“Allaha bir addım qədər yaxın idi” – Samirə Ərəblinskaya yazır…

04.06.2022 - 14:57

Küləkli, boz payız günlərindən biri idi. Bakının NZS adlanan ərazisində həyat hər yerdə olduğu kimi bir təhər, yarı yaxşı, yarı pis davam edirdi. Hava nə qədər dumanlı, küləkli olsa da, buludların arxasından günəş sonuncu ümid kimi parıldamağa, yaşamağa çalışırdı.

Küçədə uşaqlar bu çiskinli havaya baxmadan futbol oynayır, o baş, bu başa qaçışırdılar.

Banu analığının evində bir küncdə əyləşib dərs saatını gözləyirdi. Universitetdə dərsi günorta başladığından həbsxana kimi gördüyü bu evdə saat 12-ə qədər oturmalı, analığının iynəli sözlərini eşitməli idi. Bilirdi ki, evdən tez çıxsa, gedəcək bir yer olmayacaq, küçədə soyuqda, ya da balaca universitetin dəhlizində dərs saatını gözləyəcək. Həm də o, eyni qrupda təhsil aldığı, qonşuluqda yaşayan yol yoldaşı Gülbənizi də gözləməli idi. Axı bir saatdan çox getdiyi yol təkbaşına sıxıcı olur, rayondan səs-küylü Bakıda özünə yer tapmağa çalışan qızın yadlığı daha da yadına düşürdü. Ona görə Banu analığı və analığının gəlini ilə əyləşib söhbətləşməli, ən azından onların suallarına can dərdi, zorla cavab verməli idi.

Amma bu dəfə söhbətin mövzusu o deyildi. Banu birazdan öyrənəcəkdi, illərdir özünü aldadıb, ovundurduğu, təəssüfləndiyi zaman ona dost olan bir həqiqətin, daha doğrusu bəhanənin neçə puç olduğunu biləcəkdi.

Hələ ki analığı Səmayə arvad nəvələrindən, oğullarından danışır, arabir də Banunu danlayıb, zəhərini axıdırdı.

Bir ailənin dağılmasına səbəb olan bu qadın qalın gövdəsini divana yayıb, guya hansısa ciddi işə fikir bildirir, gəlini Aytəkin də otağı süpürürdü. Birdən söz Səmayənin nəvəsindən düşəndə Banunun başında ildırımlar çaxdı, elə bildi ki, dünya dayanıb, bildiyi, inandığı hər şey yalan olub, özü də bu yalanın içində itib-batıb.

Axı analığı nəvəsinin müəllimindən və Banunun atasının onu necə məktəbə aparıb- gətirdiyindən danışırdı. Axı 18 yaşına qədər atası onun məktəbi ilə bir dəfə də maraqlanmamış, heç neçənci sinifdə oxuduğunu belə bilməmişdi. Banu isə atasının məktəblə, qələm-dəftərlə əlaqəsinin olmadığını düşünmüş, özünü belə ovutmuşdu. Bəs indi? İndi nəyə inanacaqdı? Gözündən axan yaşı analığına necə izah edəcəkdi? Getməyə yeri olmayan bu qızcığaz necə deyəcəkdi ki, sən ailəmizi dağıdan gündən, biz süfrədə tam olmamışıq. Necə desin ki, sən mənim uşaqlığımı, yeniyetməliyimi məhv edib, ən xoş çağlarımı viran qoymusan? Deyə bilməzdi. Çünki Banunun bu boz şəhərdə qalmağa, getməyə yeri, evi yox idi. O universitetə qəbul olanda nənəsi və atası şərt qoymuşdu: “Ya Bakıda onların evində qalacaqsan, ya da rayondakı universitetdə oxuyacaqsan”.

Elə bilmişdilər ki, Banu analığı ilə qalmağa razı olmayacaq və rayondan getməyəcək. Amma yox… Razılaşdı, onsuz da qaçmağa çalışdığı bu evdən, rayondan çıxmaq, öz məqsədinin ardınca getmək üçün analığının evini pillə kimi gördü. Zənn etdi ki, mənliyini, qürurunu heçə saya biləcək, eşitdikləri yaşadıqları ona ağır gəlməyəcək. Gözlədiyi kimi olmadı. Banu on ildir yaşadıqlarından, evdəki davalardan, ödənilən borclardan, maddi problemlərdən daha betərlərini gördü. Unutmaq istədiyi xatirələr hamısı bir-bir Banunun yaxasından yapışdı. Hələ də anası, nənəsi və qardaşı ilə rayonda minbir əziyyət çəkərkən, atasının Bakıda o qadının ailəsinə başçılıq etməsi Banunu məhv etdi. Atasının onlarla eyni süfrədə əyləşməsi və bir ailə olması bu qızcığazı daha da yaraladı.

Qəfil gözündən süzülən yaşı sildi. Bir neçə dəqiqə heykəl kimi oturub, sonra otağa çəkildi. Paltarlarını geyinib, saçını daradı, sanki heç nə olmamış, başında ildırım çaxmamış kimi üzündə təbəssüm yaratdı. Bəlkə də o gün özünə söz verdi, bəlkə də özü ilə hesablaşdı, bütün yaralarının üstünü bağlayıb çıxdı evdən. Yolun başında Gülbənizlə görüşüb dayanacağa getdi.

Əslində Banunun həyatı bir müddətdir ki, belə davam edirdi. Hamıya bibisi kimi təqdim etdiyi analığının evindən çıxanda özünü qanadına ilişmiş dəmir parçası çıxarılan göyərçin kimi hiss edir. Qanadından qan axsa da, uçmağı dayandırmır, bir gün bu yaranın tamamilə sağalacağını, ağ lələklərindəki qanın təmizlənəcəyini bilirdi. O gün isə nə Gülbənizlə, nə də digər qrup yoldaşları ilə danışdı. Bu susqunluq onu öldürsə də, üzündəki təbəssümü silib atmadı.

Atasına olan bu incikliyin, bəlkə də ona nifrətinin necə yox olacağını düşünürdü. Bunları fikirləşirdi ki, elə atasından zəng gəldi. Məcbur açıb soyuq şəkildə cavab verdi. Əhməd kişinin ilk sualı isə “Necəsən” oldu. Bu sualdan sonra elə bil Banunun başından aşağı qaynar su tökdülər, ağbəniz qızın rəngi qıpqırmızı qızardı, heç cavab vermək də istəmədi, telefonu söndürüb, universitet binasının ən sonuncu mərtəbəsinə qaçdı. Balkona çıxıb, üzünü Bakının küləyinə tutdu. Var gücü ilə qışqırıb illərin dərdinə, bütün ağrılarına, bir qırağa atılmış uşaqlığına, yeniyetməliyinə, ailəsini məhv edən atasına, başına bir dəfə də sığal çəkməyən anasına, onu çıxmaq istədiyi bataqlığa atan nənəsinə və uşaq qəlbini yaralayan hər kəsə üsyan etdi. Bəlkə də orada ya ölümə, ya da Allaha səsləndi. Axı ikisinə də bir addım qədər yaxın idi…

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176214

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031