Elmar Vəliyev Gəncəni müharibə meydanına çevirib
Gəncədə
bulvar salınmasına görə evlər yerlə-yeksan olunacaq
Qədim
şəhərin əhalisi isə su, qaz və işsizlik problemləri girdabında boğulur
Ölkənin ikinci ən böyük şəhəri Gəncə
problemlərdən yaxa qurtara bilmir. Şəhər meri Elmar Vəliyevin fəaliyyəti isə
birmənalı qarşılanmır. Bəziləri onun Gəncəni həqiqətən dəyişib, müasir bir
şəhərə çevirdiyini, o cümlədən tarixini qoruyub saxladığını iddia edir.
Amma bir çoxları şəhərin alt-üst
edildiyi, problemlər girdabında olan Gəncənin nə zaman bu vəziyyətdən
çıxacağına ümid olduğunu bildirir. Qeyd edilir ki, Gəncə tarixi məhv edilib,
sahibkarlar intihar həddinə çatdırılıb, abadlıq işləri onların hesabına
görülüb, sənaye müəssisələri iflic olub, belə böyük şəhərdə işsizlik problemi
var.
Eyni zamanda yerli müxalifətçilər şəhərin
“Dəmiryolçular parkı”nda M.Ə.Rəsulzadənin heykəlinin başına torba keçirilib,
parkın da uzun müddətdir hasarlanmasına etiraz edirlər. Mətbuatda bu problem
yazılsa da, heç bir təmir iş getmir.
Yaxınlıqda yaşayanlar isə parkın ərazisinin zəbt edilərək çayxana kimi istifadə
olunacağından şikayətlənirlər.
Amma
Gəncə meri bu məsələyə qarışmır, heç bir müdaxilə etmir. Əhali parkın
abadlaşmasını istəyir. Deyirlər ki, prezidentin Rəsulzadənin 130 illiyinin qeyd
olunması barədə sərəncamı var və onun heykəlinin yerləşdiyi bu park da yenidən
qurulub, əhalinin istifadəsinə verilməlidir. Amma sərəncama qeyri-adekvat addım
atılır. Aylardır Rəsulzadənin heykəlinin başına torba keçirib saxlayıblar.Yerli müxalifətçilər tələb edirlər ki, bu
hörmətsizliyə son qoyulsun.
Qeyd edək ki, ötən il Respublika günü Gəncədə
rəzil hadisə baş verib. Şəhər icra hakimiyyəti rəhbərliyi Məmməd Əmin
Rəsulzadənin büstü olan parkı mayın 27-də, bayramdan bir gün qabaq
hasarlatdırıb, büstün başına torba keçirilib.
Parka bayramı qeyd etməyə gələn yerli müxalifətçilər içəri
buraxılmayıb, polis ərazini mühasirəyə alıb. Mayın 27-dən bağlanan park indiyə
qədər açılmayıb, ərazi tamamilə dəmir hasarla qapadılıb, büstü ağ parçaya büküb
saxlayıblar, bağ vətəndaşların üzünə bağlanıb.
Şəhərdə
digər problem isə içməli su təchizatı ilə bağlıdır. Gəncəlilər su problemindən çox
əziyyət çəkirlər. Şəhərdə suyu pulla satırlar. Sakinlərin sözlərinə görə,
yanacağın qiyməti artana qədər içməli suyun 10 litri 20 qəpiyə alınırdı.
Hazırda bu qiymət 30 qəpiyə qalxıb. Sürücülər qiymət artımını benzinin
bahalaşması əlaqələndirirlər.
Yerli
camaat danışır ki, Gəncə meri divarları, daşları bəzətdirməkdənsə, insanların
içməli su problemini tezliklə həll etsin. Sakinlər Gəncə kimi yerdə suyu pulla
almaqdan beziblər. Onlar bildirirlər ki. dünyanın ən ucqar dağ kəndində belə
bəlkə su problemi 100 il əvvəl həll edilib. Gəncə kimi vaxtilə paytaxt olmuş
şəhərin əhalisi isə içməli su üzünə həsrət qalıb, Göygöldən maşınla su gətirib
vətəndaşlara satırlar.
“Hansı
dövrdə yaşayırıq ki. suyu pulla alaq. Danışanda “ağızlarına çullu dovşan
sığmır”. İnkişaf belə, tərəqqi elə, abadlıq işləri görürük. Hardadır inkişaf?
Şəhərdə adi su belə yoxdur,”-deyə gəncəli Namiq şikayətlənir. Qaz problemi də
Gəncədə tam həllini tapmayıb.
Sosial problemlərlə yanaşı,
tikinti-quruculuq işləri barədə də müxtəlif məlumatlar var. Gəncənin icra
başçısı Elmar Vəliyevin sahibkarlardan pul yığması, obyektlərin yenidənqurma
işlərini onların vəsaiti hesabına gördürməsi iddia olunur. Bildirilir ki, icra
başçısı sahibkarlara “gün verib, işıq vermir”.
Bunu rəsmən təsdiqləyən fakt
yoxdur.
Çünki sahibkarlar qorxusundan
mətbuata danışmırlar. Amma yayılan söz-söhbətlərə görə, Gəncədə abadlıq işləri
sahibkarların puluna görülüb. Belədirsə, dövlət vəsaiti hara xərclənib? Hər
halda rəsmi hesabatlarda dövlət vəsaitindən nə qədər xərcləndiyi açıqlanır. Elə
mətbuatda da E.Vəliyevin hesabatı yayılmışdı. Bildirilirdi ki, 164 milyon manat
xərclənib.
Ondan başqa deyilir ki, tarixi
abidələr dağıdılır, Gəncənin tarixi xəritədən silinir.Düzü, bunun şahidi
olmadıq. Amma Gəncədə təmir-tikinti bumu dayanmaq bilmir.
Ondan əlavə, icra başçısı yeni
bulvarın salınmasına görə vətəndaşların evlərini sökdürəcək. Gəncəçay üzərində
yeni bulvar salınması nəzərdə tutulub. Burada yol üstündə yerləşən yaşayış
evləri söküləcək. Sahiblərinə kompensasiya veriləcəyi isə bilinmir.
Bəzi evlər sənədsizdir və
kompensasiya məsələsində qeyri-müəyyənlik var. Sakinlər də səksəkə içindədir.
Onlar evlərindən çıxarılacağı halda hara köçürüləcəklərini, pul ala
biləcəklərinə əmin deyillər. Vətəndaşlar yaşadıqları yerdən çıxmağa etiraz
etmirlər.
Özləri də etiraf edirlər ki, bu
massiv bərbad gündədir, zibillik içindədir və abadlığa ehtiyac var. Onlar merin
bu addımını pisləmirlər. Sadəcə, evlərinin pulunu tələb edirlər. Öyrəndik ki, geniş
bir bulvar tikiləcək. Bu ətraf tamamilə zibillik, baxımsızdır. Sakinlər məişət
tullantılarını çayın sahilinə atırlar. Təmizlik işləri aparıb, bulvar salınacaq.Amma nə qədər ev söküləcəyi bilinmir. Gəncədə
əhalinin dolanışığı, sosial problemlərinə gəlincə, vəziyyət ürəkaçan deyil.
Şəhərdə çayxanaların çoxluğu işsizliyin elementlərindən biridir.
Camaat gününü çayxanada keçirir.
Əsasən gənclərin işsizlik problemi var.İstehsalat müəssisələri işləmir,
zavod-fabriklər fəaliyyətini dayandırıb. Tək-tük müəssisələr işləkdir. Gənclər
iş tapmaq üçün hara müraciət edəcəklərini bilmirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3256