Əgər Azərbaycanda 1 kişi varsa…
8 Mart Beynəlxalq Qadınlar Günün mübarək,
sevimli xalq!
Güləcək
gündə deyilik!
Amma
heç olmasa bu gündə gülümsəməliyik, onu da düz-əməlli bacarmırıq.
Bu sətrlərin
bu köşəyə heç bir dəxli yoxdur, elə belə yazdım…
Bu
gün günlərin qadınıdır.
Əslində
qadınlar günü yox, bizim millətin anladığı dildə “kişi” olmağın test günüdür.
“Pulun varsa kişisən” deyimi elə bil bu gün üçün söylənilib deyəsən.
Bəzən
insani dəyərləri nəzərə alıb bu deyimə, ya da nə bilim adını siz uydurun, hər nədirsə,
ona “yalan sözdür” deməyim gəlir. Amma alınmır. Azərbaycanda artıq insanların
sosial yaşamı o qədər pisləşib ki, bayramlar, toylar, xüsusi günlər gələndə
adamlar başlarını soxmağa yer axtarır.
Məncə,
8 Mart qədər gözəl bir günə “kişilərin qara bayramı” adının yapışdırılması da əlacsızlığın,
çarəsizliyin və ən əsası kasıbçılığın ən bariz nümunəsidir.
İnanmıram
ki, hansısa bir kişi heç olmasa ildə 1 dəfə sevdiyi qadına hədiyyə almaq istəyində
olmasın. (O başqa məsələdir ki, Azərbaycan ailəsində qadın sevgili deyil –
sevgili rolunda oynadılandır).
Məsələ
həm də “gərək bahalı hədiyyə alasan ki?” kimi ritorika ilə nöqtələnməməlidir.
Kişiliyin fəlsəfəsində hər zaman özünü göstərmək, güclü olduğunu sübut etmək
var. Bu üzdən hər bir kişi sevdiyi qadına ən gözəl hədiyyəni almaq ümidi ilə 1
il sərasər çalışa bilər. Amma sonunda bu istəyi reallaşdırmaq, ən bahalısını
olmasa da, sevdiyi qadını aldığı hədiyyə ilə heç olmasa həmin hədiyyənin borca
aldığını deməyə məcbur olduğu günədək xoşbəxt edə bilmək belə hamıya nəsib
olmur. Hətta bir dəstə gülü belə ala bilməyib “özüm sənə ən böyük hədiyyəyəm”
deyib ümidini qadının dərrakəsinə buraxıb, çoxu zaman da anlayışla qarşılanan
çox kişi var ölkəmizdə.
Belə
olmamalıydı. Hər şey tam fərqli ola bilərdi. Hətta hər şey tam tərsinə də ola
bilərdi.
Güzəran
pisdir, anlaşılandır! Səbəbi nədir? Niyə Azərbaycanda qul kimi dayanmadan işləyən
kişilər hər bayramda “ən böyük hədiyyə” olduqlarını birdən-birə yada salmalı
olurlar?
Cavabı
Dubayda milyonlarla dollara alınan villalarda, xarici banklarda yatan
milyardlarda gizlidir.
Azərbaycanda
artıq çoxdan haqqından imtina edib tapdığına “min şükür” deyib bu haqsızlığı
ona yaşadanlara biət edən kişilər formalaşıb. Artıq Azərbaycan kişisi etiraz
etmək istəmir, imtina etməyi arzulamır. Mənəvi olaraq axtalanıb və bu
yaşamından olduqca məmnun görünür. Heç olmasa, özünü belə göstərməyə çalışır.
Guya qürur sərgiləyir…
“Sovetski”
deyilən ərazini sökürlər. Orda yaşayan insanlar bizim ədəbiyyat kitablarından
oxuduğumuz, sözün üstündə baş kəsən insanlardı. Onların vətəni əslində elə
“Sovetski”di. Onların var-dövləti də evləri, 18-20 kvadratlıq daxmalı deyil!
Onların hər şeyi “Sovetskidə yaşayıram”dı. Düşünə bilirsinizmi, bütün həyatını
bu qürurla yaşayan insanları Bakının ən ucqar nöqtəsinə – Hövsana sürgün edirlər.
Səbəb nədir? Pulsuzluq! Onlar artıq bakılı olmağın, mərkəzdə yaşamağın qürurunu
yaşaya bilməzlər! Bu haqqı onlara tanıyan hakimiyyət yoxdur! Onlar artıq ən
yaxşı halda ədəbi personajlardır, o qədər…
“Sovetski”nin
sökülməsi qərarının icrasının elan olunması ərəfəsində Bakının meri də orada
idi. Niyə getdiyini eşidəndə anlaya bilmədim. Amma onun “Sovetski”də dediyi o məşhur
və məşum sözü eşidəndə başa düşdüm ki, Abutalıbov yoldaş ora yalnız və yalnız
“Azərbaycanda 1 kişi var, o da cənab prezident İlham Əliyev” sözünü deməyə
gedib…
P.S.
Bu köşəni təsadüfən “8 Mart Beynəlxalq Qadınlar Günü”ndə yazmadım. Əslində məqsədim
Hacıbala Abutalıbovun açdığı qafiyəyə “söz tutmaqdır”. Əgər bu günə kimi
Abutalıbov yoldaş Azərbaycan xalqından üzr istəməyibsə, məncə “8 Mart Beynəlxalq
Qadınlar Günün” mübarək əziz xalq deyə bilərik!
Əgər
bu günə kimi Abutalıbov yoldaşa Azərbaycan kişisini təhqir etdiyinə görə üzr
istədə bilməmişiksə, yenə də “8 Mart Beynəlxalq Qadınlar Günün” MÜBARƏK ƏZİZ
XALQ deyə bilərik!
Amma
hesab edirəm ki, Azərbaycanda Hacıbala Abutalıbov və onu bu yanlışından sonra
belə vəzifəsində saxlayanlardan fərqli düşünənlər də var! Onlar Qarabağı alıb
Azərbaycana qaytaracaq kişilərdir! O kişilər ki öncə uçurulan evlərini
qorumaqla ev qorumağı, yurd qorumağı öyrənirlər. O kişilər ki, öncə sındırılan
qürurlarını və oğurlanan dövlətlərini özlərinə qaytarmağı öyrənirlər! Bax, o
kişilər var olduqca, Hacıbala yoldaş, sən ancaq lətifəsən… özün boyda lətifə…
Short URL: http://www.cumhuriyyet.net/?p=4922