AİF-in dövriyyədəki istiqrazlarının ümumi həcmi 337,4 milyon manat olub.

Kreditləşmə dayanıb

İlin əvvəlində AİF-in illik 3 faizlə 50 milyon manat həcmində istiqraz yerləşdirmək cəhdi uğur qazanmadı. Maliyyə bazarı bu kağızlara maraq göstərmədi. Fond, demək olar, ipoteka kreditləşməsi üzrə fəaliyyətini də dayandırıb. Dövlət büdcəsindən fonda əvəzsiz ayırmaların həcmi 289 milyon manata çatıb. Gələn il AİF büdcədən daha 50 milyon manat alacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=82689

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31