Ağsu Yapçıları Siyavuş Novruzovu saymadı
Parlament seçkilərində bu dairədən YAP-ın üç namizədi var. 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən hakim partiyanın vahid namizədi Əlyunis Mütəllimovdur. Deputatlığa iddialı Ə.Mütəllimov Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinin müdiridir. YAP-dan digər namizədlər isə “Real press” qəzetinin baş redaktoru Raqif Əsgərov və Sutikinti ASC-də hüquqşünas işləyən Vidadi Məmmədovdur. Hər üç YAP üzvünün namizədliyi rəsmiləşib.
Xatırladaq ki, Hakim Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə irəli sürdüyü deputatlığa namizədlərə alternativ olaraq seçkiyə qatılan YAP üzvləri partiyadan çıxarılacağı bildirilib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, bununla bağlı partiyanın mövqeyi birmənalı və dəyişməzdir: “YAP üzvü partiyanın rəsmi qaydada irəli sürdüyü namizədə alternativ olaraq deputatlığa namizədliyini irəli sürəcəksə, həmin üzvlərimizlə yolumuz ayrılacaq. YAP üzvləri partiyanın rəsmən irəli sürdüyü namizədə alternativ olmamalıdırlar. Partiyanın namizədlərinə alternativ olanlarla bağlı tədbir görəcəyik”.
Sözügedən dairədə maraqlı namizədlərdən biri isə Vəhdət Partiyasının sədri Tahir Kərimlidir. Onunla yanaşı, Muğanbank ASC-nin Şəki filialının müdiri Sahib Daşdəmirov da seçkiyə qatılıb. Heydər Əliyev adına Neft Emalı zavodunda maşinist işləyən Zəka Şikarlı və Miras İctimai Birliyinin sədri Fariz Xəlilli də millət vəkilli olmaq üçün mübarizəyə qoşulub. Habelə, Emin Babayev və Amil Hüseynov adlı müstəqil namizədlər də artıq bu dairə üzrə qeydə alınıb. Onların işsiz olduğu qeyd edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=33662