Akif Səməd – İşıqlı şeiriyyət yolçusu

24.07.2014 - 10:54

Söz Tanrıdan sonradır. Ancaq Tanrını da tanıdan
Sözdür. Ona görə Sözü Tanrı ilə cərgələşdirmək yox, vəhdətdə götürmək gərəkdir.
Tanrı ilə vəhdətdə olan Söz hansı könüldə nəğmə qoşursa, o könül yiyəsi mürşidə
çevrilir: Dərdi tanıyan, bəsləyən, sevən bir mürşidə; Dərddən ümid yaradan,
ümidi könüllərə yazan bir mürşidə.

Könül əhlinin dünyası dərd özüllü dünyadır, ona görə
də əlçatmazdır. Əlçatan dərd şəxsin fərdi-fiziki taleyinin ifadəsi olur…

Dərd də
yaşamaq istəyir. Yaşayır ki, könül əhlinin dünyası var olsun.

Dərd yaşamağa həmişə böyük ürəklər axtarır. Balaca
ürəklər Dərd yükünü daşımağa qadir olmur. Böyük ürəkdə dərd böyüyür, artır, ürək
sahibini torpağa gömənə qədər şiddətlənir. Ancaq özü torpağa gömülmür. Yaşadığı
ürəyin gözəlliyi ilə birgə yeni ürəklərdə bərqərar olur…

Beləcə, dərd yüzillər yol gəlir, ürəklərdən ürəklərə
yol olur, ürəkləri bir-birinə bağlayır. Biz, dərdli ürəklərin harayında yüzillər
öncəki könüllərin gözəlliklərini tanıyır, sevdalarını sevir və keçmişlə gələcəyin
əlaqəsini dərk edirik.

Dərddən qaçan Tanrını tanımaz. Tanrıya qovuşmaq –
Tanrılaşmaq Yolu – Dərd Yoludur, kədər yoludur, zəhmət yoludur. Bu yolu
başlayanın ömrü İşığa çıxır və dünyaya işıq gətirir. Dərd və İşıq – fərqli
görünsə də vəhdət təşkil edir. Şeiriyyət işıq deməkdir, o, balaca ürəklərdə
yanmır. Ümumən balaca şeir olmur. O, ya var, ya da yoxdur. Şeiriyyət say deyil,
riyazi hesablanmır, şeiriyyət könüllərdə bəstələnən əbədiyyət nəğməsidir. Əbədiyyət
nəğməsi oxuyan könüllər ölməz. Çünki başqa könüllərə sevda bəxş edər. Sevdalı
ürəklər müqəddəs münasibətlər ahəngini yaşadar.

Budur şair ömrü, şeiriyyətin varlığı – Dərddən
başlayır, İşığa çevrilir. Saf düşüncələr, saf niyyətlər, saf əməllər qaynağı
olur Dərdli Ürəklər…

Bu yazıda biz dərdinə qonaq olmaqla işıqlı düşüncələri
ilə tanışlaşdığımız Akif Səmədi təqdim edirik. Akif Səməd tək-tək yaşayan
yaradıcılardandır. Onun üstün cəhətidir ki, çağının tələbləri ilə yaşamadı,
şeriyyətin nəğməkarına döndü. Əsil şeiriyyət də çağı ifadə eləmir, olmalını
öyür, çatdırır. Bu baxımdan Akif Səməd şeiriyyətə çağından başlamır, qədimlərdən,
böyüklərdən başlayır.

Qırıq Sazın
nə simiyəm?

Baharın
son nəsimiyəm,

Mən ki,
haman Nəsimiyəm


bağ-bostan alveridi..

Başqa bir yerdə

 

Verirsən yelə – toxumdu…

Kim
deyir, hədərdi,hədər,

Yaxşılıq elə toxumdu,

Ürəklə ək, daşda bitər.

Bu, Qədimlikdən gələn ümiddi, çağın boz-bulanlıq
havasında qırılmır, Xeyirə qovuşur, Xeyiri yaşadır….

Bəzən şair, çağın azğınlığı, amansızlığı dəyərləri əzib,
üstündən keçəndə fəryad edir.

 

Adətə bax, vərdişə bax,

Şam yanır, şamdan
ağlayır,

Zamana bax, gərdişə
bax,

Bağ gülür, bağman
ağlayır.

Aldanıb dünya
malına,

Alıb dünyanı
dalına,

Akif Səmədin halına,

Nə gündü, şeytan
ağlayır.

Şeytan qiyafətindəki adamlar əhatəsində yaşayır,
amma çaşmır, qorxmur, inildəmir. İçində
haqqı yaşadan insan mühitdəki haqsızlıqdan sızıldamaz. Belə adamlar mühitin
haqsızlığından əndişəyə düşüb ağlamır, içindəki haqqı mühitə verə bilməməkdən dərdlənir.
Belələrinin dərdi “niyə yoxdur” məntiqindən yaranmır, “niyə almır” məntiqindən
doğur.

 

Könül harda, Akif orda,

Yolu olan qalmaz darda,

Nə tapıbsan
adamlarda,

Məhəmməd, dərdiş,
gəl gedək.

Yaxud,

Yatıram yuxum ağrımaz,

Bir misra duyğum
ağrımaz,

Sevinmə, ruhum
ağrımaz,

Mənimki can
ağrısıdır.

 

Bir sözün var yüz ağrısı,

Hər ağrının öz
ağrısı,

Şair kəsin söz
ağrısı,

Dünyanın söz
ağrısıdır.

Başqa bir yerdə

 

Qarışqaya dən gətirdim,

Buz ürəyə gün gətirdim,

Hər çətini mən
götürdüm,

Dost məni görmədi,
könlüm.

…Akif Səmədin özünəməxsus bir üstünlüyü də var.
O, dərdini də, sevincini, sevgisini də çox sadə bir dildə ifadə edir.
Keçmişimizə çevrilən böyük şəxsiyyətlərimizdə böyük dərdin mənasını
sığışdırmaq, ifadə eləmək üçün böyük misralar gərək olub. Sonralar bu, dərdin
musiqiləşməsində – muğamlaşmasında haraylanıb. Akif Səməddə isə yaşadığı dərdin
məzmunu 6-lıqda, 8-likdə ifadə oluna bilib. Təcnisdə, gəraylıda, ağıda nəğməyə
çevrilə bilib. Bu həm də çətindir. Ancaq çətin olan hər məsələ saz sevdalı
könüllərdə sadələşə, asanlaşa bilir…

Akif Səmədin şeirlərində dərd əhatəli ifadə olunub:
Dövrün dəyərlə, yaradıcının sözlə, nadanın qeyrətlə, şairin hikmətlə oyun
oynaması, xalqın sözünü deməli olanların şaha, vəzifəyə, titula əyilməsi,
satılması Akif Səmədin şeirlərində özünəməxsus bir üslubla hədəfə alınıb rədd
edilir:

Şaha razılıq eləmək,

Ya da tazılıq eləmək,

Qalıb qazılıq eləmək,

Düzlük deyil, çıxaq gedək.

 

Yaxud,

 

Qanan qaçır mən dəlidən,

Zəhər içim mərd əlindən,

Bu sahil dərd, dərd əlindən,

Qopar məni, ay gəmiçi.

 

Akif Səmədin doğulduğu elə, yurda bağlılığı da
ümumazərbaycan kontekstində dərk oluna bilir. O, öz dağlarının, çöllərinin gözəlliklərini
belə, seyr edəndə Azərbaycan boyda dərdlə danışır. Vətəninin parçalanması,
satılması, yiyəsizləşməsi ağrıya çevrilir, sözü ağrıda-ağrıda qulaqlarımıza
dolur və qəlbimizə çatır.

 

Qollar qanrılsın, çatılsın

Sürü sürüyə qatılsın.

Torpaq verilsin, satılsın,

Satan padşaha dinməyim.

… Deyirəm daha dinməyim,

Çəkilən aha dinməyim,

Satan padşaha dinməyim,

Göydə Allaha dinməyim.

Yaxud,

Öz dərdimi bölürəm,

Öz dərdimə
gülürəm.

“Araz”
deyib ölürəm –

Qardaş
mən şeir yazmıram.

 

Ayrı yerdə,

Neçə kəhərlər nal salıb,

Neçə igidlər
ad alıb,

At səsinə
həsrət qalıb,

İndi İncənin
yolları.

Başqa yerdə,

İçimizdə boğuluruq,

Üzdə hələ
şeir yazırıq.

Ürəyimiz
quru budaq,

Sözdə hələ
şeir yazırıq.

 

Bu sətirlərdə milli varlığımızın zədələnməsinin
doğurduğu narahatlıq da var, ideoloji savaşın yoxluğuna edilən eyhamlar da.

Şairdə bəşəri duyğular yaşayır. Ancaq o, həm də Vətən
övladıdır. Dünya – şair üçün Vətəndən başlayır. Vətənə ağlayan göz insanı Bəşər
səviyyəsində görür! Şair Akif Səməd yaradıcılığı boyu bu zirvələrə qoşub, bu
zirvələrə can atıb!

Yükümüzdən
Böyük Fərəhimiz yoxdur!

Atamız Var
olsun!

18 Od Ayı, 36-cı il.

(iyul, 2014.)

Short URL: http://www.cumhuriyyet.net/?p=10087

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31