Xanım deputat “Bakcell”i məhkəməyə verir: “insanların ailə büdcəsinə ziyan vurur”

03.04.2015 - 13:14

BakcellÖlkədə fəaliyyət göstərən mobil operatorların özbaşınalıqları, abonentləri aldatması, istifadəçiləri şirnikləndirici vədlərlə müflis etməsi heç kimə sirr deyil. Yalan vədlər, keyfiyyətsiz xidmət, insanları müəyyən yollarla aldadıb onlardan əlavə pul almaq artıq mobil operatorlarda adət halını alıb. Xarici ölkələrdə fəaliyyət göstərən mobil operatorlar rəqabət aparmaqla qiyməti ucuzlaşdırdığı, xidmət keyfiyyətini yaxşılaşdırdığı halda, Azərbaycandakı operatorlar başqa cür bəhsə girib.

Bizim operatorların qarşılarına qoyduqları əsas məqsəd “kim müştəridən çox pul qopardı”, “kim kimi çox aldatdı” kampaniyasıdır. Məsələn, “Azərcell” stimullaşdırıcı yarış keçirirsə, “Baksell”ondan iki dəfə artıq keçirməlidir, biri 15 müştərini aldadırsa, digəri 150 müştərini aldadıb ondan on dəfə artıq pul qoparmalıdır. Bu cür hərəkətləri ilə “Baksell” daha “fəallıq” nümayiş etdirir. Bu mobil operator demək olar ki, abunəçiləri hər gün aldadır və külli miqdarda gəlir əldə edir. “Bakcell”in biçarə abunəçiləri isə elə aldana-aldana gedir. Yüzlərlə, bəlkə də minlərlə abonent operatorun bu cür özbaşınalıqlarından bezib “Bakcell”in abunəsindən çıxsa da, mobil şirkət hələ də bu özbaşınalıqlarına son qoymaq istəmir.

“Bakcell” özbaşınalıqları elə bir həddə çatıb ki, bu məsələ Azərbaycan parlamentində də qaldırılıb. Millət vəkili Elmira Axindova Bakcelli məhkəməyə verəcək. O, bu barədə Milli Məclsin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib. Millət vəkili qeyd edib ki, gün ərzində mobil telefonuna aldadıcı və reklam xarakterli smslər gəlir: “Bunların çoxu aldadıcı xarakterlidir və insanların cibini soymaq məqsədi güdür. Biz dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışıq. Mobil operatorlara bu barədə məlumat vermişik. Amma onlar tərəfindən heç bir tədbir görülmür. Təkcə mən yox, bütün abunəçilər bundan narazılıq edirlər”. E. Axundova ilk öncə bakcelldən xahiş sonra isə tələb etdiyini vurğulayaraq əlavə edib ki, bu cür mesajların yayılmasına son verilməlidir: “Həmin abunəçilərin müdafiəçisi kimi, Bakcelli məhkəməyə verəcəm”, o qeyd edib.

Xanım deputatımızın dedikləri əslində bu operatorların fırıldaqlarının çox kiçik bir hissəsidir. Bu istiqamətdə cumhuriyyet.az olaraq zaman-zaman apardığımız araşdırmalar və şikayətlər onu göstərir ki, “Bakcell” elə addımbaşı fırıldaqlar işlədib camaatı bezdirir. Birincisi, bu operator ilk növbədə abonentlərinin istehlakçı hüququnu pozur. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanuna görə, hər bir Azərbaycan vətəndaşının hər hansısa bir mal, xidmət haqqında pulsuz informasiya almaq hüququ var. Bu Azərbaycan qanunudur və hər bir şəxs bu qanuna riayət etməyə borcludur. Amma artıq harınlamış “Bakcell” Azərbaycanda biznes qurub, Azərbaycanının və azərbaycanlılar pulu ilə imkanlarını artıraraq elə məhz Azərbaycan dövlətinə, xalqına xəyanət edir. Yeri gəlmişkən bu mobil operatorun Azərbaycana qarşı fəaliyyəti ilə bağlı “Bakcell”dən Azərbaycan xalqına həqarət” başlıqlı məqaləmizdə ilginc faktı da qeydə almışdıq.

Xanım deputatımızın qaldırdığı problemə gəldikdə isə cumhuriyyet.az olaraq bir-iki məqamı da bu mövzuya əlavə etmək istərdik. Bu qurum ilk növbədə vətəndaşın informasiya almaq hüququnu kobud pozur və abunəçilərlə yanaşı, ümumiyyətlə Azərbaycan xalqına xəyanət edir. Belə ki, “Bakcell” operatorunda abunəçi balansı ilə bağlı məlumatı almaq üçün bu operatora pul ödəməlidir. Yəni, operatorun balansla bağlı “178” və ya *100# xidmətindən məlumat almaq üçün xərcə düşür. Hər dəfə balansı öyrənmək üçün abunəçinin 2 konturu balansından silinməlidir ki, “Bakcell” ona hazırkı balansının vəziyyəti barədə məlumat versin. Əks halda abunəçi balansında nə qədər məbləğin qaldığını öyrənə bilmir. Bu abunəçiyə sərf etməsə də, operatora vacib sərf edir.

Çünki, abunəçi ən azından gündə bir dəfə, çox vaxtlarda isə bir neçə dəfə balansını öyrənmək istəyir. Nəzərə alsaq ki, hazırki statistikaya görə, “Bakcell”in 1 milyondan artıq abunəçisi var və bu bir milyondan artıq abunəçinin bir neçəsini çıxmaq şərtilə qalanları hər gün bir neçə dəfə balansı haqqında məlumat alır, bu artıq külli miqdarda gündəlik gəlir deməkdir. Elə bu şirkət təkcə abunəçiyə məlumat verməkdən gündə milyonlar qazanır. Bəs başqa xidmətlər? Baha qiymətə danışıqlar, əsassız kontur silinmə halları, şirnikləndirici fırpıldaqlar və sair. Bütün bunları nəzərə alsaq, “Bakcell” bəlkə də dünyada ən çox gəlir əldə edən şirkətlərdən biridir. Əlbəttə ki, abunəçiləri, Azərbaycan vətəndaşlarını aldatmaq yolu ilə. Kimlərisə aldadıb soyğunçuluqla məşğul olan bu şirkət çox pul gəldikcə özbaşınalıqlarını artırır.

Keçək ikinci fırıldağa. Bu fırıldağa “Bakcell” yeni başlasa da, artıq bu yolla da Azərbaycan əhalisini kifayət qədər soya bilib. Söhbət “Bakcell”in keçirdiyi şirnikləndirici vədlərlə caamatı aldatmasından gedir, yəni, lotoreya oyunundan. “Bakcell”in bu lotoreya oyunu Azərbaycanın ilk müstəqillik vaxtlarında Bakıda vətəndaşları aldadan bir qrup mafiyanın “oymaq-oymaq” oyununa bənzəyir. Yəni, kimi harda aldatdın, orda da pulunu alıb yola salmaq məsələsi. Yəqin, hamı xatırlayar ki, o vaxt vətəndaşların sıx olduğu ərazilərdə bir neçə nəfər yığışıb bir stolda 4 stəkan, oymaq və sair əşyalarla gözbağlayıcılıq edib vətəndaşların pulunu alıb qaçırdılar. Əvvəlcə onlar da oyuna kənardan insanları cəlb etmək üçün onlara pul verirdilər ki, guya udub, sonra şirnikləndirib cibindəki pullarını da udurdular. İndi “Bakcell” də həmin metodla camaatı aldadır. Belə ki, mobil operator gündə bir bəhanə ilə camaata guya pulsuz konturlar hədiyyə edir.

Reklam edirlər ki, bəs 1 manatlıq kontur al yüklə, üstündə filan qədər kontur hədiyyə qazan. Savadsız və reklamın o qədər də fərqinə varmayan bəzi “Bakcell” abunəçiləri də dərhal gedib kontur alıb yükləyir. Nə 5 manatlıq, 10 manatlıq və sair. Kontur alıb yükləyirlər, konturlar hədiyyə gəlir. Amma, sonrası necə olur Allah bilir. Təsəvvür edin ki, 2 manatlıq kontura görə abonentin balansını hədiyə olaraq 450 kontur da artıran “Baksell” həmin konturu sonradan bəlkə də həmin abunəçiyə 600 kontur ziyan vurur. Adı da olur ki, “Bakcell” kontur paylayır. “Bakcell”in bu hərəkəti lap “Əzrayılın bala paylaması” xəbərinə oxşayır. Neçə dəfələrlə olub ki, “Bakcell” abunəçiləri balansından birdən-birə 300, 200, 500 konturun əsassız silinməsindən gileylənir. Məlum olur ki, bu abunəçi də “Bakcell”in qurbanlarındandır. 1 manat verib 5 manat alan operator elə ona görə də bu vaxta qədər özünə müştəri yığa bilmir. Belə getsə deyəsən “Bakcell” yavaş-yavaş abunəçilərini itirəcək və camaatdan aldığı əsassız pulların sonu çatacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=21004

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031