Rejimlə dialoq haqqında
Dəyişiklik dialoq yolu ilə deyil, mübarizə ilə həll edilə bilər
Daha bir prezident seçkisi arxada qaldı. Bu seçki
analoqu olmayan Azərbaycanda analoqu olmayan pozuntular, qanunsuzluqlarla
müşayiət edildi. Hakimiyyət, ən ucqar kənddə ən ucqar məntəqələrdən belə yan
keçməyən saxtakarlıqlarla qəsb edildi. Hətta seçkilərin müşahidəsini həyata
keçirən ATƏT missiyası heç vaxt, heç bir ölkədə vermədiyi sərt bəyanatlar
verməyə məcbur oldu.Bəyan edildi ki, seçki məntəqələrinin 58%-də seçkilər
saxtalaşdırılıb. Bu hələ bəyanat vermək üçün əllərində olan faktlardır.
Bu görünməmiş
saxtakarlıqlar insanların iradəsinin qırılmasına, onların passiv itaət
mövqeyinə sövq edilməsinə, hətta demokratiya uğrunda mücadilə aparan bir çox
mübariz insanların belə qələbəyə öz daxili inamlarının itirilməsinə gətirib
cıxarıb.Bu fonda bəzi demokratlar rejimlə dialoq, danışıq və yaxud
konstruktivçilik yolunun təbliğatçılarına çevriliblər.
Müəyyən tipli
problemlər və konfliktlərin həllində danışıqlar bəzən faydalı vasitə ola bilər,
bunu tamamilə inkar etmək düzgün deyil.
Amma cəmiyyətin
gələcək inkişafı, demokratiya, insan hüquqları, legitim seçki, iqtisadiyyatın
liberallaşdırılması və sair kimi fundamental xarakterli məsələlərdə danışıqlar
problemlərin qarşılıqlı məqbul həll vasitəsi deyil. Bir çox prinsipial
məsələlərdə kompromis mümkün deyil.Yalnız hakimiyyət bölgüsünün demokratik
qüvvələrin xeyrinə dəyişməsiylə bu problemlər adekvat həllini tapa bilər. Belə
dəyişiklik isə dialoq yolu ilə deyil, mübarizə ilə həll edilə bilər.
Rejim tərəfindən
təklif edilən danışıqlar isə heç vaxt səmimi ola bilməz. Ölkədə korrupsiya,
monopoliya, qanunsuzluqların səbəbkarı bu rejimdir və hakimiyyət istədiyi an
bunların qarşısını ala bilər. Bunun üçün danışıq-zad lazım deyil.
Ola bilsin dialoqa
getməyi təklif edən demokratların niyyəti yaxşıdır. Amma nəyi müzakirə edəcəklər,
dialoqun mövzusu nə olacaq – hakimiyyət dəyişikliyimi?!!! Və yaxud raziliq əldə
ediləndən sonra qarşı tərəf razılığı pozanda nə olacaq, hansı resurslarla buna
mane olacaqsan? Sən hansı güzəştlərə hazırsan? Diktator demokratla nədə və nə
məqsədlə razılaşa bilər?
Demokratik
düşərgənin hansısa məsələdə düzəştə getməsi xatirinə diktator nə desən söz verə
bilər. Və çox qısa zamandan sonra razılaşmanı kobud şəkildə poza bilər. Biz öz
təcrübəmizdə belə şeyləri görmüşük.
Bu gün seçkilərə
kobud və aşkar müdaxilə nəticəsində hakimiyyəti qəsb etmiş rejimin həm daxili,
həm də xarici legitimlik problemi var. Rejimin qanuni statusu yoxdur. Belə
status olmadan nə qədər güclü görünsələr də zəifdirlər, daima hökm edə
bilməzlər. Dialoq tərəfdarları onlara belə status verməli deyillər.
Demokratik
düşərgənin hakimiyyətlə danışıq stolunun arxasına oturması rejimin legitimlik
problemini bir həmlə ilə həll edər.
Rafiq Manaflı, VHP Ali Məclisinin sədri
Short URL: http://www.cumhuriyyet.net/?p=3288