Qorxulu Amerika yolu…
Və ya Maksim Qorkinin yaddaşlarda buraxdığı ağır iz…
Və ya Maksim Qorkinin yaddaşlarda buraxdığı ağır iz…
Natiq Güləhmədoğlu
Indi bilmirəm, əvvəllər “Xatirə” dəftərlərində, qəzet-jurnallarda
belə sualla tez-tez rastlaşmaq olurdu: “Ilk baxışdan məhəbbətə
inanırsınızmı?” Bəndəniz də belə sualları az cavablandırmayıb, amma nə
qədər düz və ya səhv olub – onu bilmirəm. Indi isə bu sualın tərsinə
daha dəqiq cavab verə bilərəm. “Ilk baxışdan nifrətə inanırsınızmı?”
sualına cavabım – “bəli”dir!
Ilk baxış, ilk təəssürat çox önəmlidir və mən bunun altını çəkən adam
kimi indi sizə yazıram. Mövzumuz ABŞ-dır. Tale imkan versə,
“Biləcəridən o tərəfdə” keçirdiyim 3 ayın diqqət çəkən anlarını
oxucularımızla bölüşəcəm. “Bəs bu “nifrət”, “ilk baxış” nə müqəddimə
idi?” – soruşursunuzsa, deyəcəm, biləcəksiniz.
“Sarı Şeytanın vətəni” ilə ilk tanışlıq
ABŞ barədə mənim ilk və fundamental təsəvvürüm sovet yazarı Maksim
Qorkinin (M.Qorki 1906-ci ildə ABŞ-da mühacirətdə olub) bu ölkə barədə
yazdığı silsilə məqalələr əsasında formalaşmışdı. M.Qorkidən sonra ABŞ
barədə onlarla kitab,Гї yüzlərlə məqalə oxusam da, onlarla mötəbər şəxsin
okeanın o tərəfi barədə fikirlərini dinləsəm də, Qorkinin qoyduğu iz
möhkəmliyini qoruyurdu.
O iz isə Maksim Qorkinin təxəllüsü kimi acı idi. Amerikadan gələndən
sonra o məqalələri bir də oxudum. Gördüm ki, o qədər də sadəlövh
olmamışam. ABŞ-la təmasda olmadan Qorkinin “Sarı Şeytanın vətəni”
(M.Qorki “sarı şeytan” deyəndə qızılı nəzərdə tutub) barədə yazdıqları
ilə polemika eləmək çətindi. Zalım oğlu bu məqalələri elə yazıb ki,
sanki hansısa müxbir AzTV üçün Almaniya barədə reportaj hazırlayır.
Qorkinin ustalığı və siyasi marağı elə çulğalaşıb ki, o məqalələri
oxuyub ABŞ barədə neqativ düşünməmək, hardasa, əldə deyil.ГїBöyük
məqalələr toplusunda M.Qorki ABŞ-ı daha hansı murdarlıq və eybəcərliklə
eyniləşdirməyib?!
Məsələn, onun Nyu-York barədə yazdığı ən ələalınası cümlələrindən:
– Şəhər uzaqdan, əyri-üyrü, qara dişlərlə dolu yekə bir çənəyə bənzəyirdi;
– Darı ilə dolu çuvallar kimi, adamlar dolu olan bu küçələrdə
uşaqlar, səkilərdə qoyulmuş zibil qutularını acgöz-acgöz axtarır, çürük
göyərtini kifli-kifli ağızlarına dürtür, göz çıxaran toz və bürkü
içərisində yeyirdilər;
– Kir, zibil burada hər şeyi: evlərin divarlarını, pəncərələrin
şüşələrini, adamların paltarlarını, bədənlərin məsamələrini, beyinləri,
arzuları və fikirləri pozan, zəhərləyən təbii bir fəlakətdir…
Xülasə, qardaşlar, böyük yazıçının böyük əsərində Amerika barədə
müsbət mənada bir balaca cümlə də yoxdu. Həm də məqalə elə ustalıqla,
elə təhkiyə ilə yazılıb ki, ona inanmamaq, təsiri altına düşməmək
çətindi. Fikirləşmək olar ki, M.Qorkinin yazdıqları həqiqətdir, bəlkə də
ABŞ o zaman belə zülm və zillət içində olub. Şübhəsiz, ABŞ 110 il əvvəl
inkişaf baxımından indikindən çox geridəydi. Amma razılaşın ki, o
səviyyəsi ilə belə, o zamankı Rusiyadan öndə olub. Buna baxmayaraq,
Qorki o zaman dostları ilə yazışmada bildirirdi: “Biz, bütün
bədbəxtliklərimizlə bərabər, bu azad Amerikadan çox irəlidəyik”.
Məqsədim M.Qorkini təkzib eləmək deyil, bu, əbləhlik olardı. Sadəcə,
ilk təəssüratdan nifrətin də formalaşa bildiyini, eləcə də ilk
təəssüratın səhv olduğunu göstərmək istədim. Qısası, ABŞ Qorkinin
qələmindən çıxdığı kimi deyil. Özü də heç deyil…
ABŞ-ın yeganə tələbi: məni inandır!
ABŞ-a getmək barədə fikrə necə düşdüm? Bunu heç özüm də dəqiqliklə
xatırlamıram.ГїBir də onda ayıldım ki, əlimdə sənədlər viza üçün
əlləşirəm. Axı ABŞ elə kefin istəyəndə qapısını açıb girəcəyin ölkə
deyil. Ora getmək üçün siz sehrli kağız – VIZA almalısınız. Obrazlı
desək, ABŞ-a yol ABŞ konsulluğundan başlayır. Bütün dünyada olduğu kimi,
Azərbaycandan da ABŞ-a getmək istəyənlər bu ölkənin konsulluğunda qısa
və konkret sualları cavablandırmalıdır. Buna qədər ora bəzi sənədlər də
təqdim edilməlidir. ABŞ fərqli olduğunu bu sahədə də göstərir. Məsələn,
Şengen zonası səfirliklərinin yorucu bürokratiyası, sənəd-sünədi ABŞ-da
olmur. ABŞ-dan turist vizası almağın ana şərti budur: Bizi inandırır ki,
sən immiqrant deyilsən!
Bəli, ABŞ səfirliyi öz saytındakı viza qaydalarında da açıq-aydın
formada yazıb ki, onlar ABŞ-a gedən hər kəsə potensial immiqrant kimi
baxırlar. Sənin topladığın sənədlər, konsulluqdakı müsahibədə
deyəcəklərin ancaq və ancaq ona xidmət etməlidir ki, qarşındakında
qayıdacağına dair inam yaradasan.
Şengen vizasından ABŞ vizasının bir fərqi də ondadır ki, sizin ABŞ-da
qalma müddətinizi viza verən orqan yox, okeanın o tayına enəndə elə
hava limanında sizi qarşılayacaq immiqrasiya xidməti əməkdaşları müəyyən
edir. Yəni, siz “cəsur və azad insanların torpağına” (ABŞ himnindən
götürülən fikir) qədəm qoyana qədər iki gərgin müsahibədən keçməlisiniz.
“Gərgin” yazdım, ancaq bu, güman ki, yerinə düşməyən fikirdir. ABŞ-a
getmək üçün göstərdiyiniz əsaslar, düzəltdiyiniz sənədlər və
danışacağınız sözlər doğrudursa, gərginliyi unudun. Əksinə gülümsəyin,
rahat olun, gərginliyi yaxına da buraxmayın. Bu ölkə ilə ilk təmasdan
belə, düzgünlük sizə üstünlük verəcək. Məhz buna görə də təsadüfi deyil
ki, Avropa ölkələrinə hansısa dələduzun min bir fırıldaq yolu ilə viza
düzəltmək imkanı ABŞ-a gələndə daşa dirənir. Kim sizə dolaşıq yolla ABŞ
vizası almağı vəd etsə, məndən demək, pulunuza heyfiniz gəlsin,
mümkünsüzdü. Sizi uzaqbaşı müsahibə üçün təlimatlandıra bilərlər. Belə
əlavə təlimata isə ehtiyac yoxdu, yuxarıda yazmışam: ABŞ-a getmək üçün
sizin qarşınızda bu suala qısa və aydın cavab verməyiniz şərtdir:
Qaçmırsınız ki? Geri dönəcəksinizmi?
Bəs insanlar niyə ordan geri dönmək istəmirlər, nədir bu
torpaqlardakı hikmət? “Superdövlət”, “fövqəldövlət” deyilən ABŞ-ın
superliyi, fövqəlliyi nədə əks olunub?
Bu haqda növbəti sayımızda.
Short URL: http://www.cumhuriyyet.net/?p=10306