Eldar Əzizov: bərbad şəhər hesabına biznes imperiyası quran icra başçısı
Keçmiş komsomolçunun qoca yaşında “Gənclər şəhəri”ndə hökmranlığının pərdəarxası məqamları
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar medianın mənfi qəhrəmanları sırasında tez-tez görünür. “Ən böyük paxlava”, “Ən böyük tort”, “Ən böyük xonça” kimi şoulara imza atan icra başçısı real mənzərədə “yaşıl soyqırım”, “sahibkarlara qarşı hücum”, “səkilərin belə satılması” olaylarında görünür. Bu yaxınlarda isə E.Əzizov manatın devolivasiya prosesindən uduşla çıxması haqda məlumat yayıldı. Bununla bağlı “Manat böhranından əvvəl 20 milyonunu “dirildən” icra başçısı” başlıqlı məqaləmizdə yazmışdıq: “Eldar Əzizov məlum manat böhranından öncə külli miqdarda manatın dəyişdirilməsinə nail olub: “Eldar Əzizov son 2 ayda 20 milyon vəsaiti banklarda dəyişdirib. Belə ki, icra başçısı qeyd olunan məbləğin bir hissəsini “Unibank”da İngilis funt sterlinqinə, qalan hissəsini isə digər banklarda avro və dollara dəyişdirib. Bu işdə ona sağ əli hesab olunan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev yaxından köməklik göstərib. Yəni bu işləri məhz Abid Əliyev görüb”.
İndi isə E.Əzizov və onun Sumqayıt idarəçiliyindəki qeyri-leqal komandası haqda cumhuriyyet.az-a yeni məlumatlar daxil olub. Həmin məlumatlara keçməzdən öncə icra başçısının yüksəliç karyerasına diqqət edək.
Rəfael Allahverdiyevə minnətdarlıq
Hazırda 58 yaşımı tamamlamaq üzrə olan icra başçısı1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib və həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. Eldar Əzizov 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib. 1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun qısa müddət ərzində vəzifədə irəliləməsində Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyevin misilsiz xidmətləri olub. Belə ki, məhz Rafael Allahverdiyevin sayəsində Eldar Əzizov 1999-cu ildə Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 2000-ci ilin iyun ayında isə o, paytaxtın Nizami rayonuna icra başçısı təyin olunub. Elə bu səbəbdən də Eldar Əzizov iştirak etdiyi məclislərin əksəriyyətində “Mən hər şeyə görə Rafael Allahverdiyevə borcluyam” deyir. Yəni Eldar Əzizovun Rafael Allahverdiyev sevgisi, ona olan rəğbəti əbəs yerə yaranmayıb. 2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olan E.Əzizov 2011-ci ilin fevral ayından etibarən Sumqayıt şəhərinə rəhbərlik etdiyini bildirib
Gəncədən Sumqayıta tək gəlmədi
Elə 2011-ci ilin fevralından Sumqayıt şəhər sakinlərinin qara günləri başlayıb. Belə ki, Eldar Əzizov Gəncədən Sumqayıta icra başçısı kimi gəldikdə özü ilə birlikdə bir sıra kadrlarını da gətirib və bu gün həmin şəxslər şəhər əhalisinə əlavə problemlər yaradırlar. Məsələn, Eldar Əzizovun gəlişindən sonra Sumqayıtda ağacların kütləvi şəkildə kəsilməsi prosesinə start verildi. Təbii ki, icra başçısının bunlardan xəbərsiz olmasını zənn etmək ağılsızlıq olardı. Çünki heç kəsdən icazə almadan böyük bir şəhərdə, özü də insanların gözləri qarşısında ağac kəsməyin nə demək olduğunu hamımız bilirik. Qeyd edək ki, şəhərdəki mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumatlarda bu ekoloji qətliamda Sumqayıtda, Bakıda və bir sıra regionlarda tikinti maqnatı kimi tanınan, Eldar Əzizovun kifayət qədər sıcaq münasibətdə olduğu Aslan Abbasovun adı hallanır. Heç şübhəsiz ki, icra başçısının razılığı olmadan Aslan Abbasov öz biznes maraqlarını təmin etmək üçün yaşıllıqlara belə asanlıqla divan tuta bilməzdi.
Eldar Əzizov Gəncədən Sumqayıta icra aparatının rəhbəri kimi gələndə deyilənə görə, özü ilə bir neçə vacib bildiyi istehsal sahəsini də transfer edib. Təsadüfi deyil ki, şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldıqdan bir müddət sonra Eldar Əzizovun biznes maraqlarına söykənən sərəncamlar verilməyə başladı. Bunu öncəgörmə də adlandıranlar olsa da, Eldar müəllim tezliklə Sumqayıtda tikinti bumunun yaşanacağını bilirdi. Başçının yaxın çevrəsinə aid şəxslərin bildirdiyinə görə, çox qısa zamanda Gəncədən üzlük mərmər daşlar, xüsusi növ şüşələr və bina tikintisində istifadə olunan digər materiallar istehsal etməyə imkan verən bahalı dəzgahlar da gətirdib. Bu hazırlıqdan tezliklə hərəkətə keçən Sumqayıtın icra başçısı bir sıra həmkarlarından yalnız şəxsi maraqlara işləyən pis nümunələri əxz etməyə başladı. Vaxtilə öz yaşıllıqları və nadir ağac növlərinin bəzədiyi geniş parkları ilə tanınan şəhərdə təbiətin qəsdinə dayananlar əl-qol açmağa başladı. Artıq bir-birinin ardınca şəhərdə parklar və xiyabanların əraziləri ixtisara düşməkdədir. Bəzi yerlərdə isə ümumiyyətlə, ağac kəsimi adi hala çevrilib.
Biznes imperiyasından seçmələr:mülklər, dükanlar, bank hesabları…
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla bağlı da qulağa xoş səslənməyən məlumatlar yayılmaqdadır. Bir neçə il əvvəl Gəncədən ölkənin digər böyük şəhəri olan Sumqayıta transfer olan məmur geridə qalan müddət ərzində bir sıra qanundan kənar işlərə imza atıb ki, bunun da nəticəsində ölkənin ən varlı məmurlarından birinə çevrilməyi bacarıb.
Eldar Əzizov həm Gəncədə, həm də Sumqayıtda işlədiyi müddətdə özünə böyük maliyyə kapitalı toplamağı bacarıb. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, məmurlar arasında ən yaxşı şəraitdə yaşayan şəxslərdən biri də məhz Sumqayıtın rəhbəridir. Özəl mənbələrin dediyinə görə, Eldar Əzizovun şəhərin mərkəzində bir neçə bahalı mənzili var: “Amma icra başçısı daha çox Nərimanov rayonu ərazisində yerləşən “Şəhər Bağları” yaşayış kompleksindəki mənzilində yaşayır. Britaniyanın bütün dünyada tanınan ATKINS şirkəti tərəfindən inşa olunan “Şəhər Bağları” yaşayış kompleksində ölkənin elit təbəqəsinə aid olan insanlar yaşayır. Onların arasında bəzi nazirlər, icra başçıları, nazir müavinləri, komitə sədrləri və biznesmenlər var. “Şəhər Bağları”nda mənzillərin qiyməti milyonlara bərabərdir. Maraqlıdır, görəsən, Eldar müəllim burdakı mənzilini hansı pulla əldə edib. Axı onun icra başçısı vəzifəsindən aldığı maaş aylıq dolanışığını qarşılamağa güclə bəs edir. Bundan başqa, icra hakiminin paytaxtın Nizami rayonu ərazisində, daha dəqiq desək, Azərsutikinti xəstəxanasının yaxınlığında böyük imarəti var. Deyilənə görə, topdağıtmaz imarətin tikintisində istifadə olunan tikinti materiallarının hamısı xaricdən gətirilib və buranın başa gəlməsinə külli miqdarda vəsait sərf edilib. Eldar Əzizov yay aylarında daha çox bu imarətində qalmağa üstünlük verir. Onun oğlunun da bu ərazidə dəbdəbəli villası var. Bundan başqa cumhuriyyet.az-a daxil olan məlumata görə, E.Əzizovun Bakının mərkəzi hissələrində bir neçə brend məhsulların satıldığı dükanları fəaliyyət göstərir. Həmin dükanların baha qiymətə aylıq icarəyə verildiyi bildirilir. Bunlar icra başçısının bizə məlum olan sərvətidir. Yayılan məlumata görə, onun xarici ölkələrdən birində mülkləri, offşor zonalardakı banklarda hesabları və biznesi var”.
Fikrimizcə, nə Eldar Əzizov, nə də başqa məmurlar aylıq vəzifə maaşı ilə milyonluq mülklərə, bahalı maşınlara, ticarət köşklərinə sahib çıxa bilməzlər. Burdan belə nəticəyə gəlmək olar ki, Sumqayıtın icra başçısı maliyyə sərvətini dövlətin büdcəsinə vurduğu ziyanın hesabına toplayıb. Əgər belədirsə, əlaqədar dövlət qurumları Eldar Əzizovun Gəncədə işlədiyi illərdən indiyə kimi olan fəaliyyətini hərtərəfli araşdırıb onun imza atdığı qanun pozuntularını aşkara çıxarmalıdır.
Sumqayıt üzərində Aslan Abbasov kabusu
Bir sözlə, 4 il öncə Gəncədən ölkənin digər böyük şəhəri olan Sumqayıta transfer olan məmur geridə qalan müddət ərzində bir sıra qanundan kənar işlərə imza atıb ki, bunun da nəticəsində ölkənin ən varlı məmurlarından birinə çevrilməyi bacarıb. Yaxın keçmişə ekskurs etsək görərik ki, Eldar Əzizov Sumqayıta icra başçısı təyin edilən kimi onlarla iş adamının çörəyinə bais oldu. Belə ki, başçının göstərişi ilə şəhər ərazisində yol qırağında, daha dəqiq desək, ticarət üçün əlverişli yerlərdə tikilən obyektlərin bir hissəsi buldozerin qabağına verildi. Səbəb kimi həmin obyektlərin tikinti sənədlərinin qaydasında olmadığı göstərildi. Başqa sözlə desək, Eldar Əzizov şəhərin keçmiş rəhbərliyinin dövründə tikilmiş bəzi ticarət obyektlərinə məqsədli şəkildə savaş elan etdi. Nəhayətdə, onlarla ailənin çörək yeri kəsildi və Sumqayıtda sahibkarlığın inkişafına əngəl yaradıldı. Ən dəhşətlisi odur ki, sonradan sökülən obyektlərin yeri icra başçısı ilə dostluq münasibətlərinə malik olan iş adamı Aslan Abbasov tərəfindən alındı və yeni obyektlərin təməli qoyuldu. Ümumiyyətlə, Eldar Əzizov Sumqayıta başçı keçəndən sonra şəhərdə hündürmərtəbəli binaların tikintisi lə məşğul olan iş adamı Aslan Abbasovun vəziyyəti bir xeyli yaxşılaşıb. Bizə çatan məlumatlara görə, iş adamı əgər əvvəllər hansısa torpaq sahəsini almaq istəyirdisə, bir neçə mərhələdən keçməli imiş. Lakin bu gün Aslan Abbasovun Eldar Əzizovla yaxın əlaqələri ona işini birbaşa başçı ilə həll etmək imkanı verir. Və beləcə, iş adamı şəhərin mərkəzi hissələrində ürəyinə yatan torpaq sahələrini maneəsiz-filansız alaraq müxtəlif tikinti layihələrini həyata keçirir.
Sumqayıtda artıq heç kəsə sirr deyil ki, Aslan Abbasov həyata keçirdiyi əməllərdə Eldar Əzizovun birbaşa iştirakını dönə-dönə özü də arxayınlıqla təkrarlayır. Bu söz-söhbətlərə Sumqayıtın icra başçısının münasibəti bizim üçün də maraqlı olardı. Əldə etdiyimiz məlumata görə, Aslan Abbasovun bir müddət öncə Bakıda “İnşaatçılar” metrostansiyaların həndəvərində 2 milyonluq obyekt əldə etməsində vasitəçilik edən yüksək rütbəli dövlət məmuru “tikinti maqnatını” Eldar Əzizova təqdm edib. Bu tanışlıqdan xoşhal olan Eldar Əzizov üçün belə təqdimat bir növ yerinə düşüb. Aslan Abbasovla aralarında yaranan sıcaq münasibətlər getdikcə etibarlı tərəfdaşlığa çevrilib. Artıq Sumqayıtda gedən tikinti-abadlıq işlərində Eldar Əzizova məxsus olduğu deyilən mal-materiallardan istifadə edilməsi yenilik deyil. Digər tərəfdən, məlumatlı mənbədən əldə etdiyimiz daha bir bilgiyə görə, icra başçısı şəhərdəki bütün tikintilərə şərikliyini ortaya qoyub. Bildirilir ki, Aslan Abbasov artıq icra başçısının qeyri-rəsmi nümayəndəsi qismində öz şərtlərini digər tikinti şirkətlərinin rəhbərlərinə qəbul elətdirir. Lap bu yaxınlara kimi, geniş və yaraşıqlı prospektləri, al-əlvan parkları və xiyabanları ilə öyündüyümüz Sumqayıtın başı üzərində bir qorxu kabusu dolaşmaqdadır. Şəhərin ən görməli yerləri mənzil tikintisi adı altında hərraca çıxarılıb pay-püş edilir. Aslan Abbasovla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, iş adamı hələ də qanunsuz əməllərindən əl çəkməyib: “Hazırda Sumqayıtın ayrı-ayrı hissələrində hündürmərtəbəli binaların tikintisi sürətlə davam edir. Bu işlərin əksəriyyəti Aslan müəllim tərəfindən həyata keçirilir. O yaşıllıq sahəsi, park demədən hər yeri dağıdıb bina tikir. Coratdan Sumqayıta giriş hissədə, dəniz kənarında tikilməkdə olan göydələnlərin hamısı ona məxsusdur. Onun üçün yer tapıb bina ucaltmaq su içmək kimi bir şeydir. Çünki iş adamı bəzi biznesmenlərdən fərqli olaraq işini kimlərinsə vasitəsilə yox, birbaşa icra başçısı Eldar Əzizovla görür. Belə demək mümkünsə, icra başçısı sahibkara “yaşıl işıq” yandırıb. Aslan Abbasov ürəyi istəyən yerdə göydələn ucalda bilər. Fərqi yoxdur həmin ərazidə yüzlərlə ağac, yaxud qaraj olsun. Bir gecənin içində yaşıllıqları məhv etməklə yaşayış binasının təməlini qoyur. Əlbəttə, başçı ilə iş adamının münasibətləri qarşılıqlı hörmətə əsaslanır. Bütün bu güzəştlərin əvəzində Aslan Abbasov öz hesabına icra başçısı üçün Sumqayıtda bir neçə obyekt, o cümlədən Novxanıda möhtəşəm villa tikdirib. Eşitdiyimə görə, hətta Eldar Əzizov Sumqayıta icra başçısı vəzifəsinə təyin olunduğu ilk vaxtlarda ona birinci müavin postunu təklif edib. Ancaq iş adamı başçının təklifini qəbul etməyərək biznesini daha da inkişaf etdirmək haqda fikirləşdiyini bildirib”.
Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik…
Short URL: http://www.cumhuriyyet.net/?p=21823