Abşeronda yezid zülmü: Novxanı sakinləri karantin rejimində əl yumağa su tapmır
Artıq bir aya yaxındır ki, Novxanı kəndinin Gəray Əsədov və Məhəməddhüseyn Şəhriyar küçələrində su, sözün həqiqi mənasında qəhətə çəkilib. Moderator.az xəbər verir ki, prezident İlham Əliyevin rəhbərliyi altında bütün ölkədə koronavirusa qarşı mübarizə məqsədi ilə ciddi tədbirlərin həyata keçirildiyi bir zamanda adıçəkilən küçələrdə məskunlaşan vətəndaşlar nəinki gigiyenik normalara əməl etmək, hətta içmək üçün belə su tapmır. Halbuki, pandemiyanın yaratdığı indiki həssas situasiya insanlardan öz təmizliklərinə, gigiyenik normalara daha ciddi əməl etməyi, əllləri tez-tez sabunla yumağı, geyim ləvazimatları da daxil olmaqla gündəlik istifadə edilən əşyaları təmiz saxlamağı tələb edir. Lakin “Azərsu” ASC-nin koronavirusun sınağa çəkdiyi vətəndaşları bir də susuzluqla sınağa çəkməsi onları bu imkandan məhrum edir. Başqa sözlə desək, susuzluq Novxanıda koronavirusun gəlişi üçün qızılı dəvətnamə rolunda çıxış edir.
Saytımızın Novxanıda yaşayan əməkdaşı mövcud vəziyyətin həqiqətən də dözülməz olduğunu təsdiqləyir:
“Mübaliğəsiz olaraq bildirirəm ki, həm Gəray Əsədov, həm də Məhəmmədhüseyn Şəhriyar küçələrində su problemi vətəndaşara qalan bütün problemləri unutdurub. Adıçəkilən küçələrə bəzən günlərlə, bəzən isə günün çox saatlarında su verilmir. Nəticədə, insanlar suya olan minimal tələbatlarını belə ödəyə bilmir.
Xəstə və uşaqlı ailələrdə vəziyyət daha ağırdır. Bununla bağlı dəfələrlə öz şikayət və narazılığımızı Novxanıdakı su-bağlar idarəsinə, eləcə də “Azərsu” ASC-nin qaynar xəttinə bildirsək də, təəssüflər olsun ki, adıçəkilən qurum vətəndaşlara su vermək əvəzinə ümid və təsəlli verməklə məşğuldur. Bu səbəbdən də ali instansiyaların, Operativ Qərargahın,eləcə də ölkə başçısının bu problemə müdaxiləsini zəruri hesab edirik. Çünki hər il üçün aktual olan problemin bu il bütün sərhədləri keçməsi, “Azərsu” ASC-nin vətəndaşların problemini heç cür həll etməməsi daha yuxarı insatnasiyaların bu problemə müdaxiləsini zəruri edir”.
P.S.Qeyd edək ki, məsələ ilə bağlı “Azərsu” ASC-nin mövqeyini də dərc etməyə çalışsaq da, qarşı tərəf problemlə bağlı hər hansı açıqlama vermədi.
Seymur ƏLİYEV
Short URL: http://www.cumhuriyyet.net/?p=148194