“İtən” 2 min eşşək və ahabilərdən dövlət çevrilişinədək yol keçən Qoşqar Təhməzli

27.03.2019 - 23:25

Azərbaycanda 2018-ci ildə də eşşəklərin sayında kəskin azalma müşahidə olunub. Dövlət Statistika Komitəsinin 2017-ci ildə yaydığı rəsmi məlumatda qeyd edilirdi ki, ölkə ərazisində 5 min eşşək yoxa çıxıb. Komitənin 2018-ci ilə aid statistik məlumatına görə isə eşşəklərin sayında azalma 2 min olub. Yəni 2018-ci ildə cəmi 2 min eşşək yoxa çıxıb. “Təkdırnaqlı, zəhmətsevər eşşəklər hara yoxa çıxır” sualının çoxsaylı cavabları ola bilər. Bu sırada ilk ağla gələn zəhmətkeş heyvanın ətinin satılması niyyəti ilə “yoxa çıxarılması”dır.

Nəzərə almaq lazımdır ki, 2-3 yaşı olan eşşəyin çəkisi 140-160 kiloqrama çatır. Azərbaycanda qanunla eşşək ətinin qida məhsulu kimi satışa çıxarılması, istifadəsi də yasaq deyil. Bazarlarda, bazarların ətrafındakı ucuz ətlər satılan piştaxtalarda itkin kimi qeydiyyata alınan eşşəklərin ətinin olması da istisna deyil. 1 eşşəyin satışa çıxarıla biləcək ətinin çəkisini orta hesabla 100 kiloqram götürsək, itmiş 2 min eşşəyin 200 tona bərabər ətinin “qara bazar”a ötürülməsini ehtimal edə bilərik. Belə olan halda Dövlət Statistika Komitəsinin ölkədəki eşşəklərin sayında 2 min azalma ilə bağlı yaydığı rəsmi statistika Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırma aparılacaqmı? Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva itən eşşəklərlə bağlı suallara agentliyin müvafiq qurumundan cavab verilə biləcəyini söyləyib.

QTA-ya ünvanladığımız sorğuda yer alan sualları təqdim edirik:

Dövlət Statistika Komitəsi 2 min eşşəyin itməsi ilə bağlı rəsmi statistika yayıb. Qida Təhlükəsizliyi Agentliyi həmin statistik məlumat – 2 min itən eşşəyin ətinin qida zəncirinin bir elementinə çevirilməsi predmeti ilə bağlı hər hansı bir addım atıbmı?

Belə bir araşdırma başlayıbsa, atılan addımlar, əldə olunan ilkin və ya mümkün son nəticələr haqda məlumatlar nədən ibarətdir?

İtən eşşəklərin ətinin qida şəkilində hər hansı bir ticarət obyektində satılması halı müəyyən edilibmi?

Belə bir hal olubsa, hansı ölçü götürülüb?

Ümumiyyətlə Azərbaycanda eşşək ətinin kolbasa və sosis istehsalında istifadəsi halları Qida Təhülkəsizliyi Agentliyi tərəfindən müəyyən olunubmu?

Qida Təhlükəsizliyi Agentliyi ile ilgili görsel sonucu

Qida Təhlükəsizliyi Agentliyindən sorğuya verilən cavabı təqdim edirik:

“Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı dövrdən qida təhlükəsizliyi, baytarlıq, fitosanitariya, biotəhlükəsizlik sahəsində idarəetmənin optimallaşdırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər sırasında xəstə və ölmüş halda kəsilmiş, istehlaka yararsız heyvan ətlərinin aşkar olunaraq məhv edilməsi, insan sağlamlığı üçün təhlükəli olan bu məhsulların satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması xüsusi yer tutur.

Ötən dövr ərzində Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə qida sahəsində qanunsuz olaraq fəaliyyət göstərən yüzlərlə şəxsin ifşa olunmasına nail olunub və qida təhlükəsizliyi tələblərinə cavab verməyən sahibkarlıq subyektlərinin öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirmələri üçün əməli tədbirlər və köməkliklər göstərilib. Aparılan yoxlama-nəzarət tədbirləri çərçivəsində təhlükəli qida məhsullarının satış şəbəkələrinə daxil olmasının qarşısı alınaraq müvafiq inzibati tədbirlər həyata keçirilib.

Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aidiyyəti orqanlar tərəfindən 12 cinayət işi başlanaraq istintaq aparılıb. Həmçinin 9 cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 16 şəxs məhkəmə məsuliyyətinə verilib. Hazırda 3 cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

itən eşşəklər ile ilgili görsel sonucu

Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirlərini hazırda da davam etdirir.

Qeyd edək ki, digər qida məhsulları kimi heyvan mənşəli məhsulların təhlükəsizliyi və mənşəyi ilə bağlı vətəndaşlarda hər hansı şübhələr yaranarsa,  Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat vermələri xaiş olunur. Məlumat verildikdən dərhal sonra Agentliyin əməkdaşları tərəfindən konkret fakt üzrə operativ şəkildə araşdırmalara başlanılacaq və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək”.

QTA-dan  cavabda 2018-ci ildə 2 min eşşəyin ətinin hara getməsi məsələsinə toxunulmur. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35.8 min baş təşkil edib. Ümumilikdə 2008-ci ildə Azərbaycanda eşşəklərin sayı 47.8 min baş təşkil edirdisə, 2017-ci ildə bu rəqəmdə 10 minə yaxın azalma qeydə alınıb.

2019-cu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 28 min 40 baş eşşək mövcud olub. Yeniavaz.com-un  açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində eşşəklərin sayı 2 minə yaxın azalıb. Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Təkcə son 5 ildə ölkədəki eşşəklərin sayı 30 faiz və ya 12 min baş azalıb. Azalma tempi bu cür davam edərsə, yaxın 10 il ərzində ölkədə eşşəklərin kökü kəsilə bilər.

Məlumat üçün bildirək ki, son 10 ildə eşşəklərin sayı aşağıdakı kimi olub:

2008-ci il  47,2 min

2009-cu il 46,4 min

2010-cu il 46,0 min

2011-ci il  46,1 min

2012-ci il  45,9 min

2013-ci il  44,3 min

2014-cü il 43,4 min

2015-ci il  40,0 min

2016-cı il  35,8 min

2017-ci il  34,1 min

2018-ci il  30,9 min

2019-cu il 28,0 min

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Yeni Müsavat”a deyib ki, vaxtilə eşşəklərə böyük vergi tətbiq edildiyindən sahibləri onları təsərrüfatından qovmaq məcburiyyətində qalıblar: “1962-ci ildə SSR-də eşşəklər antisovet heyvan kimi qəbul edildi. Bundan sonra kimin qapısında eşşək vardısa, həmin adamlardan böyük vergilər tətbiq etməyə başladılar. Gecələr kənd sovetlərini sədrləri milislərin müşayiəti ilə adamların qapılarına gedib eşşəyi olanları cərimələyirdilər. Eşşək belə heyvandır ki, gündüzlər otlamağa gedir, axşam da qayıdıb qapıya gəlir. Adamlar da eşşəyi məcburi qaydada aparıb azdırırdılar, eşşəklər də qayıdıb gəlirdi. Sahiblərini də eşşəyə görə cərimələyirdilər. Bu yasağın səbəbini də izah edən olmurdu. Baxmayaraq ki, eşşək zəhmətkeş heyvandır, əhali eşşəkləri maşınlara doldurub çox uzaq məsafələrə aparıb azdırırdılar. Ona görə indiki Şirvan, Hacıqabul arasındakı dağlıq ərazidə, çöllərdə vəhşiləşmiş eşşək sürüləri əmələ gəlmişdi. O vaxtlar eşşək ətindən kolbasa istehsal etmirdilər. Həmi vaxtlar at ətindən kolbasa satılırdı, üstündə də kolbasanın at ətindən hazırlandığı böyük hərflərlə yazılırdı. Hazırda isə Azərbaycanda eşşəklərə vergi tətbiq olunmur, eşşək saxlanılması da yasaq deyil. Yəni kimsə eşşəyi aparıb çöldə azdırmır.  Belə çıxır ki, eşşəkləri kəsib ətini istifadəyə verirlər”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ile ilgili görsel sonucu

AİB sədri deyir ki, 2 il öncə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Azərbaycanda eşşək ətinin satışının yasaq olmadığını bildirib: “Nazirlik rəsmisi dedi ki, eşşək ətini də, at ətini, ulaq ətini də satmaq olar. Sadəcə üstünə adını yazmalıdırlar. Dövlət orqanının bu mövqeyi eşşək əti satanlara böyük rəvac verdi ki, işlərini böyütsünlər. Düşünürəm ki, bunlar istehlakçılara yedizdirilir. Bu məsələ ilə bağlı qətiyyətli mübarizəni Daxili İşlər Nazirliyi aparır. DİN belə hallar aşkarladıqda cinayət işi başlayır, müvafiq ekspertiza təyin olunur. 2 il öncə Xaçmazda meşədə saysız-hesabsız eşşək başı aşkar olundu. Əgər mən qərar verən şəxs olsaydım, həmin eşşəklərin başından xaş bişirtdirib orada bu işlərlə məşğul olan adamlara yedizdirərdim. Qoy ağılları başlarına gəlsin. Burada Qida Təhlükəsizliyi Agentliyinin passiv mövqeyi görünür”.

Eyyub Hüseynov düşünür ki, belə hallarla bağlı müvafiq qurumların hərəkətsizliyi anlaşılmazdır: “Sovet dövründə belə hal olsaydı, eşşək ətini xalqa satan adamın 7 arxa dönənini həbsə basardılar. AİB-də hələ 1963-cü ildə imzalanan bir sənəd var. Həmin sənədi çox güman ki, sovet dövründə ermənilər təsdiqlətdirib. Həmin sənədə görə 15 respublika arasında yalnız Azərbaycanda eşşək ətinin istehlakına icazə verilib. Sənəd bu gün də qüvvədədir. Heç kim həmin sənədin qüvvədən düşməsi üçün addım atmır. Bu gün Azərbaycanda eşşək ferması açmaq, eşşək südü satmaq kimi hərəkətlər var. Belə məsələlərlə bağlı Qida Təhlükəsizliyi Agentliyi radikal mövqe sərgiləməli, qarşısını almalıdır”.

Xalq arasında “Vosmoy” bazarı kimi tanınan 8-ci kilometr qəsəbəsindəki bazarın ətrafında çox ucuz qiymətə, maşınların yek yerindən heyvan ətləri satılır. Həmin ətlər itən eşşəklərin ola bilərmi?

AİB sədri deyir ki, bununla bağlı dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib: “16 oktyabr Qida Təhlükəsizliyi günü ilə bağlı keçirilən tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli ilə görüşdüm. O, bizi qeyri-professionallıqda ittiham etdi. Ona dedim ki, QTA KİV-lə, QHT-lərlə, ictimaiyyətlə sıx əlaqədə işləməlidir. Ölkə rəhbərliyi kimi vəzifəyə təyin edir, ayaqları yerdən üzülür. Əslində ictimaiyyətlə sıx işləməklə belə halların qarşısını almaq mümkündür. İstehlakçılardan, ictimaiyyətdən qaçmaqla, məsafə saxlamaqla effektiv mübarizə aparmaq, qidaların təhlükəsizliyini təmin etmək mümkün deyil. Bəzi dövlət məmurları ictimaiyyətin rolunu dərk etmir. Ölkə başçısı ictimaiyyətin xeyrinə qərarlar verir. Əgər həmin qərarlar icra olunmursa, şirin yuxu olaraq qalacaq”. Eyyub Hüseynov deyib ki, ölkədəki eşşəklərin sayında kəskin  azalma ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mövqeyi bəlli olmalıdır. Bunun əvəzində QTA ictimaiyyətdən qaçır, nəticə də göz qabağındadır. Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli son günlər onun haqqında yayılan məlumatlara münasibət bildirərək Avropada şirkətlərinin olması faktını təsdiqləyib və deyib ki, bununla fəxr edir: “Bu vəzifəyə təyin olunmamışdan 15 il öncə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Mən, Beynəlxalq bizneslə məşğulam. Mən 2017-ci ilə qədər iş adamı olmuşam, bununla da fəxr edirəm. Dünyanın bir sıra ölkələrində iri şirkətlərin təmsilçisi olmuşam”. Bu arada cumhuriyyet.az olaraq da Q.Təhməzli haqda media üzərindən bəzi araşdırmalar apardıq. Nəticələr çox maraqlıdır:
Qoşqar Təhməzov niyə Qoşqar Təhməzli oldu?
Qoşqar Təhməzlinin təyinatı ilə bağlı mətbuatda gedən məlumatda bildirilir ki,o 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunudur. Azərbaycan Tibb Universitetinin və Qərb Universitetinin Tibb elmləri üzrə fəlsəfə doktorudur, “Medeks” şirkətinin rəhbəridir. Qeyd edək ki, “Medeks” şirkəti müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması, kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması və müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması ilə məşğuldur.
Amma Google axtarış sistemində Qoşqar Təhməzli yazanda onun haqda demək olar ki, heç bir ciddi məlumat tapmaq olmur. Qoşqar Təhməzov yazanda isə onun barəsində çoxsaylı informasiyalara rast gəlmək olur. Qoşqar Təhməzovun Almaniyadan ölkənin səhiyyə sahəsi üçün gətirdiyi avadanlıqlar barədə məlumatlar onun yaxın ətrafı tərəfindən mətbuata verilib. Hətta sonda Qoşqar Təhməzovun Qoşqar Təhməzli olmağı da qardaşlar tərəfindən əvvəlcədən qurulan bir plandır. Bu soyad dəyişikliyinin səbəbi ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə bu ona görə edilib ki, “Google”da onun fəaliyyətini araşdıran jurnalistlər axtarış verəndə qarşılarına Qoşqar Təhməzli adı çıxsın, hansının ki, guya Fərhad və Atəş Təhməzovlarla heç bir əlaqəsi yoxdur. Yeri gəlmişkən, mövzu ilə bağlı mətbuatda yer alan maraqlı bir məlumat da diqqətimizi çəkdi: “Qoşqar Təhməzov “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun yaxın dostudur və biznes şərikidir”.
Qardaşının işdən çıxarılma səbəbi: Dövlət çevrilişinə cəhd?
Yerli mediada dərc olunan digər bir məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşı, Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş əməkdaşı olan Atəş Təhməzov dövlət çevrilişinə cəhd ittihamları ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra tutduğu vəzifəsindən kənarlaşdırılıb. Cumhuriyyet.az xəbər verir ki, Atəş Təhməzovun Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin yaxın kadrı olduğu bildirilir. Akif Muradverdiyev 2006-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilmişdi. Onun həbsi isə Qoşqar Təhməzlinin qardaşı Atəş Təhməzov və digər kadrlarının işdən çıxarılması ilə nəticələnmişdi.
Digər Təhməzova korrupsiya ittihamı
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin digər qardaşı Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sabiq sədri Fərhad Təhməzovdur. O, öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün Fonda ayrılan dövlət vəsaitlərinin böyük bir qismini mənimsədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.2016-cı ilin iyununda isə F.Təhməzov Mənzil İnşaatı Dövlət Agentliyi yanında MIDA MMC-yə direktor təyin ounub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127637

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031