Siz, ey Babək haqqında qara danışanlar…

17.01.2015 - 11:57

Yurdumuzda qaranlıq gündən-günə
qatılaşır. Qaranlığın yarasaları çoxalır. İşığı görmək istəməyən, işığa kor
baxan yarasalar həyata qaranlıqdan baxırlar. Özlərinin varlığını qaranlıq həyatda
dərk edirlər…

Yadlığı bayraq edənlər, milli
kimliyinə arxa çevirənlər, ruhunu, mənliyini buxovlayıb, canını, cəmdəyini azad
edənlər qaranlığa soxulurlar, yarasalaşırlar…

Yenə də Babək, yenə də Atatürk
gündəliyin qonusuna çevrilib. Yenə söyürlər, küçümsəyirlər, üfunət püskürürlər
şəxsiyyətlərimizin ünvanına. Türkiyədə Atatürkə qarşı, Azərbaycanda Babəkə,
M.Ə.Rəsulzadəyə qarşı böhtanların, aşağılamaların altında nələr yatır,
arxasında kimlər durur?! Aydınca görünür ki, bu məsələdə Avropa anarxiyaçılığı
ilə islam qafalıların istəkləri bir araya gəlir. Qıraq Qüvvələrin buyruğunda
dayanıb dəyərlərimizi küçümsəyənlər milli şüuruВ­muzun dirçəlməsinin qarşısını kəsməyə
çalışırlar. Təbii ki, qarşılığında da nələrsə əldə edirlər.

Türkiyədəki antitürk proses ilə
Azərbaycandakı antitürk proses yürüdülmə yönünə görə üzdən fərqli görünə bilər.
Ancaq nə olursa olsun hədəf birdir – Türklüyü sarsıtmaq.

Avropadan “dəyərlərə
yenidən baxılması” ideyası gəldi. Bu ideyaya görə çağdaşlaşmaq və inkişaf
edib qabağa getmək üçün toplumun şüurunda etkisi olan Keçmişi təftiş eləmək, ələşdirmək
gərəkdir. Bu isə xalqın qədimliyindəki yüksək dəyərləri qırağa qoymaq anlamına
gəlir. Bizimkilər də ağıllarını belə bir boz-bulanıq meydanda sınamağa yüyürürlər.
Sonucda kəkilləri sığallanır, ciblərinə əl girir.

Hələ bu çağa kimi bir dəfə də
görmədik ki, onlardan bir kimsə keçmişimizdə xalqın mənəvi özülü olmuş hansısa
bir dəyəri araşdırıb ortaya çıxarsın və onu layiq olduğu bir sevgi ilə öyüb
xalqına sunsun. Eləcə də, görmədik ki, uca dəyərlərimizi araşdırıb üzə çıxaran
və xalqımıza sunmaq istəyən kimsəni Avropa təqdir eləsin. Çünki xalqı ələbaxanlığa
öyrədib idarə etməyin ən yaxşı üsulunu tapıblar: milli özül sayılan dəyərləri
silmək və xalqı zəminsiz qoymaq. Keçmişini, dəyələrini itirən,
“çağdaşlaşdırılan” toplum dönüb bu gününə baxır və heç nə görmür. Gördüyü
bir şey olur: dağınıqlıq, başıpozuqluq, dəyərsizlik, kimsəsizlik. Keçmişini, dəyərlərini
itirənlər üçün Avropaya inteqrasiya qaçılmaz görünür. Bu inteqrasiyanın altında
isə bir məzmun var – kürəsəlləşmə, yəni “vahid mədəniyyət”.
“Vahid mədəniyyət” ideyası da millətləşməni sıradan çıxarmağa
hesablanmış bir plandır. Bəllidir ki, millət olan yerdə onun özünəməxsus mədəniyyəti
də olmalıdır. Deməli, mədəniyyət “vahidləşirsə”, millət də
“vahidləşməlidir”, mədəniyyətsiz millət olmaz ki. İmperiyalaşmanın
özül prinsiplərindən birincisi millətləşmənin qabağını almaqdır…

O
sıradan yeni xanədanlıq (imperiya) başçılığı həvəsinə düşən Ərdoğan da Türkiyədə
millətləşmə prosesini sıradan çıxarmağı qarşısına məqsəd qoyubdur. Burada ən
pis cəhət ondan ibarətdir ki, başqa imperiyalar basqısı altına aldığı xalqlara
qarşı öz xalqının üstünlüyünü (hegemonluğunu) yaratdığı halda, Ərdoğan Türkiyədə
türkün üstünlüyünü əskiltməklə uğraşır. Cümhuriyyətin dayağı Türklük olduğu
halda, imperiyanın dayağı islamlaşmadır. Deməli, imperiya başçısı olmaq üçün
Türklüyün sahibini –Atatürkü vurmaq qarşıya məqsəd qoyulubdur. Hələ biz demirik ki, Ərdoğanın xanədanlıq
arzusu nə dərəcədə baş tuta biləcək; yoxsa bir vaxtlar (Osmanlının son mərhələsində)
Atatürkün qüdrəti qarşısında Türkiyəni parçalamaq şanslarını itirən Avropa güclərinə
bu şansı yenidən qazandıracaqdır?! Bəlkə də həmin güclər Ərdoğanın “İslam
xanədanlığı”na göz yumacaq ki, sonradan Türkiyəni parçaılamaq üçün əsaslı
səbəblər olsun?! İndi soruşmaq gərəkdir: Türkiyədə Atatürkü böhtanlatdırıb millətləşmənin
qabağını almaqla Ərdoğan komandası kimlərin dəyirmanına su tökür?!

Bugünkü
Rusiyanın SSRİ-çilik xülyası nədirsə, Ərdoğanın Osmanlıçılıq xülyası da odur. Hələ
bu bir az da pis. Çünki yeri gəlsə, Avropa Rusiyanı tamam məhv olmaqdan
qoruyar, ancaq Türkiyəni qorumaz.

Qayıdaq
Azərbaycan məsələsinə. M.Ə.Rəsulzadəyə qarşı paxıllıq və qısqanclıqla bağlı bəs
qədər yazmışıq, mövqe sərgiləmişik. Şəxsiyyəti, qurucunu inkar eləmək heç kimə
baş ucalığı gətirmir, Azərbaycanın inkarçı iqtidarına da heç gətirməyəcək.
M.Ə.Rəsulzadənin qurduğu Cümhuriyyət uzunömürlü olmasa da, onun Cümhuriyyətçilik
örnəkləri tarixi fakta çevrilibdir. Bunu heç kim dana bilməz.

Cümhuriyyəti
öz milli keyfiyyətləri ilə yaşamağa qoymayanlar bugünkü Azərbaycan Respublikasının
yaşamasına dözürlərsə, bu da onu idarə edənlərin milli ruhun daşıyıcıları
olmadığına görədir. Azərbaycanı qamarlayıb talayanalara toxunmurlar, onu qurub
qoruyanları isə sıradan çıxarırlar. Buna örnək bu gün də var, keçmişdə də var.
Babəkə qarşı ortaya atılan addımlar bir daha bunu sübut edir.

Sovetlər
dağılandan sonra türk toplumlarının yaxınlaşması zəruri tələbə çevrildiyi kimi,
Güney Azərbaycanın özgürlük məsələsi də qaçılmaz mübarizə xarakteri aldı. Bu
mübarizənin çağdaş ideolojisi formalaşmasa da, insanların bir araya gəlməsi üçün
Babək Qalası bir tapınağa çevrildi. Hər il minlərcə insan bu Qalaya yürüş edərək
özlərində özgürlük ruhunu tərbiyə edir, Babəkdən əyilməzlik keyfiyyəti mənimsəyirlər.
İranın Molla Rejimi isə Quzey Azərbaycandakı əlaltılarına Babəki böhtanlamaq,
onun şəxsiyyətini ləkələmək, döyüşünün məzmununu təhrif eləmək göstərişi verib.
Buyuruqla hərəkət edənlər içərisində təbii ki, başqa təriqətlərə, güclərə boyun
əyənlər də az deyil. Hətta bu güclər bir-birinə qarşı olsalar da, Azərbaycana
münasibətdə mövqeləri üst-üstə düşür. Bu gün bu niyyət geniş şəbəkəyə çevrilməkdədir.
Toplumda Babək haqqında ziddiyyətli fikirlər yaratmağa çalışırlar. Babəki
savunanlar da bəzən doğru olmayan arqumentlər sərgiləməklə xeyir yerinə ziyan
verirlər. Məsələn, Babəkin şəxsiyyətinə, milliliyinə qarşı olanlardan biri,
Fazil Mustafa, televiziya ekranından söyləyir ki, Babək türk deyil, özü də Məzdəkilik
dünyagörüşündə ümumiləşdirmə ideyasının yanlısıdır (ailə məsələsini vurğu
edir-S.A.). Babəki savunanlardan biri, Sabir Rüstəmxanlı da deyir ki, Babək İslam
dünyagörüşünə qarşı döyüşməyib, ərəb işğalına qarşı döyüşüb. Ümumiyyətlə, bu
fikri deyənlər çoxdur.

Başqa bir
kəsim isə vurğulayır ki, Babək müsəlman-şiə təriqətinin daşıyıcısı olub, adının
Həsən olması da buna sübutdur.

Biz də
öz növbəmizdə bu deyilənlərin hər birini heç bir məsuliyyətə dayanmayan,
araşdırılmayan, düşünülməyən mövqelər hesab edirik. Fazil Mustafa milli dəyələrə
qarşı bu sayaq inkarçı mövqelər sərgiləyərkən “türk” sözünü çox işlədir.
Ancaq bu “türk” sözünün altında nələr olduğunu, yaxud nələrin olmalı
olduğunu sanki düşünmür. “Türk” sözünün anlamına islam dünyagörüşünü
yerləşdirməklə millət anlayışından uzaqlaşdığının fərqinə varmır. Başa düşmək gərəkdir
ki, islam dünyagörüşünə türk, türklük, millət anlayışları gərək deyil, ümmətçilik
millətçiliyin ləğvi deməkdir. İkinci, əgər Babək “ümumiləşdirmə” ideyasının
yanlısı idisə, necə oldu 23 il davamlı olaraq döyüşə bildi?! Başı-ayağı bilinməyən
azman Xilafət ordusunu 6 dəfə darmadağın eləyən bir başçının, qəhrəmanın içi nə
qədər təmiz olmalı, ideyası nə qədər güclü olmalıdır ki, bu qalibiyyətləri
yetirə bilsin. Özü də nə ilə – qol ilə, qılınc ilə, nə top vardı, nə tüfəng
vardı.

Babək
İslama qarşı döyüşüb. Xilafət Babəkin üzərinə İslamın qara bayraqları altında,
bir əlində qılınc, bir əlində “Quran”, dilində “lailahəilləllah”
kəlməsi ilə gəlirdi. Babək müsəlman-zad deyildi. Necə müsəlman idi ki, özünün
dini dünyagörüşü var idi Xürrəmdinlik adında. O Xürrəmdinlik ki, onun canı fərəhçilik
idi: “İnsan gərək yaşayanda da fərəhlə yaşasın, döyüşəndə də fərəhlə döyüşsün,
öləndə də fərəhlə ölsün” deyirdi. Buna görə də yenilmirdi. İçində Şirvin gəzdirirdi.
Şirvin Qüdrət Allahının adı idi. Bu elə Babəkdən başlayan “Ənəlhəqq”
ideyası – “mənəm, məndədir Allah”. Bu ideya Zərdüştün İşıqçılıq təlimindən
gəlirdi. “Təmiz fikir, təmiz duyğu, təmiz əməl” ideyası insan qəlbinin
arılığını və qüdrətini yaradır.

Babəkin
adının Həsən olduğunu vurğulayanlar bilməlidirlər ki, o, doğulana qədər İslam dünyagörüşü
Azərbaycanda oturmuşdu. Dözülməz həyat ortamı yaratmaqla etnik mahiyyətimizə
müdaxilə etmiş, milli kimliyimizi alt-üst eləmişdi. Gələnəklərimiz də,
adlarımız da ərəbləşdirilmişdi. Öncə deyək ki, dünyaya gələn uşaq özünə ad
qoymur, ona adı ata-anası qoyur. Belə bir ortamda, ərəb şüurunun etkisi altına
alınmış atalar, analar öz övladlarına Həsən, Hüseyn, Əli, Əhməd, Məhəmməd,
Mustafa… adlarını qoyurdular, o çağlarda da, bu çağlarda da. Bunu deyənlər
baxsınlar öz adlarına, görsünlər hansıların valideynləri onlara türk adı
qoyubdur.

Televiziya
verilişində aparıcı Həmid Herisçi Babəki faciəvi qəhrəman elan edir. Nəyə görə,
çünki Babək haqqında fərqli fikirlər ortaya çıxıb, hamı onu birmənalı qəhrəman
kimi qəbul eləmir. Burada o, guya barışdırıcı mövqe sərgiləyir. Bununla da qəhrəman
adını minnətlə Babəkə “qaytarırlar”. Bu nə deməkdir, Babəkin minnətə,
minnətçiyə nə ehtiyacı var? Kimlərsə öz şüurundan Babəkin qəhrəmanlığını,
böyüklüyünü silə bilər, ancaq Babək haqqındakı həqiqət heç zaman dəyişməyəcək. O,
Azərbaycanın ölçüyəgəlməz qürur qaynağıdır.

Siz də,
ey Babək haqqında qara danışanlar! Babəkə Xilafət sarayında yazılan qaranlıq
tarixlərdən baxmayın. Düşmən dəyirmanına su tökməyin. Milli mənliyinizi qorumaq
imkanınız varsa, düşünün. Hərəniz özünüzdən bir millət obrazı quraşdırmayın…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=15426

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930