Hacıbala Abutalıbovun oğlu ölkədən biryolluq gedib: “vəhhabi” iddiası, “MTN işi” və…
Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov uzun müddətdir Azərbaycanla əlaqəsini kəsib. O, Böyük Britaniyanın paytaxtı Londonda məskunlaşıb. Bu barədə Qaynarinfo.Az-a məlumatlı mənbə bildirib. Mənbənin bildirdiyinə görə, Bakı merinin oğlu bu şəhərdə öz ailəsi ilə birlikdə yaşayır. Təxminən 3 ildir Londona köçən İ.Abutalıbov əvvəllər Azərbaycana gəlib-gedirmiş. Amma sonradan o, ölkəni biryolluq tərk edib.
Mənbə iddia edir ki, bunda onun vəhhabi təriqətinə məxsusluğu barədə deyilənlərin əhəmiyyətli rolu olub. Hətta 2014-cü ildə artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Aşurbəy məscidində əməliyyat keçirdiyi və İ. Abutalıbovun həbs edildiyi barədə o vaxt KİV-də məlumat yayılıb: “Həmin məlumat BŞİH tərəfindən təkzib olunub. Bununla belə, haqqında mütəmadi “vəhhabi” iddiasının irəli sürülməsindən və haqqında MTN tərəfindən həbs edilmə iddialarının dolaşmasından rahatsız olan oğul Abutalıbov Azərbaycana gəlməməyi qərarlaşdırıb”.
Qeyd edək ki, bundan əvvəl mətbuatda İ.Abutalıbovun radikal dini cərəyana məxsusluğu barədə iddianın məhz Eldar Mahmudovun tarixə qovuşmuş nazirliyi tərəfindən, məqsədli şəkildə mətbuata ötürüldüyünə, bundan paytaxt merini şantaj etmək məqsədilə olunmaq istənildiyinə dair məlumatlar dərc olunub. Maraqlıdır ki, nə Hacıbala müəllim, nə də onun rəhbərlik etdiyi qurum bu məlumatları təkzib etməyib.
Bu isə deyilənlərdə və yazılanlarda həqiqət payının yüksək olması yönündə ehtimallar yaradır. Onu da deyək ki, keçmiş metro şefi Tağı Əhmədovdan şantaj yolu ilə 3 milyon manat alınması MTN-dəki mövcud olmuş cinayətkar dəstənin hətta iri ranqlı məmurları da hədələyərək onlardan pul və s. qoparmaq imkanlarının olduğunu təsdiqləyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=76397