Mübarizə yolunu bağlayan yolkəsənlər

10.02.2014 - 00:38

1965 ya da 1966-ci ildə kəndimizdə rəhmətlik Əliaga müəllimin
evinin qarşısında körpü tikirdilər. Babamın gözləri tutulduğundan onun əlindən
tutub söhbətlərini dinləmək üçün körpütikənlərin yanına getməsinə kömək etdim.
İndiyə qədər xatırlayıram. O zaman babam mənə yol və körpü tikməyin çox yaxşı əməl
olmasından, savabından xeyli danışmışdı. Bu işin savab olmasını da ilk dəfə
onda eşitmişdim. “Quran”ı oxuyub öyrəndikdən sonra yol kəsənlər yol göstərənlər
oldular”.

Bu ifadə isə Pakistan şairi Məhəmməd İqbala məxsusdur. Bu
ifadə də “Quran”ın böyüklüyünə işarədir. Azərbaycanda isə oxuyub təhsil
alanların ( həm də dini təhsil) əksəriyyəti sonradan elə bil yol kəsən olurlar.
Bunu çəkinmədən həm tikinti sektoruna, həm də mövcud idarəciklik sisteminə aid
etmək mümkündür. Bütün Azərbaycan böyük tikinti meydançasına bənzəyir. Acısını
çəkənlər isə Bakıda daha çoxdur. Bakıdakı tikililərdən əziyyət çəkən şəxs kimi
bəzi qeydlərimi dostların diqqətinə çatdırmağa qərar verdim. Bakıda bina, yol,
metro tikintisinin aparılması təbii ki, zəruridir və davam etməlidir. Lakin bu
tikililər insanların hüquq və azadlıqlarını məhdudlaşdırmadan, digər küçələrə,
həyətlərə və evlərə çirkab axıtmadan, həmin ərazilərdə olan mövcud yolların müvəqqəti
də olsa bağlanmasına səbəb olmadan həyata keçirilməlidir. Qanunvericiliyin tələbinə
görə, indi yol, körpü, bina, metro tikintisi və ya əsaslı təmir işləri tenderlər
qalib olmuş tikinti firmaları tərəfindən həyata keçirilir. Müəyyən olunmuş
qaydalara görə, tenderdə qalib gəlmiş yol çəkən və ya təmir işləri aparan təşkilat
ilk öncə insanları təhlükəsiz alternativ yolla və ya müvəqqəti keçidlərlə təmin
etməlidir. Müvəqqəti çəkilən və ya hazırlanan alternativlər isə əvvəlki vəziyyətdən
pis olmamalıdır. Yalnız bundan sonra təmir və ya yenidənqurma işlərinə başlamaq
olar. Məsələn, əgər asfalt örtüklü yollar genişləndirilirsə ilk növbədə
alternativ asfalt örtüklü müvəqqəti yol tikilib təhvil verilməlidir ki, sürücü
və ya piyadalar çətinliklə üzləşməsin. Başqa sözlə, indi olduğu kimi insanlar
torpaq örtüklü yollara istiqamətləndirilməməlidir. Çünki yol çəkilişi ilə məşğul
olanlara həm də alternativ müvəqqəti asfalt örtüklü yol üçün kifayət qədər
böyük məbləğdə vəsait ayrılır. Azərbaycanda müvəqqəti alternativ yolların çəkilişi
təcrübəsi ya tamamilə yoxdur, ya da görüntü xarakteri daşıyır. Məsələn,
Papanində və BDU- nun yanında tikilən metro stansiyalarına görə alternativ
yollar nəzərdə tutulsa da ümumiyyətlə yollar bağlanıb və paytaxt sakinləri
bundan çox əziyyət çəkirlər. Və ya 3-cü mikrorayon dairəsində yol ötürücülərinin
tikintisi ilə əlaqədar olaraq çox darısqal alternativ yol düzəldilsə də, həmin
yol birtərəflidir, asfalt örtüyü yoxdur, daha çox şəhərin digər hissələrinə
çirkabın daşınmasına xidmət edir. Bakıda aparılan bəzi çox əhəmiyyətli tikililər
və təmir- tikinti işlərindən sonra yolların piyadalara aid hissələrinin zəbt
edilməsi, avtomobil yollarının daralması da adi hala çevrilib və heç bir
etirazla qarşılanmadan həyata keçirilir. Məsələn, Bakının girəcəyində
“İnturist” mehmanxanasının geri çəkilməsi tələb olunduğu halda onunla üzbəüz
daha bir otel tikildi və nəqliyyat vasitələrinin hərəkəti xeyli məhdudlaşdırıldı.
Bu tikili əslində Bakıya girəcəkdə tikilmiş geniş yolların mahiyyətini xeyli
azaltdı. Bakıya yaraşıq verən “4 fəsil” və “Alov qüllələri” otelləri də həmin ərazidə
olan əvvəlki tikililərlə müqayisədə yola daha yaxın tikilməklə əslində sürücülərin
və piyadaların vəziyyətini daha da ağırlaşdırdı. Daxili İşlər Nazirliyi və
Milli Təhlükəsizlik Nazirliklərinin əsas binalarındakı təmirdən sonra həmin
binaların ətrafı dəmir çəpərə alındı, həmin ərazilərdə olan piyada yolları kəsildi
və avtomobil yolları daraldı. Müxtəlif adlarla peyda olan marketlər də yolların
üstündə tikilməklə hərəkəti məhdudlaşdırır və tıxacları artırır. Yol boyu
yanından ötdüyüm hər marketin qarşısında tıxac problemi və insanların həyatına
yaranan təhlükənin şahidi oluram. Masazırda onsuz da tıxacların çox olduğu ərazidə
acılan “Araz” market və “Şok” market isə həqiqətən hər gün məni bir neçə dəfə
şoka salır. Bu marketlərin açılmasına razılıq verməklə bir- iki sahibkarın mənafeyinə
bütün kənd sakinlərinin marağını qurban verənlər heç şübhəsiz ki, ən pis sözlərə
layiq olanlardır. Dirilərimiz azmış kimi ölülərimizin də hesabına yol bağlamaq
adətinə yiyələnmişik. Yol kəsməyə elə vərdiş etmişik ki, Bakıda fəaliyyət göstərən
beynəlxalq təşkilat və səfirliklər də tərəddüd etmədən bu vərdişə yiyələndilər.
ABŞ səfirliyi Rəsul Rza küçəsinin səfirliyin arxasında olan hissəsini, Türkiyə
səfirliyi Bakıda uşaqların sevimli parkını, Rusiya səfirliyi Bakı gənclərinin və
tələbələrin ən çox sevdiyi parkı “uf” demədən özününküləşdirdi, yolların giriş-
çıxışını bağladı. Gündəlik istifadə etdiyimiz yollarda yaranan əngəllər bəlkə də
başqa “yollar” haqqında düşünməyə imkan yaratmamaq üçündür. İnsan həmişə yeni
yollar axtarışında olmalı olduğu halda, biz hər gün daha hansısa yolların
bağlanmasını gözləyirik. Bu gün bağlanan yolların sayının artması daha çox
MÜBARİZƏ YOLUnu itirməyimizlə bağlıdır. Son zamanlar yol hərəkəti qaydalarını
pozan piyadaları 20 manat cərimələyənlər yolkəsənlərin qarşısında baş yelləmək
və ya əl çalmaqla məşğuldur. Yolların bağlanması bəlkə də fəlakət kimi ğörünməzdi,
əgər bu kimi hallara etiraz edənlərin, haray çəkənlərin, mübarizə aparanların
aqibəti həbs olmasaydı. Yol kəsməyin cəzası və günahı nə qədər ağırdırsa, belə
hallara susmağın cəzası ondan daha ağırdır.

P.S. 5 yaşında babamı körpüsalanların yanına aparanda o mənə
nə yolkəsməyin, nə də yol sökməyin günahlarından danışdı. İndi də bu barədə
danışanlar yoxdur.

 

Əlövsət Əliyev

Short URL: http://www.cumhuriyyet.net/?p=4050

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930