“91-lər”dən olan sabiq deputatın anım günüdür FOTO

14.12.2020 - 10:23

Bu gün Azərbaycanın görkəmli ziyalılarından biri, keçmiş deputat, Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan Zakir Sərdarovun anım günüdür.

Musavat.com xəbər verir ki, Zakir Sərdarov 1941-ci il dekabrın 31-də Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Yanıqpəyə kəndində qulluqçu ailəsində anadan olub.

O, 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Tarix-filologiya fakültəsinə daxil olub. Yaradıcılıq həvəsi olduğundan gənc yaşlarında “Xəzər dənizçisi” qəzetində əmək fəaliyyətinə başlayıb.

Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirən Zakir Sərdarov, bir il Salyan rayonunda müəllim işləyib. Qısa zaman sonra isə o, əyalətdən Bakıya gəlib.

1969-1971-ci illərdə Azərbaycan Jurnalistlər İttifaqında ədəbi işçi, eyni zamanda, Bakı Bədən Tərbiyəsi Texnikumunda müəllim işləyib. 1971-1984-cü illərdə “Gənc müəllim” qəzetinin redaktoru vəzifəsində çalışıb. Daha sonra məzunu olduğu institutda işləməyə başlayıb.

1982-ci ildə “SSRİ-nin Bolqarıstan Xalq Respublikası ilə iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığına Azərbaycan SSR-in töhfəsi” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsini alıb.

Elmi araşdırmalarının əsasında 5 kitab, 300-dən artıq elmi məqalə qələmə alıb, 4 monoqrafiyanın müəllifi olub.
Zakir Sərdarov xeyli sayda elmi kadrların hazırlanmasına öz töhfəsini verib.

Yuxarıda da qeyd etdiyimiz kimi Zakir Sərdarov Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib.

O, Heydər Əliyevə müraciət imzalamış “91-lər”dəndir. Həyat fəaliyyətindən də məlum olur ki, Zakir Sərdarov mərhum prezident Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq olub. Heydər Əliyev Naxçıvanda olduğu dövrdə dəfələrlə onunla görüşüb, dəyərli məsləhətlər alıb. O, vaxtilə Milli Məclisin qarşısında yaş senzinin aradan qaldırılması üçün keçirilən mitinqlərdə fəal iştirak edib.
1995-ci ildə Heydər Əliyevin siyasi iradəsi ilə ölkənin Konstitusiyası qəbul edildi, müstəqillik dövründə ümumxalq səsverməsi ilə seçilmiş Milli Məclisin ilk tərkibi bəlli oldu. Zakir Sərdarov da birinci çağırış Parlamentə 24 saylı Nəsimi dairəsindən üzv seçildi.

Zakir Sərdarov “Qızıl Qələm” mükafatı laureatıdır.

O, 1999-cu il dekabrın 14-də vəfat edib. Mərhum II Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158397

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031