"Dövlət marağı" arxasında gizlənən həqiqətlər

13.02.2014 - 13:52

Anlayışların anlamsızlığı
haqqında

Anlayışların anlamsızlığı
haqqında

 

Bir sıra siyasi anlayışlar var ki, açıq şəkildə məntiqə zidd görünür.
Ancaq insanlar bu ziddiyyətlərin fərqinə varıb təhlil eləmirlər. Məsələn,
“dövlət marağı” adlanan anlayışa diqqət yetirək. Hakimiyyət mənsubları hansısa
özünəyarar olmayan addımı atmaq istəməyəndə deyirlər ki, dövlət marağına uyğun
gəlmədiyi üçün filan addımı atmaq olmaz. Ancaq müxalifət mənsubları tənqidi
mövqe sərgiləyib deyirlər ki, hakimiyyət filan addımı öz marağına ziyan verdiyi
üçün atmır, yəni öz marağını dövlətin marağından üstün tutur. Hər iki düşərgə
dediyi sözü siyasi baxımdan əsaslandırır da. Bəs əsil həqiqət nədir? Dövlətlə
hakimiyyətin marağı niyə toqquşur, nədə toqquşur? Toqquşmaya bilərmi? Bütün
dövrlərdə tarix hakimiyyətlə dövlətin marağının toqquşduğunu sübut edir. Bəs
necə olsun? Bu beləmi olmalıdır, həmişə beləmi olacaq? Belə olmalıdırsa, belə
olacaqsa, onda ədalət nə deməkdir, o nə vaxt qalib gələcəkdir? Buradan çıxış
yolu yoxdursa, bəs insanlar nə üçün daim ədalət axtarırlar? Görünən bir fakt
var ki, dünyanın siyasi idarə olunmasında dövlətin mənafeyi, hakimiyyətin
mənafeyi, millətin mənafeyi bir araya sığmır. Ancaq həm də “milli dövlət”
anlayışı var, “hakimiyyət xalqa məxsusdur”, yəni demokratiya. Bu kimi
deyilişlər dövlət qanunvericiliklərində təsbit edilir. Bu necə olan işdir – hər
bir sözün, anlayışın daşıdığı məna ilə gerçək ifadəsi arasında kəskin təzad
mövcud olur?!

Götürək Azərbaycan dövlətini. Hakimiyyətin fəal maraqları
genişləndikcə, dövlətin dünya çapında manevr imkanları məhdudlaşır. Daha
doğrusu, dövlətimizin dünyaya təsir imkanları geniş olduğu halda, onun
gerçəkləşməsi minimum həddə enir. Çünki dövlət sistemimiz ləbbeykçi – “bəli, baş
üstə” prinsipi əsasında formalaşıb. Daim bir qrupun mənafeyinə uyğun addımlar
atılır. Dövlətin mənafeyini düşünən milli institutlar fəaliyyət göstərmir. Əgər
göstərsəydi bir çox antimilli gedişlərə etiraz edər, milli yöndə nələrinsə
həyata keçirilməsini tələb edərdi.

Biz dövlət idarəetməsində “bəli, baş üstə” üslubu ilə, daha doğrusu,
hakim təbəqənin qabağında iradəsizcəsinə görəv daşımağı doğru saymırıq. Ancaq bu
o demək deyil ki, dövlətçilikdə çoxbaşlı idarə sistemini dəstəkləyirik.
Dövlətçiliyi anarxiya səviyyəsində yaşatmaq mümkün deyil. Onu demək istəyirik
ki, yuxarıdan aşağı idarəetmə o vaxt özünü doğruldar ki, dövlətçilik Milli Prinsiplər
üzərində oturuşmuş olsun. Bəs bu nə vaxt mümkündür? O vaxt ki, dövlət siyasi
anlayış və tələblərlə deyil, mənəvi anlayış və tələblərlə idarə olunsun. Hüquqi
Dövlət anlayışı İnsani Dövlət anlayışı ilə əvəz olunmalıdır. Təbii ki,
anlayışlar öz məzmununu tam olaraq ifadə etməlidir. Hüquqi dövlət mənafe
doğurur, İnsani dövlət haqq yetirir. Yəni dövlətin mənafeyi, hakimiyyətin
mənafeyi, millətin mənafeyi deyə üç müstəqil subyekt əvəzinə dövlətin haqqı,
hakimiyyətin haqqı, millətin haqqı məzmununda vahid bir təsir oluşur. Bu fikri
bir misalla izah edək: Biz Azərbaycan olaraq, parçalanmış durumdayıq. Böyük bir
parçamız İran adlanan rejimin əsarətində assimilyasiyaya uğrayıb. Kiçik bir
parçamızda da dövlət elan eləmişik. Siyasi dünyanın BMT adında hüquqi bir
təşkilatı var. Bu təşkilat “torpaqların (ərazilərin) toxunulmazlığı” adında
hüquqi sənəd qəbul edib. Bu sənədə görə bizim burdakı dövlətimiz Güney Azərbaycandakı
soydaşlarımızın zorakılığa uğramasına qarşı söz deyə bilməz, onun azadlığına
yönəlik tələb irəli sürə bilməz. Bilərsə, İran adlanan dövlətin iç işlərinə
qarışmış sayılar. Deməli, beynəlxalq hüquqi bir təşkilatın hüquqi bir sənədi,
bizim bir millət olaraq, tarixi, insani haqqımızı əbədi olaraq ləğv eləmişdir.
Dövlətimiz bu hüquqi prosedura qarşı söz deyərsə beynəlxalq basqılara uğrayar.
Deməli, dövlətin mənafeyi gözgörəki millətin mənafeyinə uyğun gəlmir. Başqa
sözlə, milləti öz tarixi haqqına qovuşdurmağa haqqı çatmır. Halbuki millətin
haqqı deyilən bir anlayış var. Bu ondan ibarətdir ki, bir dilə, bir
mədəniyyətə, qan qohumluğuna malik olan bir millət, bölünmüş coğrafiyada birgə
yaşamağa haqq edir. Həmin millət bu haqqını, qurduğu dövlətiylə qorumalıdır.
Buradan da “dövlətin haqqı” anlayışı öz izahını tapır. (Əlbəttə, bir qrupun
əlində aciz qalan dövlətdən söhbət getmr.) Əslində dövlətin haqqı, tərəfindən
qurulduğu millətin azadlığını, bütövlüyünü qorumaqdan, yaşatmaqdan ibarətdir.
Bu dediklərimiz hüquq sözünə aid edilə bilmir. Çünki hüququ siyasət təmin edir.
Siyasət isə taktiki mənafeləri qoruyur. Başqa sözlə, biz Azərbaycanın bütövlüyü
və azadlığı məsələsini qoyanda siyasət İran adlanan dövlətin hüququnu,
mənafeyini ortaya gətirir. Güney Azərbaycanı basqı altında saxlamaq İran
adlanan dövlətin hüququ, mənafeyi sayıla bilər, ancaq haqqı sayıla bilməz.

Bütün bunları əsas götürüb deyirik ki, dövlətçilik, azadlıq, ədalət
məsələlərini hüquqi müstəvidə əsilləşdirmək mümkün deyil, İnsanilik tələbində
əsilləşdirmək mümkündür. Dünyanın çağdaş hüquqçuluq
oyunu ilə Azərbaycanın bütövlüyünə, azadlığına qovuşmağı gözləmək mənasız olar.
Tarixi haqqımıza qovuşmağın yolu Millətçilik Savaşından keçir. Bu həqiqəti
qəlbində, düşüncəsində köklənməyən insanlar vətən və millət sevgisində
möhkəmlənə bilməz…

Soylu Atalı

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12494

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031