Bankların “qara siyahı”ları əhalinin həyatını qaraldır

19.04.2017 - 08:32

İqtisadçı ekspertlər problemdən çıxış yolunu göstərdilər

“Mənim bank hesabımda 50 min avro oturub, mənə 20 min manat verin ki, elektrik enerjisinin pulunu köçürüm. Mənə o vəsaiti vermirlər. Deyirlər ki, adım hansısa bankın ”qara siyahısı”ndadır. Halbuki mən həmin bankla məhkəmə çəkişməsini udmuşam, əlimdə qətnamə də var”.
Bu sözləri “Tovuz-Baltiya” MMC-nin baş direktoru Naib Məmmədhəsənov “Qeyri-neft ixracatçılarının respublika müşavirəsi”ndə çıxışı zamanı səsləndirib. Onun bu çıxışı banklarda adı “qara siyahı”ya düşən vətəndaşların problemlərini bir daha gündəmə gətirib. Belə siyahılarda isə iş adamları ilə yanaşı, sadə vətəndaşlar da var.
Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da problemin tezliklə həll edilməsinin vacibliyini vurğuladı: “Bununla bağlı mən də tez-tez məktublar alıram. Problemn həlli üçün bankların sağlamlaşdırılması prosesi yüksək templə getməlidir. Çox təəssüf olsun ki, biz qanunlara dəyişikliklər etsək də, müəyyən qərarlar qəbul etsək də, bank sistemində durğunluq və problemlər davam edir. Dollarla olan kreditlərin vaxtında qaytarılmaması bu problemlərin başında durur. Maliyyə Bazarlarına Nəzarət Palatası bu işlə məşğul olmalı, daha ciddi şəkildə bu prosesə təkan verməlidir ki, bank sistemi işləməyə başlasın. Bizim iqtisadiyyatımızın əsas amillərindən biri bank sisteminin normal işləməsidir. Bank sistemi ilə bağlı əhali arasında da ciddi narazılıq var. Şikayətlər həddindən artıq çoxdur. Ancaq hələlik problem davam edir. Biz dollarla olan kreditlərin qaytarılması ilə əlaqədar müəyyən təkliflər irəli sürmüşük”.
İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da “Yeni Müsavat”a danışarkən vurğuladı ki, ümumən ölkədən çıxışa qadağa kimi məhdudiyyətlər yalnız məhkəmə qərarı əsasında ola bilər: “Yəni bankın ”qara siyahıları”nın heç bir hüquqi əhəmiyyəti yoxdur. Lakin bir-iki bank var ki, Daxili İşlər Nazirliyi vasitəsilə vətəndaşların ölkədən çıxışına “stop” qoydururlar. İlk növbədə bu, Beynəlxalq Bankdır. Cahangir Hacıyevin məlum əməllərinə görə DİN həmin banka borcu olanların bir çoxunun ölkədən çıxışına qadağa qoymuşdu – qanunsuz olsa da. Çünki əslində DİN təqdimatı ilə qadağanı məhkəmə qoymalı idi. Digər bank NBC idi. DİN-də kiminləsə sövdələşməyə girib buna nail olmuşdu. Amma mən nazirə şikayət edəndən sonda bildiyim qədər buna son qoyuldu. Yenə belə hallar varsa, şikayət etmək, məhkəməyə müraciət etmək lazımdır”.
Ekspertin sözlərinə görə, adının “qara siyahı”da olması vətəndaşa yalnız hansısa bankdan kredit götürərkən maneə yarada bilər: “Hər hansı şəxsə dair məhdudiyyəti yalnız məhkəmə müəyyən edə bilər. Yalnız kreditin alınmasında ”qara siyahı”nın əhəmiyyəti var. Məlum olduğu kimi, bankların və bank olmayan kredit təşkilatlarının kreditləri haqda məlumatlar Mərkəzləşdirilmiş Kredit Reyestrində toplanır. Kredit vermək istəyən kredit təşkilatı borc alana dair məlumatı orada yoxlayır. Təbii, kiminsə adına problemi, yəni vaxtında ödənilməyən borc gördükdə, bir qayda olaraq kredit verməkdən imtina edir. Təbii, banklar bəzən bundan sui-istifadə edir. Məsələn, krediti ödəmişəm, amma bank artıq hesabladığı faizi də boynuma yükləyib və 1-2 manata görə reyestrdə problemli borclu kimi görünürəm. Buna görə də başqa yerdən kredit ala bilmirəm. Bu halda həmin bankı məhkəməyə vermək olar, o cümlədən vurulan zərərin də əvəzini tələb etmək olar”.
Qeyd edək ki, adları bankların qara siyahısına, yəni Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) düşən şəxslər növbəti dəfə heç bir bankdan kredit götürə bilmirlər. Ancaq məlum olduğu kimi, indi banklar faktiki olaraq heç kimə kredit vermir. Lakin bu durum ən çox iş adamlarına çətinliklər yaradır. Məlumat üçün bildirək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə Mərkəzi Bank tərəfindən yaradılıb. İndi həmin Reyestr Maliyyə Bazarlarına Nəzarət Palatasının ixtiyarındadır. “Qara siyahı”da qalma müddəti 3 ildir. Yəni 3 ildən sonra sizin kredit tarixçəniz artıq yenilənir. Bu, o deməkdir ki, əgər mənfi kredit tarixçəniz varsa, yaxın 3 il ərzində digər bir bankdan kredit götürə bilməyəcəksiniz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=92669

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930