Avropaya doğru: bir addım irəli, iki addım geri

06.02.2014 - 23:48

Ukraynada baş verən proseslər  hakimiyyətin Rusiya ilə Avropa arasında
manevrinə son qoya bilər

Azərbaycan
kimi dövlətlərin “üstünlüyü” ondadır ki, onlar təsadüfdən təsadüfə hansısa
ciddi beynəlxalq sənəd imzalayırlar, amma imzalayanda onun təsdiq edilməsi,
parlamentdə ratifikasiyası ilə bağlı problem yaranmır. Əsl demokratik dövlətlər
isə belə deyil. Orada hökumətin bir sənəd imzalaması hələ işin yarısı deməkdir,
onu parlamentdən keçirtmək üçün əməlli-başlı “vuruşmaq” lazım gəlir. Budur,
Azərbaycan parlamenti bir neçə dəqiqə ərzində ötən ilin sonunda Avropa
Birliyilə (AB) imzalanmış viza rejiminin sadələşdirilməsi haqqındakı sazişi
ratifikasiya etdi.

Bunu
Avropaya doğru kiçik addım adlandırmaq olardı. Hərçənd ötən il böyük saziş
paketindən yalnız bunun imzalanması məyusluq yaratmışdı. Elə indi də, xüsusən
də Ukraynada baş verən proseslərdən sonra əksəriyyət belə düşünür ki, rəsmi
Bakı özünün siyasi aqibətindən ehtiyat edərək AB ilə tam sazişlər paketini
imzalamadı. Amma ölkədə ciddi bir etiraz (Ukraynadan fərqli olaraq) da
yaşanmadı. Bəlkə də bunu nəzərdə tutaraq rəsmi dairələr yarıciddi, yarızarafat
deyirlər ki, bizim ən böyük müxalifətimiz ölkədən kənardadır.

Elə
bu səbəbdən də hakimiyyət özünə əziyyət verərək siyasi sistemin mahiyyətini
pərdələməyə, ört-basdır etməyə çalışmır. Bunun bariz nümunəsi Ə.İnsanovla bağlı
keçirilən məhkəmə prosesləridir. Səhv etmiriksə, artıq dünyanın heç bir yerində
müttəhimi qəfəsdə əyləşdirmirlər. Onlar ya vəkillərinin yanında, ya da bir
qədər kənarda otururlar. Ə.İnsanovu isə son iclaslarda şüşə qəfəsdə
əyləşdirdilər. O, İ.Əliyevdən danışmağa başlayanda isə mikrofonu ümumiyyətlə
söndürdülər. Bu cür məhkəmə prosesləri bəlkə də Nürenberq tribunalı zamanı
olmamışdı.

Ona
görə də Avropa ilə siyasi təmaslarını artırdıqca hakimiyyət öz mahiyyətində
müsbət dəyişikliklər etməkdənsə, əksinə bir az da neqativ məzmun kəsb etməyə
başlayır. Ona görə də bilmək olmur, Avropaya doğru atılan hər kiçik addıma
sevinmək lazımdır, yoxsa buna tamam etinasız yanaşmaq? 

Elə
insanların da passiv münasibətini bununla yozmaq olar. Onlar belə hallara,
Avropa ilə yaxınlaşma aktlarına hakimiyyəti məhdudlaşdıran proses kimi yox,
daha çox onun siyasi mövqeyini gücləndirən addımlar kimi baxırlar. Amma bütün
bunlar nə vaxtsa hakimiyyətin əleyhinə də yönələ bilər. İndi, o, Rusiya ilə
Avropa arasında çox məharətlə manevr edir. Fəqət, Ukraynada baş verən proseslər
bu rəqsi hərəkətə son qoya bilər. Ukrayna prezidenti diqqəti bir qədər özündən
uzaqlaşdırmaq üçün məzuniyyət götürdü.

Amma
etirazlar sabit templə olmasa da hər halda davam edir. Artıq Ukraynada
ümumiyyətlə prezidentlik institutunun ləğv edilməsi haqda təkliflər səslənir.
Amma həmin təkliflə daha çox parlamentdəki kommunist bloku çıxış edir. Ola
bilsin, onlar hiss edir ki, prezidentlik postunu saxlamaq çətin olacaq. Ona
görə də özlərini sığortalamağa çalışırlar. Bütün hallarda Ukraynadakı
hadisələrdən çox şey asılıdır. ABŞ politoloqu Z.Brzezinski bu yaxınlarda
demişdi ki, indiki halda Ukraynanı müdafiə etmək Rusiyaya qarşı müharibə açmaq
demək deyil, ona normal post-imperiya dövləti olmaqda kömək etməkdir. Bəlkə də
bu çağırışa cavab olaraq ABŞ dövlət departamenti bir neçə dəfə Ukrayna
müxalifətini müdafiə edən bəyanatlarla çıxış etdi.

Azərbaycan
həmişə “Ukraynadan irəli keçməmək” siyasəti yürüdüb. Ona görə də Ukraynada Qərb
tendensiyası qalib gələrsə “güclünü duymaq intuisiyası” o həddə çatacaq ki,
Azərbaycana da öz geosiyasi oriyentasiyasında ciddi düzəliş etməyi diktə
edəcək.

Amma
bu, cəmiyyətə nə verəcək? Azərbaycan Avropanın əsas enerji partnyorlarından
biri kimi qalacaq, yoxsa Avropa dövləti olacaq? Məsələ ondadır ki, Qərbin
geosiyasi və geoiqtisadi partnyoru statusunu almaq indiki siyasi sistemi
gücləndirə də bilər, onun siyasi təminatı olar.

Ən
azı ona görə ki, H.Mubarak-ın 30 illik hakimiyyəti müəyyən mənada həm də Qərbin
ona qarşı loyallığının nəticəsi idi…

Short URL: http://www.cumhuriyyet.net/?p=3971

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930