Korrupsiya və qanunsuzluğun ucqar ünvanı-Balakən: Üçüncü yazı
Bir neçə gündür ki, cumhuriyyət. az olaraq Balakən səfərimiz haqqında yazılar dərc edirik. Biz bu məkanda gördüklərimizi, insanlarla etdiyimiz söhbətləri kiv-də dərc etməklə əslində Balakən rayonunda nələrin, necə baş verdiyini ölkə ictimaiyyətinin diqqətinə çatdırırıq. Bəli, Balakən və balakənlilər bir neçə il bundan öncə olduğu kimi yaşamırlar, rayon əvvəlki illər tək idarə olunmur. Hazırda burada insanlar gündəlik qayğılarını qarşılamaq üçün mücadilə edirlər. Rayonda qeyd etdiyimiz kimi məmur özbaşnalığı, bürokratik əngəllər mövcuddur.
Balakəndə hazırki rəhbərliyin dövründə qanunsuzluqlar ucbatından çox insanlar əzab-əziyyət içində çabalayırlar. Hazırki rəhbərliyin xidməti sayəsində rüşvət rayonun bütün idarə-müəssisələrinə yol açıb. Rüşvət orta məktəblər, hətta uşaq bağçalarında da günün əsas probleminə çevrilib. Necə deyərlər, qazanan harın məmurlar, itirən isə sadə haqqı əlindən alınmış balakənlilərdir. İkinci yazımızda qeyd etdiyimiz kimi bu formada tənqidi yazılar icra başçısı cənab İslam Rzayevin heç ürəyincə olmayıb. Buna görə də Balakəndə olduğum vaxt salamlaşdığım, oturub çay içdiyim tanışlarımı sorğu-suala tutmaqla demək olar ki, icra başçısı onlara qarşı yeni cəbhə açıb. Hörmətli İslam müəllimə demək istəyirəm ki, mən həmin şəxsləri tanıyanda, onlarla oturub-duranda media nümayəndəsi deyildim. Bizlər müxalif fikirliliyinə görə insanları saf-çürük eləmirik. Bu işləri ancaq tipik yap-çılar edir. Necə ki, edirsiniz. Mənim bu insanlarla görüşümdə hər hansı planımın olduğu haqda danışılmayıb və bunun məndən başqa heç kimə aidiyyatı yoxdur. Ona görə də yaxşı olar ki, rayon rəhbəri kimi sanbalınızı qoruyub saxlayasınız.
Yəni ucuzluğa getməklə ilk növbədə öz nüfuzunuza xələl gətirmiş olacaqsınız. Dəyərli oxucularımıza verdiyimiz vədlərə əməl edərək növbəti suallarımızı icra başçısı hörmətli İslam müəllimə ünvanlayırıq. Hörmətli İslam müəllim, rayon icra hakimiyyətindəki mənbəmiz qeyd edir ki, sizin şöbə müdirlərinizdən birinin diplomu saxtadır. Bizim hər hansı şəxslə düşmənçilik və ədavətimiz yoxdur. Ancaq istərdik ki, bu suala cavab verilsin və sübhələrə son qoyulsun. Məsələn, informasiya verən mənbə qeyd edir ki, şöbə müdiri diplomu Rusiyada pulla alıb və bir gün də olsun ali məktəbə getməyib. Hətta onun müəllimlərini tanımadığı da qeyd edilənlər sırasındadır. Məsələn, söyləyirlər ki, adı çəkilən şəxsi onun rayondakı day-dayısı Fuad Səlimov keçmiş başçı Asif Məmmədovun dövründə bu vəzifəyə təyin elətdirib. Sonradan keçmiş başçı onu prezident yanında dövlət idarəetmə akademiyasına göndərib. Adı çəkilən Fuad Səlimovun prezident administrasiyasında böyük vəzifə tutan Zeynal Nağdəliyevin dayısı olduğu bildirilir.
Cənab başçı, ətrafınızda olan şəxslər cumhuriyyet.az-a bildirir ki, siz hörmətli Fuad Səlimovun heç bir sözündən çıxmırsınız və tez-tez ona baş çəkirsiniz. Biz bunu yaxşı hal kimi qəbul edirik. Fuad dayı ağsaqqal və 84 yaşı olan birisidir. Yaşlı xəstə adamın yanına gedib onu yoxlamaq çox gözəl, həm də allah yanında savab işdir. Ancaq bir sualımıza cavab ala bilsək məmnun qalardıq. Cənab başçı, siz rayondakı bütün yaşlı ağsaqqallara baş çəkirsiniz, yoxsa yalnız Fuad Səlimova?Fuad Səlimovun rayon ağsaqqallar şurasında müavin olduğu qeyd edilir. Onun eyni zamanda rayonda kadr işinə baxdığı qeyd edilənlər içərisindədir. Məsələn mənbəmiz icra başçısının sosial-iqtisadı məsələlər üzrə müavini Mehparə Nuriyevanı məhz Fuad Səlimovun himayə etdiyini, onun daha uzun müddətə tutduğu vəzifədə qalmasına kömək etdiyini bildirir.
Ən ağrılı məsələ budur ki, mənbəmiz qeyd edir ki, rayon ağsaqqallar şürasında bir iki nəfəri çıxmaqla qalanlarının keçmişinin ləkəli olduğu bildirilir. Məsələn, qeyd edirlər ki, rayon ağsaqqallar şurasında elə adam var ki, vaxtı ilə 9-cu sinifdə oxuyan qız uşağını zorlayıb. Onda belə sual çıxır. Bunun nəyi və harası ağsaqqal oldu? Bəyəm Balakəndə düzgün, şərəfli keçmişə malik olan ağsaqqal tapmaq olmazmı? Ağsaqqallıq saqqalın ağlığı ilə ölçülmür fikri ilə yəqin ki, hamınız razılaşarsınız.
Hörmətli İslam müəllim, Balakəndə olduğumuz birinci iş günündə siz güləşçi çempionu qarşılayıb qəbul etmək üçün böyük tədbir düzənləmişdiniz. Çox gözəl, bəli, dövlətimizin idman şərəfini qoruyan, onun bayrağını yüksəklərə qaldıran hər bir idmançıya eşq olsun və bu hamımız üçün qürurdur. Həmin günü biz rayon icra hakimiyyətində belə bir mənzərə ilə qarşılaşdıq. Şikayətə gələn qadın hay-küy salmışdı ki, zəlzələdən dağılmış evimi tikməyiblər, pulunu mənimsəyiblər. Bu qadının qarşısında icra hakimiyyətində işləyən hər bir kəs aciz qalmışdı. Sanki onun pulundan hamıya çatıb kimi mənzərə yaranmışıdı. Həmin qadını binadan heç kim uzaqlaşdıra bilmədi. Sizin birinci müavininiz Azad Balayev onunla qəbul otağında söhbət apardı. Qadın o, dərəcədə bərkdən və aqressiv danışırdı ki, müavininiz küncə sıxılmış və günahkar kimi görünürdü. Axı bu yazıq insan aldadılıb, ona zülmlər edilib. Əcaba o, sizlərlə necə danışmalıdır?Belə insanlar Balakəndə yüzlərlədir. Həftənin üçüncü iş günü vətəndaşların qəbulu günü apardığımız monitorinq bizlərdə mənfiyə doğru çox böyük fikirlər formalaşdırdı. İcra başçısının qəbulu yoxsa görüntü?İcra hakimiyyətinin binasında, binanın çöl tərəfində idarə müəssisə rəhbərləri, bələdiyyə sədrləri, icra nümayəndələri pusqu qurmuşdular. Onlar rəhbərlik etdikləri ərazilərdən qəbula gələnləri dilə tutur, hədələyir, bir sözlə onları qəbuldan yayındırmaq üçün əllərindən gələni edirdilər. Burada səs-küydən qulaq tutulur, icra hakimiyyəti deyil, sanki bazarı xatırladırdı. Heç bir rayonda qəbula bu qədər adam gəlmir. Bütün bunlar sizin zəhmətinizin bəhrəsidir, İslam müəllim. Ona görə də günahı başqasında yox, hər kəs özündə görməlidir. Günah keçisi axtarmaqdansa özünə, işinə məsuliyyətlə yanaşmaq lazımdır. Hesab edirəm ki, hazırda Balakəndə mövcud hökumətə qarşı ən böyük müxalifəti icra başçısının rəhbərliyi altında məmurlar yaradıblar. İnsanları narazı salmaq, onların problemlərini həll etməmək, onları hökumətdən narazı salmaq demək deyilmi?Balakəndə tufan qabağı sakitlikdir desək yanılmarıq. Kim qarantiya verə bilər ki, Balakəndə Quba-İsmayıllı hadisələri təkrarlana bilməz?Əgər insanlar şikayət üçün döyməyə qapı tapmırlarsa, nə etməlidirlər?Artıq yubanmadan bu suallar ətrafında düşünməyin vaxtıdır. Yoxsa sonra gec olacaq. Ardı var.
Elçin İsmayıllı, xüsusi olaraq Cumhuriyyət. az üçün
Short URL: http://www.cumhuriyyet.net/?p=32936