Şamaxıda “əlil bazarı”

04.01.2014 - 02:27

19 saylı TSEK-in sədrinin
Şamaxı və İsmayıllıda açdığı bazarın gizli təfərrüatları


Son zamanlar ölkədə korrupsiyaya qarşı mübarizə yenə də gündəmin əsas
mövzularından biri olaraq qalmaqdadır. Ən yaxşı halda korrupsiyanın kütləvi hal
almasının etiraf olunması təqdirə layiq haldır. Hətta hamı gördü ki, dövlətin
marağı olsa rüşvəti rüşətxorun ağzından da dartıb çıxara bilər. Buna sadəcə
istək və maraq olmalıdır. Çünki hələ də elə məmurlar vardır ki, onlar
əyləşdikləri kürsünü dədələrinin malı bilərək kefləri istəyəni edir, el dili
ilə desək atlarını sağa-sola çarpırlar. Cəzasızlıq şəraitində istədiklərini
etməyə çalışan belə “balaca padşahlar” rəhbərlik etdikləri sahəni əsl bazara
döndərərək ancaq pul yığmaq,çapıb talamaqla məşğul olurlar. Tarixlə
maraqlananlar bilirlər ki, orta əsrlərdə “iltizam hüququ” deyilən bir anlayış
olub. Yəni bir varlı feodal hər hansı bir ərazidən toplanacaq vergilərin
məbləğində pulu dövlət xəzinəsinə keçirir, sonra öz keyfi istədiyi miqdarda
vergi toplayırdı. İndi də bir çox məmurlar vəzifəsini elə “iltizam hüququ” kimi
alırlar. Haqqını çatdır, özün nə istəyirsən et!
Araşdırmalarımızın nəticəsində sizi belə məmurlardan biri ilə tanış etmək
istəyirik. İcra etdiyi vəzifəsini pul toplamaq, vətəndaşları soyub-talamaqla
icra edən, bu sahədə xüsusi məharəti olan məmur 19 saylı TSEK-in sədri Akif
Yusifovdur. A. Yusifovun sayəsində 19 saylı TSEK-də özbaşınalıq, əhali ilə
rəsmi dövlət qulluqçusu arasında rüşvət alıb vermə son pik nöqtəsinə çataraq
iyrənc vəziytyət almışdır. Artıq vəziyyət o həddə çatmışdır ki, əhali o
cümlədən, xəstələr kütləvi olaraq narazılıqlar içərisində dövlətə qarşı üsyan
edirlər.
A. Yusifoun vəzifəyə gəlmə tarixçəsi də çox maraqlıdır. Belə ki, tez-tez
göründüyü kef məclislərində Yusifov kefinin çağ vaxtlarında bildirib ki, yaxın
dostu İsamyıllı rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Ələkbərova 40
min manat verərək İsamyıllı RMX-nın baş həkimi olmalı imiş. Lakin Səhiyyə
naziri O. Şirəliyev onun namizədliyini qəbul etməmiş, nəticədə A. Yusifovun baş
həkimlik sevdası baş tutmamışdır. Arada olan alış verişin şərtinə əsasən N.
Ələkbərov qardaşı Əmək və Əhalinin Sosial Müdafiə naziri F. Ələkbərovun
vasitəsilə onu 19 saylı TSEK-in sədri vəzifəsinə gətirir.
Beləcə “maya qoyub” vəzifəyə gələn A. Yusifov Şamaxı və İsmayıllıda “sağlam
əlil düzəltmə” əməliyyatına start vermişdir. Yəni pulunu ver əlillik qrupu
alaraq təqaüdə çıx. Akifin “komissiyasına” 2000 manat verən istənilən sağlam
adam əlillik dərəcəsi alaraq bir anda şikəstə çevrilir və təqaüdə çıxarılır.
Onun bu məharətinə istənilən sehrbaz həsəd apara bilər. Əslən İsmayıllıdan olan
A. Yusifovun “şəxsi qayğısı” nəticəsində son 2 ildə İsmayıllıda “sağlam
əlillərin” sayı sürətlə artmışdır. Əslən İsmayıllıdan olması A. Yusifova burada
əsl bazar açmağa imkan vermişdir. Öz həmyerlilərini böyük məhəbbətlə “əlilə
çevirən” TSEK sədri bahalı maşınlarda gəzərək, dəbdəbəli villarda yaşayaraq,
tez-tez kef məclislərində iştirak edir, boğazını bir az yaşlayandan sonra isə
sehrbazlığından ağız dolusu danışır. O, dəfələrlə qürrələnərək deyib ki, “mən
ən azından verdiyim pulu çıxartmalıyam. Burda hər şeyə limit var, hər şey ümumi
qaydada həll olunur. ” A. Yusifov öz “əlil” müştərilərinin boynuna minnət
qoyaraq həmişə and-aman eləyir ki, “komissiyadan keçməyin qiyməti ona görə
bahadır ki, nazir müavini İlqar müəllimdən aldığım spravkaların hər birinə 300
manat pul ödəməli oluram. ” Əgər bu arayışların hər birinin qiyməti A.
Yusifovun dediyi kimi nazir müavini səviyyəsində 300 manatdırsa onda TSEK sədri
böyük bir korrupsiya zəncirinin sadəcə bir halqasıdır. Beləcə maya qoyaraq sədr
olan A. Yusifov maya qoyub qazanc götürməyin necə böyük ustası olduğunu burada
da bir daha əyani sübut edir. Fəaliyyətində heç bir qanuna məhəl qoymayan
Yusifov rəhbərlik etdiyi TSEK-i sözün əsl mənasında korrupsiya yuvasına
çevirmişdir. Rəhbərlik etdiyi komissiya heyətinin tərkibi də onun öz
qanunlarına özünə sərf edən əsaslarla formalaşdırılmışdır. Belə ki,
komissiyanın heyət üzvlərindən olan Rüstəm adlı həkim eyni zamanda 0. 25
akladla xəstəxanada işləməsi mümkün olmadığı halda A. Yusifov bunu da mümkünləşdirmişdir.
Yəni pul hər şeyi həll edir prinsipi bu dəfə də öz işini görmüşdür. Belə ki iş
otağının qarşısında tablonun üzərində iş günləri 2-4 gün yazıldığı halda
nədənsə komissiya həftənin 3 gününə salmışdır. Bu da xəstələrin nahaqdan
gediş-gəlişinə kütləvi şəkildə narazılığına səbəb olur. Lakin lazım olan
şəxslərə Rüstəm həkimin Şamaxı rayon poliklinikasının 61-ci otağında və ya A.
Yusifoun kabinetinin yanındakı otaqda qəbul olunaraq bir anda uğurla “əlilə”
çevrilirlər. Reablitasiya olunan xəstələrin heç birinin xəbəri olmadan
qeyri-qanuni olaraq komissiyadan keçirilir və “əlilliyi” təsdiq olunur. Burada
A. Yusifovun daha bir iş prinsipi də özünü göstərir. Belə ki komissiyaya gələn
xəstələrlə “konvertdə gələn xəstələrin” qiymətlərində fərq qoyulur. Yəni hallı
halına, pullu puluna görə qəbul olunur. Əlimizdə olan konkret, real faktlara
əsasən bildiririk ki, İsmayıllı rayonu ərazisində son iki-üç gün ərzində
xəstələr üçün açılan müayinə aktlarının 80%-i heç bir ixtisaslı həkim
tərəfindən imzalanmamışdır. Bütün bunlar bu sənədlərin tam saxta və qanunsuz
olduğunu bir daha sübut edir.
Vəzifə kürsüsü hər bir məmura qanunla müəyyən olunmuş səlahiyyətlər verir. Amma
A. Yusifov isə gördüyünüz kimi nəinki səlahiyyət sahibi olmuş, hətta, vəzifəsi
sahəsində möcüzələr yaradan sağlam insanı əlilə çevirən bir güc sahibi
olmuşdur. Halbuki neçə-neçə xəstə, əlacsız vətəndaşlar aylarla onun qəbuluna
sürünsə də komissiyadan keçməyə müvəffəq olmurlar. Çünki, Akif Yusifov məhz
sağlam insanları “əlilə çevirməklə” pul qazanmağın asan yolunu tapmışdır.
Əlimizdə A. Yusifovun cinayətkar əməllərini sübut edən faktlar vardır və bu
barədə hüquq mühafizə orqanlarına və aidiyyatı qurumlara müraciət ediləcəkdir.
İsmayıllının sabiq başçısı N. Ələkbərovun “xeyir-duası” ilə vəzifə sahibi olan
Şamaxı və İsmayıllının qara yarasına çevrilmiş A. Yusifovun “əlil bazarı” ümid
edirik ki, F. Ələkbərovun gec də olsa qəzəbinə düçar olacaqdır. Biz sadəcə ümid
edirik. . .

Nicat Mahmudov

Short URL: http://www.cumhuriyyet.net/?p=3150

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031