Yaxşı kişinin ölümü
Yaxud NAMUS haqqında elegiya
Seymur Həzi
Janna Darkın bakirəliyini yoxlayanda heç kim İsanın nə dediyini
xatırlamırdı. Amma hamı “xristian namusu”nun qarovulçusu idi. Fəqət…
İsa elə beləcə də demişdi: “Qoy, ilk daşı aranızdan ən günahsızı atsın”.
Gəl ki, Jannanı mühakimə və test edənlər İsa naminə İsanı ayaqları altına almışdılar.
Bugünlərdə
bir video olayı da yaşadıq. Kəmalə Bənənyarlıya qarşı istifadə
olunmuşdu. Nədənsə, eyni səhnəni xatırladım – “namus məhkəməsi”.
Bəli, biz min dördyüzüncü illərdəyik…
Çox
həyəcanlanmayın, dünya dəmir kürələrin hərəkət dinamikası ilə işləyir
və irəliləyir. Hər kəs gəlib eyni yerdən keçməlidir. Bizə də bu qatarın
arxa vaqonları düşüb. Amma qəti narahat olmayın, qatarın arxa vaqonları
da Qazaxa gedir, yəni, üzü Qərbə. O Qərbə ki, indi orada kişilər
qadınların, elə kişilərin də yataq otağını güdmürlər. Hamı başa düşür
ki, insanın qapalı yerdə özü üçün elədiyi nəyəsə görə başqası qarşısında
məsuliyyəti yoxdur. Başqasının pulunu oğurlamayıbsa, torpağını əlindən
almayıbsa, evini başına uçurmaq planı qurmursa, heysiyyətinə toxunmursa,
bunun adı şəxsi həyatdır. Və şəxsi həyat da şəxsi namus qaydaları ilə
qurulur. Bunu mühakimə etmək ibtidai şüurdur, ya da sadəcə, tozanaq
qoparmaqdır.
İqtisadiyyatın gücü
Bir qadına qarşı bu cür əməliyyat quran hökumətdən hələ də “Qarabağ
əməliyyatı” gözləyənlər var bəlkə də. Amma bir az ayıq olmaq lazımdır
ki, öz hökumətinin başının nəyə qarışdığını, harda itdiyini görəsən.
Kəlbəcərə ov tüfəngi ilə gedib, girov düşən Dilqəm müəllim iqtisadiyyatı
güclü olan ölkəsinin xüsusi xidmət orqanlarından yardım gözləyərkən
hardan görsün ki, onun dövləti nəyə qadirdir, xəfiyyələrinin başı mühüm
əməliyyata qarışıb.
Olsun, İlham Əliyev də bu cür vətənpərvərdir.
Onsuz da bu ölkədə başımıza gəlməyən bircə ölmək qalıb, heç nəyə
təəccüblənmək olmur artıq.
“Kişilər”
Baş verənlər bir qadının başına gəlsə də, əslində, KİŞİLİYin
dramıdır. Bu olayı sifariş verən kişilər, onu icra edən kişilər, onda
iştirak edən kişilər…
Ona görə də məşhur bir deyim hər zaman mənim beynimdə tərsi düz olmayan teorem kimi fırlanır, çevrilir.
Deyirlər,
hər güclü kişinin arxasında mütləq bir güclü qadın var. Bunun belə
olub-olmadığını sübut eləyə bilməsəm də, bir məsələni dəqiq bilirəm ki,
hər əzilmiş qadının dosyesində mütləq bir neçə kişinin adı var – atadan
ərə kimi, dövlət məmurundan, toplumun ayrı-ayrı subyektlərinə, özünü
hakim, namus mütəxəssisi elan edənlərə kimi…
Erik From
xristianlığın bir sevgi olduğunu aşılamağa çalışan “Sevmək sənəti” adlı
əsərində hər şeyin yaxşısını sevginin yaratdığını sübut eləməyə
çalışır. Dostun, qardaşın, atanın… Məsələn, o inanır ki, sevgilərin
başında ana sevgisi durur. Buna inanmamaq olmur. Çünki bir toplumun da
ən gözəlini və bərbadını sevgi və sevgisizlik yarada bilər. Vətəndaşa
olan münasibət o toplum haqqında dövlətin, hökumətin planıdır. Bizim
cəmiyyət isə bu rejimin bizə olan nifrətinin bir şəklidir.
***
Bu
yazını necə qurtaracağıma dair çətinlik çəkirəm, ona görə də elə
buradaca dayanıb sonuncu cümləni yazıram: yaxşı kişilər nəinki başqa
qadının yatağına, heç öz qadınının çantasına baxmayan kişilərdir!
Short URL: http://www.cumhuriyyet.net/?p=10377