Azərbaycanda neçə kişi var?
Hacıbala
Abutalıbovun bir xalqa ünvanlanan təhqir üzərində düşüncələr
Statistikaya baxsaq kişi vətəndaşların sayı,
təxminən əhalinin yarısı qədərdir. Beş aşağı, beş yuxarı – vəziyyət budur. Nəinki
Azərbaycanda, bütün dünyada bu, belədir. Düzdür, qadınların sayı bir qədər
çoxdur, amma ümumi mənzərə belədir. Bu bərabərlik, Yaradanın yer üzündə
bərqərar etdiyi nizam, simmetriya, ahəng kimi prinsiplərdən xəbər verir. İndi,
Bakı şəhərini və bakılıları idarə edən Hacıbala Abutalıbov deyir ki, “Ölkədə
bir dənə kişi var, o da bizim prezidentdir”.
Aydın məsələdir ki, Hacıbala bunu fiziki mənada deməyib.
Bəs, dərdi nədir bu adamın? Azərbaycanda “kişilik”, cinsiyyətdən ziyadə mənəvi
kateqoriyadır. Bizdə kiməsə “sən kişi deyilsən” deyəndə onun namusuna,
qeyrətinə, sözü bütövlülüyünə, mərdliyinə, cəsarətinə, öz ailəsi, bəlkə də
sülaləsi üzərindəki hakimiyyətinə şübhə edirsən. Hacıbala da, əlbəttə bunu
demək istəyirdi və etirazlar da buna görədir. Hacıbala deyir ki, biz
azərbaycanlılar “adam kişi olar”, “kişi ol”, “kişi kimi qadın”, “kişinin
hulqumu olar”, “yekə kişisən” deyəndə nəyi və kimi nəzərdə tuturuqsa, bax bu
keyfiyyətlər ancaq bizim prezidentə aiddir. Bu üstün göstəricilər yalnız onda
var. Qalanları? Nə bilim, bilmirəm. Qalanları da yəqin ki,
“arvad” olar.
Əslində biz, azərbaycanlılar, çox matriarxat toplumuq.
Ölkə bütövlükdə matriarxatdır. Azərbaycanı və azərbaycanlıları qadınlar idarə
edir. Mübahisə etməyin, nə olar. Sadəcə bununla razılaşın. Xahiş edirəm
razılaşın. Hətta gündə beş yol təpiklənən ananız, bacınız, qızınız, arvadınız
belə bu ali həqiqəti dəyişməyəcək. Azərbaycanlılarda ilk söz də, son söz də
qadınındır. Bu, sadəcə olaraq belədir. Sarsılmaz faktdır. Aksiomdur.
Qıraqdan baxan, işin içində olmayan adam bunları heç
vaxt görə bilməz. Ən kritik məqamlarda, bizdə qadınlar qabağa atılır. Çünki,
bizdə qadınların toxunulmazlığı var. Məhəlli etiraz aksiyalarında, həmişə öndə
qadınları görəcəksiniz. Üz cıran, saç yolan, qarğış deyən, polisə şığıyan,
müxalifətçilərin üstünə daş, yumurta atan onlardır. Bir-bir video arxivləri
açın, baxın. Yeri gəlmişkən, bizdə hər zaman (ən azından vəziyyət düzələnə
qədər) ən bərkgedən hüquq müdafiəçiləri, ən radikal jurnalistlər də qadınlar
olacaq. Bunun səbəbi onların kişilərdən daha bacarıqlı və istedadlı olmaları
deyil. Əlbəttə deyil. Bunun səbəbi, bizim cəmiyyətdə qadınların malik olduqları
gizli toxunulmazlıq statusudur.
Hacıbala nöqtəni qoydu. “Ölkədə
bir dənə kişi var, o da bizim prezidentdir” dedi.
Bundan sonra nə olacaq? Heç bir şey. Uzaqbaşı yenə qadınlar ayağa qalxacaq.
Ciddiyəm. Bizim matirarxat qəribə matriarxatdır. Görüntüdə kişi dominantlığına,
kişilərin güya üstün olduğuna ehtiyacı var. Yəni öz kişisinin imicinin
qayğısına qalır bizim qadınlar. “Ədə cıraram səni” leksikonuna malik Azərbaycan
qadını üçün, öz “lox” ərinin reputasiyasından vacib bu həyatda heç nə yoxdur.
Bizim matriarxat reklama ehtiyac duymur. Bizim matriarxat “Mən ərimdən
qorxuram, ooooy xasiyyəti ağırdır, öldürər məni” deməkdən zövq alır. Nəhayət,
bizim matriarxatın ən məşhur minusovkası: “Küçəyə, mitinqə çıxma. Məni,
balalarını düşün. Nəyinə lazımdır siyasətə burnunu soxursan…”
Doğrudan da, heç nə baş verəsi deyil, həyacanlanmayın
hörmətli vətəndaşlar. Həyacanlanmayın. Bizdə gərək rayon adı çəkəsən ki, bəlkə
bir tərpəniş olsun. Amma Hacıbala göründüyü qədər də şizofrenik deyil – Azərbaycanlılar
kişi deyil demişdir. Ağıllı gedişdir. Azərbaycan da bölgə deyil ki, ayağa
qalxsın. Həm də Hacıbalanın prezident kimi bir sipəri var. Hər halda hansısa
rayonun camaatını icra başçısının təhqir etməsi ilə bir deyil.
Qarşıda nə
illər, nə onilliklər var. Daha ağır təhqirləri də görəcəklər azərbaycanlılar.
Mütləq görəcəklər.
Əli Əkbər, meydan.tv
Short URL: http://www.cumhuriyyet.net/?p=4395