Beynəlxalq Bakın reytinqi yüksəldi: ABB xilas oldumu…
Rəşad Həsənov: “Hökumət yaranmış imkanlardan istifadə edərək Beynəlxalq Bankı daha loyal və effektiv şəkildə idarə edərək sağlamlaşdıra bilər”
Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası planı xarici kreditorlar tərəfindən qəbul edildikdən sonra Moody’s beynəlxalq reytinq agentliyi bankın reytinqlərinə yenidən baxaraq bəzi reytinqləri yüksəldib. Məlumata görə, xarici və yerli valyutada uzunmüddətli depozit reytinqi Caa2-dən Caa1 səviyyəsinə artırılıb.
Xarici valyutada qorunmayan borclar reytinqi Caa3 səviyyəsindən Caa2-ə qaldırılıb. Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi də “ca” pilləsindən “caa3” pilləsinə qədər yüksəlib. Eyni zamanda, qarşı tərəf kredit riski qiymətləndirməsi (CRA) Caa1 (cr) səviyyəsindən B3 səviyyəsinə yüksəlib. Bankın uzunmüddətli depozit reytinqinə pozitiv proqnoz verilib.
Agentliyin açıqlamasında bildirilib ki, yeni reytinqlər restrukturizasiya planı üzrə səsvermənin 18 iyulda elan olunmuş nəticələrinə əsaslanır. Reytinqlərdə baş verən müsbət dəyişikliklər restrukturizasiya prosesi başa çatandan sonra bankın maliyyə durumunun yaxşılaşacağı ilə bağlı Moody’s-in gözləntilərini əks etdirir. Agentliyin proqnozlarına görə, öhdəliklərin restrukturizasiyası planının bu şəkildə icrası bankın maliyyə dayanıqlığını, kapital mövqeyini gücləndirəcək və aktivlərinin keyfiyyətini yaxşılaşdıracaq. Öhdəliklərin könüllü restrukturizasiyası ilə yanaşı, problemli aktivlərin bankın balansından çıxarılması da aktivlərinin keyfiyyətinin yaxşılaşmasına kömək göstərəcək.
Moody’s ekspertlərinin rəyinə görə, problemli aktivlərin transferi bu ilin sonuna qədər başa çatacaq. Nəticədə, Bankın birinci dərəcəli kapitalının 13% ətrafında olması ehtimal edilir. Agentlik bankın 2018-ci ili mənfəətlə başa vuracağını gözləyir. Rəydə o da göstərilib ki, restrukturizasiya planı başa çatdıqdan sonra Moody’s reytinqlərə yenidən baxacaq və gələcək durumuna uyğun olaraq bankın reytinqlərini yüksəldəcək.
Yerli ekspertlər də, dövlət üçün ağrılı keçməsinə baxmayaraq restrukturizasiya prosesinin nəticə verdiyini qeyd edirlər.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a danışarkən bildirdi ki, bankın restrukturizasiyası prosesi müsbət nəticələndi: “Bu məsələ bizi çox narahat edirdi. Ancaq son vaxtlar maliyyə naziri Samir Şərifov tərəfindən aparılan danışıqlar öz müsbət nəticəsini verdi və Beynəlxalq Bankın restrukturizasiya əməliyyatı müsbət nəticələndi. Çünki orada kreditorlar faktiki olaraq borcu tanıdılar, müəyyən güzəştlərə də getdilər. Beynəlxalq Bankın satışa çıxarılması və özəlləşdirilməsi də cənab prezidentin fərmanına uyğundur. Beynəlxalq Bank da kifayət qədər müştərisi olan bir bankdır. Bu bankın sağlamlaşdırılması Azərbaycanın maliyyə sisteminə müəyyən qədər müsbət təsir göstərə bilər”.
İqtisadçı ekspert Rəşad Həsənov da “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, indiki halda Moody’s beynəlxalq reytinq agentliyinin Beynəlxalq Bankın müəyyən göstəricilər üzrə reytinqlərini artırmasının əsas səbəbi restrukturizasiya planının faktiki olaraq qəbul olunması ilə bağlıdır: “Əgər restrukturizasiya planı qəbul edilməzdisə, məhkəmələrdən əks qərarlar çıxardısa, o zaman bank defoltla üzləşəcəkdi. Bu səbəbdən agentlik müraciət zamanı bankın reytinqini azaltmışdı. Təbii ki, hazırda proses 18 iyuldan əvvəlki günlərlə müqayisədə xeyli müsbət istiqamətdə dəyişib. Hazırda işlər Beynəlxalq Bankın və Azərbaycan hökumətinin xeyrinə gedir. Faktiki olaraq dövlət tərəfindən borcların ödənilməsi və bəzi borcların da silinməsi üçün dividentlər əldə olundu. Bu isə Beynəlxalq Bankın növbəti dövrlərdə sağlamlaşdırılması imkanını artırır. Bundan sonra nə baş verəcəyi, yenə də Beynəlxalq Bankın idarə edilməsindən daha çox asılı olacaq”.
İqtisadçının fikrincə, faktiki olaraq, bu bank Azərbaycan dövləti üçün böyük bir problemə çevrilib: “Biz maliyyə hesabatlarını qiymətləndirən zaman aydın olur ki, bankın devalvasiyalardan əvvəlki dövrdə, 2014-cü ilin dekabr ayının sonuna ümumi aktivləri 9,2 milyard manat həcmində olub. Hazırda banka 11 milyard manatdan artıq yardım edilib, “Aqrarkredit” xətti ilə isə 9,9 milyard manat pul verilib. Bu dövlət üçün heç də uğurlu bir layihə sayılmır. Bu bankda çox ciddi cinayət xarakterli əməllər oldu, korrupsiyaya yol verildi. Hazırda bank Azərbaycan dövləti üçün bir yükdür. Ümid edək ki, bundan sonra Beynəlxalq Bankda əvvəlki formada idarəetmə olmayacaq. Belə olarsa, nəticələri proqnozlaşdırmaq çox çətindir. Ancaq baş verənlərdən dərs çıxarılıbsa, bundan sonrakı dövrdə hökumət yaranmış imkanlardan da istifadə edərək Beynəlxalq Bankı daha loyal və effektiv şəkildə idarə edərək sağlamlaşdıra bilər. Bu prosesi özü Beynəlxalq Bankın növbəti illərdəki reytinqinə müsbət təsir göstərə bilər. Amma burada hesabatlılıq, effektiv idarəetmə məsələsi əsas amillərdən biri olmalıdır. Yaranmış situasiyada hansısa digər idarəedənlər vəziyyətdən sui-istifadə etməyəcəksə, bu proqramla Beynəlxalq Bankı xilas etmək mümkündür”.
R.Həsənov onu da diqqətə çatdırdı ki, özəlləşdirmə zamanı bankın nə qədər qiymətə özəlləşdiriləcəyi hazırki prosesin nə dərəcədə effektiv aparılmasına bağlıdır: “Ancaq hökumətin də açıqladığı kimi ümumi plan ondan ibarətdir ki, sağlamlaşdırma prosesi başa çatan kimi bank satılsın. Bu da ən tezi 2018-ci ildə baş verəcək. Hesab edirəm ki, bu prosesi 2019-cu ilə qədər də çəkə bilər. Bu dövrdə əgər idarəetmə effektiv olacaqsa, bankın reytinqi də yüksələcək. Nəticədə bankın növbəti dövrlərdə satışı daha asan və daha qiymətli ola bilər.
Hazırda bankın ümumi aktivlərinin həcmi 12, milyarddan artıqdır. Bu isə bankın növbəti dövrlərdə satışı zamanı qeyd edilən qədər vəsaitin əldə olunması deməkdir. Əgər bankın 12,5 milyardlıq aktivləri sağlamdırsa, bu istiqamətdə ciddi problem olmayacaq, hazırda xərclənən vəsaitlər sonradan geri alına bilər.
Ancaq burada digər bir problem var ki, dövlətin “Aqrarkredit” xətti ilə ABB-ə yönəltdiyi vəsaitlər, götürdüyü problemli aktivlərin taleyi ilə bağlı şübhələr daha aktualdır. Çünki bu problemli kreditlərin bir sıra hallarda cinayət xarakterli əməllərin nəticəsi olaraq ortaya çıxması, həmin krediti alanların bir çoxunun həbsdə olması, növbəti dövrlərdə bu aktivlərin yenidən likvitləşdirilərək dövlət büdcəsinə qaytarılmasına çətinlik yaranacaq. Ola bilər ki, ötürülmüş problemli aktivlərin bir qismi gələcəkdə yenidən dövlətə əlavə xərc yükü yaradaraq silinmək məcburiyyətində qalsın”.
İqtisadçı qeyd etdi ki, əgər ABB-nin hesabatlarında şəffaflıq olmazsa, hazırda yatıran vəsaitlər də korrupsiya qurbanı ola bilər: “Əvvəlki dövrlərdəki hesabatlarla bağlı bizim ciddi narahatlığımız var. 2014-2015-ci illərdəki hesabatlarda bu problemlərin indiki qədər böyük olduğunu görə bilmirdik. Hansı ki, bu hesabatları beynəlxalq auditorlar təsdiqləyiblər. Eyni şeylər növbəti dövrlərdə də baş verə bilər. 2019-cu ildə özəlləşdirmə zamanı bir də görərik ki, banklın indiki 12,5 milyard manatlıq aktivləri dağıdılıb, artıq yoxdur. Bu da işin əvvəlcədən proqnozlaşdılrmaqda çətinlik çəkdiyimiz məqamlarıdır. Əksə halda özəlləşdirmə zamanı hazırda dövlətin qoyduğu vəsaitlər geri qaytarıla bilər”.
cumhuruyyet.net
Short URL: http://www.cumhuriyyet.net/?p=97337