Prezidentin nümayəndəsi Qüdslə tərəfdaşlıqdan danışdı

01.08.2023 - 19:17

Bakı və Qüds arasında strateji tərəfdaşlıq qurulub. Hər iki xalq arasında münasibətlər tarixində ən yüksək səviyyəyə çatıb və daha da inkişaf edəcəyi gözlənilir.

Cumhuriyyet.net xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovun ABŞ-ın geniş oxucu kütləsinə malik “Jewish News Syndicate” nəşrinə açıqlamasında yer alıb.

Azərbaycan rəsmisi açıqlamasında iki ölkə arasında münasibətlərin çoxşaxəli və dinamik olduğunu, mütəmadi şəkildə inkişaf etdiyini vurğulayıb: “Bu gün biz qarşılıqlı münasibətlərimizin zirvə nöqtəsindəyik və bu dostluğu, əməkdaşlığı dərinləşdirməkdə, inkişaf etdirməkdə qətiyyətliyik”.

Məqalə müəllifi qeyd edib ki, bu açıqlamalar Azərbaycanın dünyada şiə çoxluğun yaşadığı ilk dövlət kimi İsraildə öz səfirliyini açmasından cəmi dörd ay sonraya təsadüf edir. Diplomatik missiyanın açılması iki ölkə arasında otuz ildən bəri mövcud münasibətlərin və iki xalq arasında yüzilliklərə söykənən tarixi əlaqələrin, eləcə də təhlükəsizlik və enerji sahəsində tərəfdaşlığın nəticəsidir. Diqqətə çatdırılır ki, iki xalq arasında münasibətlər dinlərarası əlaqələr üçün nümunəvi sayıla bilər və İsrail 1991-ci ildə dövlət müstəqilliyini elan etmiş Azərbaycanı tanıyan ilk ölkələrdən biri olmuş, 1993-cü ildən Bakıda öz səfirliyini açmışdır. İsrailin neft tələbatının təxminən 30 faizini Azərbaycan təmin edir, Azərbaycan isə İsrailin hərbi məhsullarının əsas alıcılarından hesab olunur və 2020-ci ildə Ermənistanla müharibədə həmin silahlar Azərbaycanın Qələbəsinə töhfə verib.

Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycandakı yəhudi icması ölkə ictimaiyyətinə sıx inteqrasiya olmuş mühüm bir icmadır: “Yəhudi icması bizim ölkələri birləşdirən və münasibətləri möhkəmləndirən “canlı körpü“ kimi çıxış edir”.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda yaşayan yəhudilərin sayı 25-30 min civarındadır və Azərbaycandan İsrailə miqrasiya etmiş yəhudilər öz tarixi vətənləri ilə sıx əlaqə saxlayırlar. Həmçinin 50-dək etnik qrupun dinc şəkildə birgə yaşadığı Azərbaycan bu ölkədə yaşayan yəhudi icması ilə yaxşı münasibətlərdən qürur duyur.

Məqalədə iki ölkə arasında əlaqələrin gələcəyinə də toxunulub və qeyd edilib ki, Ermənistanın işğalından azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasında İsrail şirkətləri də yaxından iştirak edə bilərlər. Eyni zamanda, bu il ərzində Bakıya yüksək səviyyəli səfərlərin baş tutması da əlaqələrin səviyyəsindən xəbər verir. Həmçinin qeyd edilib ki, Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin inkişafına da öz töhfəsini verir.

E.Əmirbəyov məqalənin sonunda qeyd edib ki, İsrail təkcə sözdə dost deyil, eyni zamanda, əməldə öz dostluğunu sübut edir və bu, ölkənin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.

Yekunda vurğulanıb ki, Azərbaycan-İsrail münasibətləri həm Bakıda, həm də Qüdsdə hər iki tərəf üçün əhəmiyyətli hesab edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=193990

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930