Daha bir İnsan itirdin dünya
VİDA SÖZÜ
Atam həmişə
deyir ki, “Dünya yaxşı insanlara möhtacdır… Bu böyüklükdə dünyanı yaxşı
insanlar çiyinlərində aparır”.
Di gəl ki, Tanrısına təpik atan
bu Dünya heç zaman onu çiyinlərində aparan İnsanların qədrin bilmir, əməllərinə
düzgün dəyər vermir. Elə buna görə də həmişə ulu tanrı yaxşı insanları seçib
tezcə də öz dərgahına aparır.
Martın 3-də səhər saat 3.29
dəqiqədə gözəl insan, vətənpərvər ziyalı, alovlu publisist, Gəncə Dövlət
Universitetinin baş müəllimi, Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliklərinin üzvü, “Ruzigar” qəzetinin redaksiya heyətinin üzvü, fəal və
dəyərli müəlliflərindən birincisi. 2008-ci ildə “Elm” nəşriyyatı tərəfindən
nəşr olunmuş iri həcmli (23,5 çap vərəqi) “Siyasət naşıları sevmir” kitabının
müəllifi) Əlvan Mədət oğlu Əliyev (Kəbirli) bu dünyadan əlini üzüb, gözlərini
çəkib, ulu Tanrının dərgahına köçdü.
Allahdan Əlvan müəllimə rəhmət
diləyir, məzarın nura boyansın deyirik! Ailəsinə, doğmalarına, dost-tanışlarına
dərin hüznlə başsağlığı veririk.
Göz işığından məhrum olan xanım
şairə Ülkər Atəş demiş:
Nəfsə uyub yapışmışıq
tamahdan,
Bu günümüz narahatdır sabahdan,
Yetən-yetəncənnət umur Allahdan,
Döndərmişik cəhənnəmə dünyanı.
Nə torpağı, nə insanı yaşatdıq,
Arzulara, diləklərə daş atdıq,
Şeytana yox, mələklərə daş atdıq,
Döndərmişik cəhənnəmə dünyanı.
REDAKSİYADAN: 2014-cü ilin mart ayının 3-də Gəncə Dövlət Universitetinin baş müəllimi, respublikanın qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, , “Ruzigar” qəzetinin redaksiya heyətinin üzvü, fəal və dəyərli müəlliflərindən birincisi Əlvan Mədət oğlu Əliyev (Kəbirli) bu dünyadan gözlərini çəkib, ulu Tanrının dərgahına köçdü. Əlvan Mədət oğlu Əliyev (Kəbirli) 1947-ci ilin 25 iyulunda Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulmuşdu. İlk təhsilini Salmanbəyli kənd yeddillik məktəbində alıb. 1964-cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini bitirib və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub. 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək təyinatla H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib. Ömrünün sonuna kimi GDU-nun sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb.
1968-ci ilin noyabrından 1969-cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1974-1977-ci illərdə S.M.Kirov adına ADU-nun (indiki BDU) fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H.Zərdabi adına KDPİ-yə (indiki GDU) qayıdıb.
1988-ci ildən xalq hərakatının önündə gedib. 1990-1992-ci illərdə Gəncə şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1992-1993-cü illərdə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
1975-ci ildən dövrü mətbuatda elmi, elmi-publisist yazılarla çıxış edirdi. 1988-ci ilin fevral ayından etibarən bu sahədə fəaliyyəti daha intensiv şəkil almışdı. Azərbaycan Respublikasının aparıcı jurnallarında və məcmuələrdə, 40-dan artıq aparıçı qəzetdə isə yüzlərlə məqaləsi dərc olunub. “Siyasət naşıları sevmir” adlı 23,5 çap vərəqi həcmdə kitabı 2008-çi ildə “Elm” nəşriyyatında çap edilmişdir.
Ailəli idi. 3 övladı, 2 nəvəsi var.
Short URL: http://www.cumhuriyyet.net/?p=4791