Sumqayıt partlayışının STP izləri: Emin Məmmədov idarəçiliyi, Leyla Babayeva hegemonluğu və… – Video

29.03.2019 - 00:13

Sumqayıtda Poladəritmə sexində partlayış olub, ölən və yaralananlar var. Məlumata görə, hadisə Sumqayıtın İnşaatçılar qəsəbəsi keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən bir sexdə baş verib. Partlayış zamanı müəssisədə çalışan 4 nəfər – 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu , 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Hadisə ilə bağlı yerli mediada yayılan iddialara görə, fakt müəyyən təhriflərlə ictimailəşdirilib. Belə ki, cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, əvvəla, məlum partlayış bu gün yox, mart ayının 22-də baş verib. 5 gün öncə baş verən partlayış nəticəsində xəsarət alanlardan biri – Seyidəliyev Minyaz Şükür oğlu bu gün rəhmətə getdiyindən faktı daha çox gizlətmək mümkün olmayıb. Bildirilir ki, partlayış növbə rəisinin səhlənkarlığı nəticəsində törənib. Belə ki, zavodun dəmirəritmə sobası xarab olsa da, elektrikçinin etirazlarına baxmayaraq, növbə rəisi onu işlətməyə qərar verib. Soba elektirik şəbəkəsinə qoşulduğu anda partlayış baş verib və növbə rəisi ilə bərabər sexdə çalışan 3 nəfər yaralanıb və xəstəxanaya aparılıblar. Sumqayıt İcra Hakimiyyətindən zavod rəhbərliyinə xəbərdarlıq edilib ki, yaralılardan heç birinin ölməməsi üçün Allaha dua etsinlər. Əks halda, cinayət işi başladıb, ən azı iki nəfəri tutacaqlar. Arzuolunmaz ölüm hadisəsi bu gün yaşandığından cinayət işinin istintaqına qərar verilib və məlumat ictimailəşdirilib.

Hadisənin 5 gün gizlədilməsinin digər səbəbi yaşananların zamanı ilə bağlıdır. Belə ki, partlayış ayın 22-də, yəni Novruz bayramı tətilində baş verib. Həmin gün iş günü olmadığından müəssisənin işçiləri də rəsmi tətildə olmalı idilər. Lakin STP rəhbərliyinin daha çox pul qazanmaq istəyi dövlətin işçilərə verdiyi istirahət hüququnun pozulmasıyla nəticələnib. Vətəndaşların Konstitusiya ilə təsbit olunan hüququn pozulmasını gizlətmək üçün başbilənlər hadisəni bu gün, Novruz bayramı tətilindən sonra ilk iş günündə ictimailəşdirmək məcburiyyətində qalıblar.

Səhlənkarlığın əsas günahkarı olan növbə rəisinin hazırda xəstəxanada yatdığı, başına 5 tikiş vurulduğu bizə verilən məlumatlar arasındadır.

Həmçinin cumhuriyyet.az bildirir ki, təhrif olunan digər məqam isə müəssisənin özüylə bağlıdır. İctimailəşdirilən məlumata görə, hadisə, guya, heç kimin tanımadığı bir metal sexində baş verib. Əldə etdiyimiz məlumat isə həmin müəssisənin hansısa kiçik sex deyil, Sumqayıt Texnologiyalar Parkına aid 17 zavoddan biri olduğunu göstərir. Sumqayıt İcra Hakimiyyəti və polis idarəsi iz azdırmaq üçün ictimailəşdirilən məlumatda müəssisənin real ünvanını da təhrif ediblər. Yayılan informasiyada ünvan “İnşaatçılar qəsəbəsi keçmiş TES 1-in ərazisi” kimi göstərilsə də, əslində həmin zavodun Sənaye bölgəsi kimi tanınan Zeynəlabdin Tağıyev qəsəbəsində yerləşdiyi xəbər verilir.

Qeyd edək ki, bu zavod nəinki Sumqayıtın, həmçinin respublikamızın ən iri metaləritmə müəssisələrindən biri kimi tanınır. 2012-ci ildə STP-nin nəzdində fəaliyyətə başlayan Metaləritmə zavodunun əsas təyinatı metal tədarükü, poladəritmə və yayma istehsal sahələrindən ibarətdir. Zavodun Azərbaycanda nadir müəssisələrə verilən armatur istehsal etmək imtiyazı var imiş. Hazırda bu müəssisədə 12; 14; 16; 18; 20; 22; 25-lik armaturlar istehsal olunur və partlayış da həmin sexlərdən birində baş verib.

Müəssisənin daxil olduğu Sumqayıt Texnologiyalar Parkı 2012-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin xeyir-duası ilə açılıb. Tərkibində 17 zavodu birləşdirən STP-də respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksəkgərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Bu sənaye nəhənginin istifadəyə verilməsi nəticəsində yüzlərlə yeni iş yerinin açıldığı bildirilir.

Texnopark 2015-ci ilə qədər “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevin nəzarəti altında imiş. Hətta Etibar Pirverdiyevin bacanağı Zeynal Yunusovun bir vaxtlar həmin parkdakı kiçik sexlərdən birinin müdiri olmasına baxmayaraq, özünün STP-nin ağası kimi aparırmış. Daha sonra STP-yə nəzarət Etibar Pirvərdiyevdən alınıb “Azərenerji” ASC-nin indiki prezidenti (o vaxt “Azərişıq”ın rəhbəri idi) Baba Rzayevə verilib. 2015-ci ildə reallaşan bu əl dəyişikliyindən sonra STP-də iki hakimiyyətlilik dövrü başlayıb. 3 il əvvəl “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktor vəzifəsinə Emin Yaşar oğlu Məmmədov təyin olunub. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlardan aydın olur ki, bu təyinat heç də uğurlu olmadı. Əksinə STP-dəki bərbad idarəetmə indiyə kimi davam etməkdədir.
Qeyd edək ki, STP ilə yanaşı “Expressbank”a da rəhbərlik edən Emin Məmmədovdan çox saylı şikayətlər var. Şikayətlərdə birmənalı olaraq bildirilir ki, Emin Məmmədov STP-yə baş direktor vəzifəsinə təyin olunandan sonra işçilərlə əmək münasibətləri Azərbaycan qanunvericiliyi ilə deyil, baş direktorun qoyduğu şərtlərlə tənzimlənir. Bu isə STP rəhbərliyinə imkan verir ki, STP-də işləyib, təcrübə toplamış işçiləri heç bir təcrübəsi olmayanlarla əvəz etsin. Təbii ki, bu prosesdən STP rəhbərliyi merkantil maraqları üçün yararlanır. Ötən ilin sentyabr-oktyabr aylarından başlayaq STP-dən yüzlərlə işçi müxtəlif səbəblərdən işdən çıxarılıb. Bu barədə işdən çıxarılmış işçilər məlumat verib.
Baş verənlərlə bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, “Sumqayıt Texnologiyalar Parkı”nın rəhbərliyi heç bir əsaslı səbəb olmadan təcrübəli işçilərlə vidalaşır, əvəzində isə STP-də məsul vəzifədə çalışanların yaxın adamları işə qəbul edilir. Bu günlərdə isə “STP-nin daha 5 təcrübəli əməkdaşı- Səfərov Anar, Ələsgərov Ələsgər, Süleymanov Elçin, Əliyev Vüqar və Talıbov Rafiq – işdən çıxarılıb. Belə ki, Avtoparkın müdiri işdən çıxarılandan sonra burda çalışan 5 nəfərin hamısı ilə bağlanmış müqavilələrə birtərəfli şəkildə xitam verilib. Və işçilərə heç bir kompensasiya verilməyib.
İşdən çıxarılmış işçilərin dediyinə görə, bütün bu qanunsuzluqlar STP-nin baş direktoru Emin Məmmədovdan qaynaqlanır: “Emin Məmmədov STP-də faktiki olaraq idaretməni həyata keçirmir. Avtoparkın müdiri Pərviz müəllimi vəzifədən azad ediblər. Bu səbəbdən də bizi də də sıxışdırmağa başlayıblar. Anar Səfərov və Elçin Süleymanovun müqaviləsinə xitam veriblər. Dispetçer Vüqar Əliyevin müqaviləsi aprel ayında bitməsinə baxmayaraq, ona da işdən çıxarmaq barədə təzyiqlər edilir. Artıq Vüqar Əliyevin yanvar ayından başlayaraq işə buraxmırlar. Dəfələrlə Vüqar Əliyevə işdən azad olunması üçün hədə-qorxu gəliblər. Emin Məmmədovun kollektivi idarəetmə bacarığı yoxdur. Bu səbəbdən də bütün işləri STP-nin Təhlükəsizlik Departamentinin rəisi Rüfət Ağamaliyev idarə edir. Rüfət Ağamaliyev də STP-də elə bir şərait yaradıb ki, hansı işçi ona “işverənlik” etmir, onu müxtəlif bəhanələrlə işdən azad etdirir. Bu işdə Rüfət Ağamaliyevin köməyinə Kadrlar Şöbəsinin müdiri Leyla Babayeva gəlir. Leyla Babayeva işçilərə müxtəlif təzyiqlər edir və onlardan işdən azad olunması üçün ərizələr alır. Birmənalı olaraq qeyd edirik ki, STP-ni Emin Məmmədov yox, Rüfət Ağamaliyevlə Leyla Babayeva idarə edir.. Kimi istəyirlər işə qəbul edir, kimi istəyirlər işdən azad etdirirlər”.
STP-də rəhbərliklə işçilər arasında münasibətlərin necə qurulduğunu göstərən səsyazılarından da hər şey aydın olur. Bildirək ki, cumhuriyyet.az təqdim olunmuş səsyazısında STP-nin Kadrlar Şöbəsinin rəhbəri Leyla Babayevanın işçilərə necə hədə-qorxu gəldiyi əksini tapıb: Daxil olmuş məlumatlarda STP rəhbərliyinin yol verdiyi maxinasiyalar və oğurluq faktları əksini tapıb. Növbəti yazılarımızda bu barədə geniş məlumat verməyə çalışacağıq…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127720

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2019
BE ÇA Ç CA C Ş B
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930