Avropalı və bizim milyarderlər
Hər
kəs necə qazanıbsa, elə də xərcləyir
“İstəyirəm
ki, AST Telman mənə də villa alsın. Mən onun villa aldığı müğənnilərin
hamısından yaraşıqlıyam…”. Bunlar yerli mətbuata müsahibə verən bir müğənninin
sözləridir… Adıçəkilən milyonçunun ismi illərlə gənc müğənnilərə o qədər də
təmannasız görünməyən yatırımlar etmək məsələsində hallanmasaydı, belə bir
təklif də olmayacaqdı.
Əgər milyonçu öz ziyafətlərinə dünyanın ən bahalı
müğənnilərini, aktrisalarını gətirirsə, başının dəstəsini Şakiranın mahnısının
sədaları altında məhz özü istədiyi kimi rəqs etdirirsə, Hollivud ulduzlarına
dəyəri milyonlarla ölçülən hədiyyələr, Rusiyalı ifaçılara villa bağışlayırsa,
onda ucuz şöhrətli Azərbaycan müğənnisinin də yüngülvari villa istəməyi
başadüşüləndir. Özü dediyi kimi, Nikolay Baskovdan daha yaraşıqlıdısa, həmin
milyonçu niyə də ona villa almasın?
Biz oxşar, əxlaq və məbləğ sarıdan bir aşağı, beş
yuxarı eyni hərəkətləri elə öz ölkəmizdə yaşayan, pullarını buradan qazanan milyonçular,
oliqarxlardan da görürük. Hamısı pullarını eyşi-işrətə, müğənnilərə, xarici
ulduzlara xərcləməyi fəxr bilir. Bununla öyünürlər. Birinin adı türk aktyoru
ilə yeyib-içmək, dostluq etməkdə hallanır, digərinin adı bir müğənni xanıma
yarım milyonluq maşın almaqda, birinin də adı bir milyona ayı kababı sifariş
verməkdə.
Oliqarxlar və oğullarının səsləri mütləq hansısa
kef məclislərindən eşidilir. Ayı, müğənni, villa, maşın, kimisə döymək…
azərbaycanlı milyonçuların adlarının assosiasiya olunduğu sözlər bunlardır…
Gəlin, bəzi azərbaycanlıların “əxlaqsız”,
“tərbiyəsiz”, “böyük-kiçik yeri bilməyən” adlandırdığı Avropaya da baxaq, Qərb
milyonçularının nə işlə məşğul olduğuna da fikir verək. Bill Qeyts, mərhum Stafe
Cobs, Mark Zikerberq və indi adları yadıma düşməyən onlarla Qərb milyonçuları
öz pullarını nələrə xərcləyiblər? Xeyriyyəçilik, elmi işlər, araşdırmalara
yatırımlar, milyonların həyatını xilas etmək məqsədilə qurulmuş fondlar… Siz
heç eşitmisiniz ki, bu adamlardan biri bir milyona ayı kəsdirib yesin, hansısa
qadın müğənniyə milyonluq maşın bağışlasın, ya da hansısa gənc müğənni özünü bu
adamlardan birinə təklif eləsin? Yəni, misal üçün, “Qoy Bill Gates mənə də
villa alsın, mən Justin Biberdən də yaraşıqlıyam” deyən bir qərb müğənnisinin
müsahibəsini oxumusunuzmu? Yox. Oxumamısınız, oxuya da bilməzsiniz…
Bu adamların öz pullarını kef məclislərinə,
eyş-işrətlərə, çirkli münasibətlərə deyil, ləyaqətli işlərə xərcləməsinin
səbəbi də var. Bill Gates-in, Steve Jobs-un milyonlarını qazanmağı ilə
azərbaycanlı milyonçuların varlanmağı fərqli şəraitlərdə baş verib. Qərb
milyonçuları sağlam, qanuni şərtlər altında çalışıblar, zəhmət çəkiblər, pul
qazanıb, vergi ödəyiblər. Onlar ödədikləri verginin insanların sosial
müdafiəsinə, qocalara təqaüd, xəstələrə tibbi xərclər kimi ödənməsinə
alışıblar. Bu, onlar üçün qəbul olunmuş bir şeydir.
Azərbaycanlı milyonçular, istər Rusiyada, istərsə
də Azərbaycanda varlananlar pulu həmişə “şapka” kimi ödəyiblər, “obşak”a pul
köçürüblər. Ödədiklərini həmişə qeyri-qanuni ödəyiblər, o pulların özlərindən
böyüklərin ciblərinə axmasına öyrəşiblər. Pulu qanunsuzluğa, özlərindən
böyklərin şəxsi həzlərinə ödəməyə alışıblar. Və o puların hamısı inhisarçılıq,
istismarçılıq, qanunsuzluqlar bahasına qazanılıb. Bu şərtlər altında qazanılan pulların
ləyaqətli işlərə xərclənməsi mümkün deyil. Onlar ödədikləri pulların sadə
insanlara, sağlamlığa, xeyir işlərə, təqaüdlərə xərclənməyinə alışmayıblar,
belə şeylər onlar üçün yaddır. Bu adamlar öz çirkli milyonlarını elə çirkli
münasibətlərə, müğənilərə, eyş-işrətə, oğru dünyasına, mənəvi çəkisi olmayan
şeylərə xərcləyə bilərlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=4394