Akif Səməd – İşıqlı şeiriyyət yolçusu
Söz
Tanrıdan sonradır. Ancaq Tanrını da tanıdan Sözdür. Ona görə Sözü Tanrı ilə cərgələşdirmək
yox, vəhdətdə götürmək gərəkdir. Tanrı ilə vəhdətdə olan Söz hansı könüldə nəğmə
qoşursa, o könül yiyəsi mürşidə çevrilir: Dərdi tanıyan, bəsləyən, sevən bir
mürşidə; Dərddən ümid yaradan, ümidi könüllərə yazan bir mürşidə.
Könül
əhlinin dünyası dərd özüllü dünyadır, ona görə də əlçatmazdır. Əlçatan dərd şəxsin
fərdi-fiziki taleyinin ifadəsi olur.
Dərd
də yaşamaq istəyir. Yaşayır ki, könül əhlinin dünyası var olsun.
Dərd
yaşamağa həmişə böyük ürəklər axtarır. Balaca ürəklər Dərd yükünü daşımağa
qadir olmur. Böyük ürəkdə dərd böyüyür, artır ürək sahibini torpağa gömənə qədər
şiddətlənir. Ancaq özü torpağa gömülmür. Yaşadığı ürəyin gözəlliyi ilə birgə
yeni ürəklərdə bərqərar olur…
Beləcə,
dərd yüzillər yol gəlir, ürəklərdən ürəklərə yol olur, ürəkləri bir-birinə
bağlayır. Biz, dərdli ürəklərin harayında yüzillər öncəki könüllərin gözəlliklərini
tanıyır, sevdalarını sevir və keçmişlə gələcəyin əlaqəsini dərk edirik.
Dərddən
qaçan Tanrını tanımaz. Tanrıya qovuşmaq – Tanrılaşmaq Yolu – Dərd Yoludur, kədər
yoludur, zəhmət yoludur. Bu yolu başlayanın ömrü İşığa çıxır və dünyaya işıq gətirir.
Dərd və İşıq – fərqli görünsə də vəhdət təşkil edir. Şeiriyyət işıq deməkdir,
o, balaca ürəklərdə yanmır. Ümumən balaca şeir olmur. O, ya var, ya da yoxdur.
Şeiriyyət say deyil, riyazi hesablanmır, şeiriyyət könüllərdə bəstələnən əbədiyyət
nəğməsidir. Əbədiyyət nəğməsi oxuyan könüllər ölməz. Çünki başqa könüllərə
sevda bəxş edər. Sevdalı ürəklər müqəddəs münasibətlər ahəngini yaşadar.
Budur
şair ömrü, şeiriyyətin varlığı – Dərddən başlayır, İşığa çevrilir. Saf düşüncələr,
saf niyyətlər, saf əməllər qaynağı olur Dərdli Ürəklər…
Bu
yazıda biz dərdinə qonaq olmaqla işıqlı düşüncələri ilə tanışlaşdığımız Akif Səmədi
təqdim edirik. Akif Səməd tək-tək yaşayan yaradıcılardandır. Onun üstün cəhətidir
ki, çağının tələbləri ilə yaşamadı, şeriyyətin nəğməkarına döndü. Əsil şeiriyyət
də çağı ifadə eləmir, olmalını öyür, çatdırır. Bu baxımdan Akif Səməd şeiriyyətə
çağından başlamır, qədimlərdən, böyüklərdən başlayır.
Qırıq Sazın
nə simiyəm?
Baharın
son nəsimiyəm,
Mən ki,
haman Nəsimiyəm
Nə
bağ-bostan alveridi..
Başqa
bir yerdə
Verirsən yelə – toxumdu…
Kim
deyir, hədərdi,hədər,
Yaxşılıq elə toxumdu,
Ürəklə ək, daşda bitər.
Bu,
Qədimlikdən gələn ümiddi, çağın boz-bulanlıq havasında qırılmır, Xeyirə
qovuşur, Xeyiri yaşadır….
Bəzən
şair, çağın azğınlığı, amansızlığı dəyərləri əzib, üstündən keçəndə fəryad
edir.
Adətə bax, vərdişə bax,
Şam yanır, şamdan
ağlayır,
Zamana bax, gərdişə
bax,
Bağ gülür, bağman
ağlayır.
Aldanıb dünya
malına,
Alıb dünyanı
dalına,
Akif Səmədin halına,
Nə gündü, şeytan
ağlayır.
Şeytan
qiyafətindəki adamlar əhatəsində yaşayır, amma çaşmır, qorxmur, inildəmir. İçində haqqı yaşadan insan mühitdəki
haqsızlıqdan sızıldamaz. Belə adamlar mühitin haqsızlığından əndişəyə düşüb
ağlamır, içindəki haqqı mühitə verə bilməməkdən dərdlənir. Belələrinin dərdi
“niyə yoxdur” məntiqindən yaranmır, “niyə almır” məntiqindən doğur.
Könül harda, Akif orda,
Yolu olan qalmaz darda,
Nə tapibsan
adamlarda,
Məhəmməd, dərdiş,
gəl gedək.
Yaxud,
Yatıram yuxum ağrımaz,
Bir misra duyğum
ağrımaz,
Sevinmə, ruhum
ağrımaz,
Mənimki can
ağrısıdır.
Bir sözün var yüz ağrısı,
Hər ağrının öz
ağrısı,
Şair kəsin söz ağrısı,
Dünyanın söz
ağrısıdır.
Başqa
bir yerdə
Qarışqaya dən gətirdim,
Buz ürəyə gün gətirdim,
Hər çətini mən
götürdüm,
Dost məni görmədi,
könlüm.
…Akif
Səmədin özünəməxsus bir üstünlüyü də var. O, dərdini də, sevincini, sevgisini də
çox sadə bir dildə ifadə edir. Keçmişimizə çevrilən böyük şəxsiyyətlərimizdə
böyük dərdin mənasını sığışdırmaq, ifadə eləmək üçün böyük misralar gərək olub.
Sonralar bu, dərdin musiqiləşməsində – muğamlaşmasında haraylanıb. Akif Səməddə
isə yaşadığı dərdin məzmunu 6-lıqda, 8-likdə ifadə oluna bilib. Təcnisdə, gəraylıda,
ağıda nəğməyə çevrilə bilib. Bu həm də çətindir. Ancaq çətin olan hər məsələ
saz sevdalı könüllərdə sadələşə, asanlaşa bilir…
Akif
Səmədin şeirlərində dərd əhatəli ifadə olunub: Dövrün dəyərlə, yaradıcının sözlə,
nadanın qeyrətlə, şairin hikmətlə oyun oynaması, xalqın sözünü deməli olanların
şaha, vəzifəyə, titula əyilməsi, satılması Akif Səmədin şeirlərində özünəməxsus
bir üslubla hədəfə alınıb rədd edilir:
Şaha razılıq eləmək,
Ya da tazılıq eləmək,
Qalıb qazılıq eləmək,
Düzlük deyil, çıxaq gedək.
Yaxud,
Qanan qaçır mən dəlidən,
Zəhər içim mərd əlindən,
Bu sahil dərd, dərd əlindən,
Qopar məni, ay gəmiçi.
Akif
Səmədin doğulduğu elə, yurda bağlılığı da ümumazərbaycan kontekstində dərk
oluna bilir. O, öz dağlarının, çöllərinin gözəlliklərini belə, seyr edəndə Azərbaycan
boyda dərdlə danışır. Vətəninin parçalanması, satılması, yiyəsizləşməsi ağrıya
çevrilir, sözü ağrıda-ağrıda qulaqlarımıza dolur və qəlbimizə çatır.
Qollar qanrılsın, çatılsın
Sürü sürüyə qatılsın.
Torpaq verilsin, satılsın,
Satan padşaha dinməyim.
… Deyirəm daha dinməyim,
Çəkilən aha dinməyim,
Satan padşaha dinməyim,
Göydə Allaha dinməyim.
Yaxud,
Öz dərdimi bölürəm,
Öz dərdimə
gülürəm.
“Araz”
deyib ölürəm –
Qardaş
mən şeir yazmıram.
Ayrı
yerdə,
Neçə kəhərlər nal salıb,
Neçə igidlər
ad alıb,
At səsinə
həsrət qalıb,
İndi İncənin
yolları.
Başqa
yerdə,
İçimizdə boğuluruq,
Üzdə hələ
şeir yazırıq.
Ürəyimiz
quru budaq,
Sözdə hələ
şeir yazırıq.
Bu
sətirlərdə milli varlığımızın zədələnməsinin doğurduğu narahatlıq da var,
ideoloji savaşın yoxluğuna edilən eyhamlar da.
Şairdə
bəşəri duyğular yaşayır. Ancaq o, həm də Vətən övladıdır. Dünya – şair üçün Vətəndən
başlayır. Vətənə ağlayan göz insanı Bəşər səviyyəsində görür! Şair Akif Səməd
yaradıcılığı boyu bu zirvələrə qoşub, bu zirvələrə can atıb!
Yükümüzdən
Böyük Fərəhimiz yoxdur!
Short URL: http://www.cumhuriyyet.net/?p=9775