Yazıçılar Birliyinə çətin sual
“Siyavuş Novruzovun Azərbaycan Yazıçılar Birliyi (AYB) barədə
tənqidləri ədəbiyyat təəssübkeşliyindən irəli gəlmir. Yapçı-deputatın
digər bir çox hakimiyyət nümayəndələri kimi ona görə gileylidir ki,
AYB-nin artıq ədəbi-mədəni fikrin formalaşmasında heç bir rolu qalmayıb,
ədəbi-mədəni prosesi canlandıran, irəli aparan insanlar AYB-dən
kənardadırlar.
Bu isə hakimiyyəti qayğılandırır, çünki onlar ölkədə hər şeyi sadəcə
öz nüfuz, təsir dairələrində görmək istəyirlər. AYB də ədəbi proses
üzərində hakimiyyətin diqtəsini həyata keçirməklə mükəlləfdir, buna görə
büdcədən pul alır, amma ona olan etimadı doğrulda bilmir”. Bunu
şair-publisist Elnur Astanbəyli YAP icra katibinin müavini, deputat
Siyavuş Novruzovun AYB barədə tənqidlərinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, S.Novruzov 1937.az saytına müsahibəsində deyib:
“Azərbaycan ədəbiyyatı eyni adamlarla bitə bilməz. Bu baxımdan müxtəlif
proqramlar çərçivəsində, mənə elə gəlir ki, gənc yazarlara xüsusi kömək
olunmalıdır, dəstək göstərilməlidir. Mövcud yaradıcı birliklər Sovet
sistemindən çıxıb, yenidən təkmilləşməlidir. Amma hesab edirəm ki, bu
gün o tərkibdə də müvafiq dəyişikliklər getməlidir. Məsələn, hər dəfə,
heç olmasa, 10 faiz, 20 faiz, 30 faiz dəyişikliklər olanda ədəbiyyatın
inkişafına da kömək olur. Azərbaycan Yazıçılar Birliyi dövlət
büdcəsindən maliyyələşir və hesab edirəm ki, qurumda hər şey
sistemləşməlidir. Mənə elə gəlir ki, bunlar öz nəvə-nəticələri üçün yox,
digər şairlər, yazıçılar üçün də çalışmalıdır. Yazıçılar birliyində
gənclərə üstünlük verilməlidir”.
E.Astanbəyli isə bildirib ki, bundan bir müddət əvvəl Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də AYB barədə sərt tənqidi
fikirləri olmuşdu və həm onda, həm indi hakimiyyət təmsilçilərinin
tənqidlərinin əsas motivi əslində eynidir: “Demək istəyirlər ki, sizə
hər cür şərait yaradılıb, bəs niyə ədəbi proses, ədəbi fikir sizdən
kənarda cərəyan edir? Niyə ədəbi proses əllərində heç bir maddi,
inzibati resurs olmayan yeni ədəbi qüvvələrin sayəsində cərəyan edir?
Məsələ budur. AYB-nin yaradılma səbəbi ədəbiyyatı “partiya və hökumət
işinin vintciyinə və təkərciyinə çevirmək”dir. Indi də Yazıçılar Birliyi
eyni məqsədlə ayaqda saxlanılır. Amma bu qurum ona tapşırılan işi
layiqincə yerinə yetirə bilmir, ədəbi-mədəni prosesdə azad yaradıcı
qüvvələrə açıq-aşkar məğlub olur. Bu da hakimiyyətdəkiləri razı sala
bilməz, ona görə də vaxtaşırı irad bildirirlər”.
E.Astanbəyli deyib ki, istər R.Mehdiyevin, istərsə də indi
S.Novruzovun tənqidlərinə AYB-nin, onun sədri Anar Rzayevin susqun
münasibətinin səbəbi məlumdur: “Səbəb odur ki, hakim gücdən qorxu bu
qurumun, onun rəhbərliyinin canındadır. Biz – sözündən, qələmindən başqa
heç nəyi olmayan, hər cür imtiyazdan, vəzifədən məhrum adamlar Anar
Rzayev ünvanına güldən ağır söz deyən kimi təhqir, iftira dolu bəyanatın
biri bir qəpik olur. Bəs eyni Anar Rzayev niyə hakimiyyətdəkilər tənqid
edəndə də oxşar reaksiya bildirmir, heç bir bəyanat vermir? Çünki bu
psevdo-yazıçılar içində daim bir hakimiyyət qorxusu, hər hansı
hakimiyyət olursa olsun, ona qeyd-şərtsiz itaətkarlıq hissi var. Əlində
heç bir güc, imtiyaz olmayan 20 yaşlı gənc qələm adamını belə, tənqid
edəndə az qalırlar dar ağacından assınlar, amma tənqid “yuxarı”dan,
hakimiyyətdən gələndə tut yemiş bülbülə dönürlər. Bu onların xislətidir,
iç üzüdür. Sadəcə, bir daha bütün çılpaqlığı ilə ortaya çıxdı”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10113