Tanrıya şikayət

15.07.2016 - 13:00

rrrİşığımızı da bahalaşdıran Tarif Şurasına ithaf olunur

Qiymətlərin bahalaşıb dəyərlərin ucuzlaşdığı məmləkətimizdə hər şeyi artıq üzücü heyrət və ya heyrətamiz üzüntü içində izləməkdəyik. Dünən gecə xəbər aldım ki, Tarif (qiymət) Şurası adlanan qurum elektrik enerjisini də bahalaşdırdı. Üzümü Allaha tutub bu şeri yazdım. Şerin adını da “Tanrıya şikayət” qoydum ki, ondan başqa şikayət edəcək yerimiz də yox.
Hə, bu arada “tarif” sözü Atlantik sahillərində gəmilərin pulsuz (!) yan ala bildiyi bir limanın adından qalıb. Amma bizim Tarif Şurasına bunun heç dəxli yoxdur. Nə isə, söhbət uzandı. Şeri oxuyun, özüünüz qiymət verin.

Tanrıya şikayət

Tanrım, dəyərlər çaşıb,
Şor da dönüb yağ “olub”.
Ayaqlar başa keçib –
Hər şey baş-ayaq olub.

Sünbülün qiymətinə
Başağını satırlar.
Anaya öz doğduğu
Uşağını satırlar.

Həkim var, cibimizi
Bax, gör, nə yolla kəsir!
Xəstə ayaq bir yana,
Sağlamı pulla kəsir.

Nə zülümmüş lombardın
tələsində ov olmaq!
Bankdan kredit alıb
Ömürlük girov olmaq!.

Ölürsən öl – bahalı,
Sevirsən sev – bahalı. ..
Ölüyə qəbir yeri,
Diriyə ev bahalı…

O havayı verdiyin
Dənizi də “atıblar”.
Hasarlayıb bölüblər,
Bizə pulla satıblar.

Qorxuram, havaya da
Tarif ağa bac qoyar.
Səmanı çəpərləyib,
Günəşə sayğac qoyar.

Barı gözlərimizi
sən qoru, bizə lazım!
İşıq da bahalaşdı –
Göz nuru bizə lazım.

Rəhm elə, əlimizi
əlindən üzmə, Allah!
Bizə pulsuz verdiyin
İşığı kəsmə, Allah!

Short URL: http://www.cumhuriyyet.net/?p=69787

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728