Rusiyanın müəyyən və qeyri-müəyyən qüvvələri

14.12.2020 - 10:17

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni “xəritə” təqdim edilib. Bu, sülhməramlılıqdan daha çox, intriqaməramlılıqdır, həddini bilməməkdir.

Bizim suveren ərazilərimizdə qərar tutmuş Rusiya sülhməramlıları bir zəhmət, Rusiya ərazisindəymiş kimi əlini-qolunu sallayaraq gəzmə lüksündə bulunmasınlar. Yoxsa günaşırı bir “xəritə” cızma-qara etməklə özlərində üstün yetki olduğu zənninəmi qapılırlar? Dövlət rəhbərlərinin imzaladığı Bəyanatın mətn-mündəricəsindən, məna-məzmunundan və fəlsəfəsindən, ruhundan fərqli davranış yolverilməzdir. Biz sadəlövh deyilik, belə davranışların artıq təsadüf olmadığı Gün kimi aydındır, bunlar ən azı tendensiya – mənfi tendensiya xarakteri daşıyır və dərhal çəki-düzən tələb edir.

Açığını deyək, xəritələrlə manipulyasiya, başqa sözlə, sülhməramlılar tərəfindən yetki çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozmasının ifadəsidir. Belə pozuntu hər hansı dövrdə, hər hansı vasitəçiyə, sülhməramlıya başucalığı gətirməz, onu etibarsızlaşdırar. Sülhməramlı missiya nədir? – Onun vəzifə və funksiyaları beynəlxalq hüquq norma və prinsipləri ilə, bəlli Birgə Bəyanatla tənzimlənir. Rusiya sülhməramlıları fəliyyətini öz öhdəliklərinə uyğun qurmağa borcludur – hüquqən də, mənəvi cəhətdən də, imici xatirinə də.

Bəlli olduğu kimi, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları bugünlərdə Ordumuzun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. O da bəllidir ki, Azərbaycan Respublikası bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edib. Ali Baş Komandanımız vətəndaşlarımıza qarşı hücumlara, qanunsuzluqlara on qat artıq cavab veriləcəyini deyib.

Dövlətimizin gördüyü müvafiq tədbirlər – keçirilmiş zəruri əməliyyatlar sonucunda hazırda Köhnə Tağlar və Çaylaqqalaya biz nəzarət edirik. Zatən adil olan, düzgün olan da budur: öz torpağımızdır. Əgər bizə qarşı yeni təxribat, pozuculuq halları baş verəcəksə, sərt cavabımız şərt olacaq.

Beləliklə, Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə gerçəkliyi əks etdirmir və ona qısa zaman içində zəruri düzəliş edilməli, bir daha belə yanlışa yol verilməməlidir. O yanlışın şüurlu, yaxud şüursuz edilməsindən asılı olmayaraq…

 

Rusiya tərəfi bilməmiş deyil ki, onun sülhməramlılarına düz-dünyada necə münasibət bəslənir. Bizim torpaqları növbəti yanlışlıq yaxud imic sınağı meydanına çevirmək gərək deyil. Bu heç kimə xeyir gətirməz.

Zatən Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi ictimaiyyətimiz tərəfindən heç də məhəbbətlə qarşılanmayıb. İctimaiyyətin tarixdən, özəlliklə yaxın tarixdən su içən çoxsaylı sualları, toplumumuzun bir xeyli rahatsızlıqları var. Baş verən yeni hallar isə Rusiya sülhməramlılarına müəyyən güvən limiti olanlarda da xəyal qırıqlığı yaradacaq, təbii.

Bu ilin iyulunda Tovuz istiqamətində dövlət sərhədində baş verən hadisələrdən sonra, eləcə də, 44 günlük müharibə dövründə Rusiyanın Ermənistanı ən müxtəlif marşrutlar üzrə intensiv şəkildə silahlandırdığını bütün aləm bilir. Bilirik ki, Ermənistan, döyüş sahəsindən uzaqdakı Gəncə, Bərdə şəhərlərimizi məhz Rusiyanın verdiyi (bağışladığı, satdığı) yeni silahlarla raket atəşinə tuturdu. Tuturdu ki, körpələr, qadınlar, qocalar, ümumən mülki əhali həlak olsun…

Rusiya böyük qonşudur, bunu dərk edirik, amma Rusiyada da dərk etməlidirlər ki, qədim mədəniyyətə, o cümlədən dövlətçilik mədəniyyətinə malik xalqın dövlətini balaca görmək, xor görmək lazım deyil. Əgər kimlərsə Rusiyanın Gürcüstan, Ukrayna, Moldova və başqa ölkələrdə gerçəkləşdirdiyi planları Azərbaycanda da təkrarlamaq sevdasındadırsa, bu sevdadan əl çəkməlidirlər. Alternativlərdən ən yaxşısı budur…

Bəlkə, müəyyən dairələr dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş möhtəşəm Qələbə Paradından əndişələnib? Rusiyanın Ermənistana hədiyyə etdiyi və Müzəffər Ordumuz tərəfindən hərbi qənimət kimi götürülmüş, yaxud sıradan çıxarılmış texnikaların nümayişimi həzm edilməz olub, əcaba?

Yoxsa böyük qonşuda elə siyasi-hərbi dairələr var ki, qardaş Türkiyənin Cümhur başqanı Rəcəb Tayyip Ərdoğanın Qələbə Paradında iştirakından, çıxışından qıcıq olub? Qıcıq olmaq lazım deyil, düzgün dəyərləndirmək lazımdır. Lazımdır ki, Rusiya Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, ümumən regiondakı fəaliyyətində Azərbaycan xalqının köklü maraqlarını nəzərə alsın. Əgər belə olarsa, özünə zəhmət verib, qeyri-siyasi məsələləri də siyasət malzəməsi yapmaq zəhmətinə qatlanmazdı. Örnəyi, Rusiyada anlamalıdırlar ki, (bəzi digər ölkələrə qarşı olduğu kimi) Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq olunması ilə hansısa fövqəladə sonuçlara vara bilməyəcəklər. Rusiyada bazarların ilmüdam keyfiyyətli meyvə-tərəvəzlə təminatına görə bizim iş adamlarına minnətdar olmaq yerinə, olduqca bəsit, sanitar-epidemioloji tələblərlə pərdələnmiş süni əngəl mexanizmi düşünüblər. Yanlış ediblər.

Rusiyanın müəyyən və qeyri-müəyyən qüvvələri başa düşməlidir ki, Azərbaycana qarşı atılan hər bir addımın acısını Ermənistan çəkəcək. Yəni uhulətsiz, suhulətsiz yöntəmlərə çox baş vurmasınlar. Bir sözlə, bu məşum proses sonucda Rusiyanın Azərbaycandakı olan-qalan imicinə zərbə olacaq – özü də böyük zərbə. Buyursunlar, düşünsünlər…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158389

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728