Gürcüstan üzərində ABŞ-Rusiya savaşı

26.03.2015 - 20:25

ABŞ Güney Qafqazdakı son qalasının müdafiəsinə qalxır

absrusMartın 27-də Gürcüstan Milli Birlik Partiyasının parlament qrupu hökumətin istefası məsələsinin müzakirəyə çıxarılması üçün digər deputat qrupları ilə danışıqlara başlayacaq. Bu haqda “Yeni Müsavat”a danışan deputat qrupunun üzvü Qoka Qabaşvili deyir ki, məsələnin parlamentin gündəliyinə salınması üçün deputatların 50+1-nin imzası gərəkdir: “Biz israrla hökumətin istefasını tələb edirik. Bütün ölkə görür ki, onlar Gürcüstan üçün heç bir iş görmürlər. Xalq gözləyirdi ki, bu komanda ölkəni iqtisadi böhrandan çıxaracaq, islahatlar aparacaq. Ancaq irəliyə doğru heç bir proses yoxdur. Dövlət büdcəsinin durumu son dərəcə ağırdır. Ən pisi isə odur ki, xalqın ağır güzəranının fonunda rəsmilər xalq qarşısına çıxıb deyirlər ki, ölkədə inkişaf var. Sizi əmin edirəm ki, bu iqtidarın dönəmində durumu yaxşılaşan bir sadə gürcü ailəsi tapmaq mümkün deyil”.
Qoka Qabaşvili deyir ki, vətəndaşın yeni hökumətdən ən ciddi gözləntisi bank-maliyyə sistemi ilə bağlı olub: “Kredit faizləri 14-18 arasındadır. Bu son dərəcə böyük rəqəmlərdir. Nə qədər vətəndaşımız illərdir yüksək faizli kreditlərin yükündən qurtula bilmirlər. İvanişvili hakimiyyətə gələndə bildirmişdi ki, kreditləri aşağı salacaq, kənd təsərrüfatını stimullaşdıracaq, insanlara yeni iş yerləri açacaq. İvanişvili istefa versə də, bu gün Gürcüstanı o idarə edir. Ancaq o, nə vəzifədə olanda, nə də komanda üzərində nəzarətini saxladığı bugünlərdə bu vədlərini yerinə yetirmir. İşləyən əhalinin sayı hər gün azalır. Bütün bu iqtisadi uğursuzluqlar ölkədə dərin siyasi böhrana da yol açıb. Artıq bu gün hamıya bəllidir ki, indiki iqtidar qalacaqsa, Gürcüstanın inkişafından söhbət gedə bilməz”.
Qabaşvilidən öyrənirik ki, sabiq prezident Saakaşviliyə bağlı Milli Birlik Partiyası impiçment prosesini daha da sürətləndirmək üçün yeni kütləvi aksiyalara hazırlaşır: “Parlament xalqın sözünü deyən hökumət qurumudur. Müxalifətdə olan partiya kimi biz narazı kəsimin etirazlarını hökumətə çatdırmağa borcluyuq. Bu, bizim birbaşa missiyamızdır. Bunun üçün ən böyük dəstəkçimiz də elə xalq özüdür. 21 mart mitinqi göstərdi ki, vətəndaşlar siyasi proseslərin onların istəyi ilə inkişaf etməsi üçün səy göstərməyə hazırdırlar. Hələlik gələn mitinqin konkret tarixi bəlli deyil. Ancaq partiyada kütləvi aksiyalar üzrə təşkilat komitəsi yaradılıb. Həmin qurum ölkə miqyaslı yeni mitinqin keçirilməsi ilə bağlı işləri davam etdirir. Bizim əsas tələblərimizdən biri də Milli Birlik Partiyasının lideri Mixeil Saakaşvilinin ölkəyə qayıtmasıdır. Bu biabırçı rejimin fəaliyyətini dayandırmaq mümkün olan kimi bu məsələnin avtomatik çözüləcəyinə şübhə etmirik”.

Tiflisin baş meydanında keçirilən 21 Mart mitinqi eks-prezidentin özü və tərəfdarları üçün nəbz yoxlaması olub. Siyasi hakimiyyətdən gedəndən sonra Mixeil Saakaşvili ölkəsində ilk dəfə belə böyük aksiya keçirib. Hakimiyyət komandası mitinqin miqyasını nə qədər kiçilməyə çalışsa da Milli Birlik sonucdan çox razı görünür.
Biz partiyanın baş ofisində olarkən liderlər yerli media üçün brifinq keçirirdi. Təxminən 10 telekanalın və 5-6 çap mediasının təmsil olunduğu brifinqdə verilən mesajlar partiyanın ciddi bir proses başlatdığından xəbər verirdi. Brifinqdən bir neçə saat öncə Mixeil Saakaşvili sədr müavinləri və partiyanın parlament qrupu ilə Skyape üzərindən müşavirə keçirmişdi. Millət vəkili Gigi Serietli bildirirdi ki, partiyanın yaxın gələcək üçün planlarının müzakirə olunduğu müşavirədə Saakaşvili konkret tapşırıqlar verib, Gürcüstanın “yarıtmaz iqtidardan qurtulması üzrə” planlarını partiyadaşları ilə bölüşüb.
Brifinqdən sonra Gürcüstanın media təmsilçiləri ilə də söhbət imkanımız oldu. Senzurasız mühit, ölkədə söz azadlığının tam təmin olunması onların sadəcə suallarımıza cavablarında, məsələlərə baxışlarında deyil, davranışlarında da gözə çarpırdı. Son dərəcə komplekssizdirlər. Ölkələrindəki proseslər haqqında bəzəksiz-düzəksiz, malasız danış, hər şeyi, hər kəsi öz adı ilə çağırırlar.

Gürcü jurnalistlər deyir ki, Milli Birliyin dediyi kimi, xalq gerçəkdən də yeni hakimiyyətdən narazıdır. Ancaq iddia edildiyi kimi çoxluq illah ki, Mixeil Saakaşvilinin ölkə rəhbərliyinə gəlişini də istəmir. Çünki Mixeil Saakaşvili ikinci prezidentlik dönəminin son illərində xalqla arasında dərin bir uçurum yaradıb, nöqsanları göstərən aydınları aşağılayıb, vətəndaşlardan gələn etirazlar nəzərə alınmayıb, ölkənin biznes elitası çox ağır məhrumiyyətlərlə üzləşib. Ölkənin ən ciddi problemi isə siyasi məhbus problemi olub. Saakaşvilinin 10 illik hakimiyyəti dönəmində kiçik Gürcüstanda siyasi hakimiyyətə rəqib olan 220 min insan həbsdən keçib. Gürcülər bu faktdan danışarkən tez-tez “dəhşət” kəlməsini işlədirlər.

Vətəndaşlar yaxın keçmişdə baş verən bu olayların təsirindən hələ də çıxmayıb, ona görə də çoxları Mixeil Saakaşviliyə ölkənin keçmişi kimi baxır, onun yenidən hakimiyyətə dönmə şanslarının çox aşağı olduğunu düşünürlər. Uzun illər ölkənin güc strukturlarında müxtəlif vəzifələrdə çalışan Nodar Svanidze bizimlə söhbətdə deyir ki, Mixeil Saakaşvilini Gürcüstanın təxminən 30 faizi müdafiə edir: “Saakaşvilinin komandasını xalq bilirsizmi nə üçün sevirdi? Onlar çox qısa zamanda sovetlər dönəmindən cəmiyyətdə kök salan rüşvətin, eləcə də oğurluğun kökünü kəsə bilmişdilər. Bu çox böyük uğur idi. Gürcülərin həyatını cəhənnəmə çevirən, xüsusən polis sistemində addımbaşı vətəndaşı incidən rüşvət yoxa çıxmışdı. İnsanların əllərindəki pul kiminsə cibinə axmırdı, onları rifahına xidmət edirdi. Asan deyildi, təbii… Bu yol yüksək rütbəli məmurlardan adi yol polisinə qədər, minlərlə vəzifəli şəxsin cəzalandırılmasından keçmişdi. Ancaq siyasi iradə ortaya qoyuldu və buna gedildi. Müxtəlif yanaşmalar var – indi deyirlər, həbs edilənlərin böyük hissəsi haqsız yerə tutulmuşdu. Bu səbəbdən onlar siyasi məhbus elan edildilər. Ancaq rüşvət bir zəncirdir. Əgər o hansısa bir mərhələdə varsa, demək özündən yuxarıda da, aşağıda da olması çox ehtimal ediləndir. Şəxsən mən Saakaşvilinin dönəmində vəzifədən azad edilmişəm. Ancaq bu gün də hökumətin həmin addımlarını dəstəkləyirəm. Gürcü cəmiyyəti ilə tanış olanlar bilir ki, bizdə oğurluq da çox yayğın idi. Ancaq Saakaşvili elə bir düzən yaratmışdı ki, insanlar maşınlarının qapısını belə bağlamırdılar. Hamı bilirdi ki, başqasının əmlakını ələ keçirmək haqqında düşünsə sərt şəkildə cəzalandırılacaq. Saakaşvili sərt qayda-qanunla sanki gürcüləri tərbiyələndirirdi. Biz bunu etiraf etməyi bacarırıq. 2 ildir bu cür köhnə mənfi tendensiyalar yenidən görünməyə başlayıb. Məmurlar vətəndaşdan rüşvət alana qədər onu süründürməklə məşğul olur. Etirazlara, şikayətlərə isə baxan yoxdur. Bu da vətəndaşı hökumətdən incik salır. Axı kim onun üçün işləməyən hökuməti dəstəkləyər?”
M.Saakaşvili iqtidarını xalqın gözündə yüksəldən önəmli bir amil komandanın yüksək savad almış şəxslərdən təşkil olunmasıdır. Dönəm prezidentini özü kimi çevrəsi də ABŞ-ın, Avropanın aparıcı universitetlərinin məzunları olub, dünyanın tanınan qurumlarında iş təcrübəsi qazanıblar. İndiki iqtidar bu məsələnin müqayisəsində də Saakaşvili komandasına böyük hesabla uduzur. Gürcülər deyir ki, postlara o qədər savadsız, o qədər təcrübəsiz insanlar təyin edilir ki, qısa zamanda hökumətin onları vəzifədən azad etməkdən başqa çıxış yolu qalmır. Bu səbəbdən 2 ildir iqtidarda olan yeni komanda heç cür oturuşa bilmir. Gürcüstan vətəndaşları bu duruma obrazlı ifadə də tapıblar; bu haqda danışanda deyirlər ki, bizdə “ … nazirləri uşaqların pampersini dəyişmə sürəti” ilə yeniləyirlər.

Daxili faktorlar vətəndaşla indiki iqtidar arasında münasibətlərin soyuqluğuna nə qədər təkan versə də, ölkədə siyasi gündəmin dəyişməsində geopolitik amillərin çox güclü olduğu da göz qabağındadır. Saakaşvilinin dönəmindən ABŞ-ın 52-ci ştatı adlandırılan Gürcüstan sonradan Rusiya ilə nisbətən yaxınlaşmağa meyl etdi. Düzdü, bu proses o qədər də sürətlə gedərək ölkənin xarici siyasət kursunda köklü dəyişikliklərə çevrilmədi, ancaq meyllilik hiss olunur. Sözsüz, Ağ Ev də baş verənlərin fərqindədir. Birbaşa, uzunmüddətli dəstəyi ilə yaranan demokratiyanın sonradan özünə qarşı çevrilməsi rəsmi Vaşinqtonu narahat etməyə bilməzdi. Azərbaycan və Ermənistanın xarici siyasət kursunu analiz etdikdə Güney Qafqazı nəzarətdə saxlaması üçün Gürcüstanın Birləşmiş Ştatlar üçün nə qədər vacib ölkə olduğu bir daha aydın olur. Rusiya Gürcüstanı tamamilə öz nəzarətinə keçirə bilsəydi, ABŞ Güney Qafqazdakı son qalasını da itirmiş olacaqdı. Gürcü cəmiyyəti düşünür ki, Ukrayna məsələsində Rusiya ilə “kəllə-kəlləyə” gələn Qərb indi də Gürcüstan cəbhəsini gücləndirməyə çalışır.

Gürcüstanda onu da öyrəndik ki, son aylarda Qərb institutlarının ölkəyə marağı çoxalıb. Çox sayda yeni layihələr həyata keçirilməyə başlanıb. Prioritet insan haqları başda olmaqla, digər demokratik azadlıqlardır. Vətəndaş cəmiyyətinin inkişafının cəmiyyətin ümumi inkişafına nə dərəcədə güclü təsirinin olduğunu son 20 ildə çox gözəl anlayan Gürcüstan vətəndaşları bu prosesdə çox fəaldırlar. Hakimiyyətə gəlincə, bu onları narahat etsə də, prosesə birbaşa təsir imkanları o qədər də güclü deyil. Azərbaycanda olduğu kimi QHT sektorunun xaricdən maliyyələşdirilməsinin qarşısını almaq onların gücündə deyil – demokratik yolla formalaşan Gürcüstan parlamentindən insan hüquq və azadlıqlarının məhdudlaşdıran qanun layihəsini keçirmək mümkün olmaz. Gürcülər deyir ki, Qərbin demokratik institutlara ayırdığı maliyyə getdikcə böyüyür. Maliyyə imkanları miqyasın, əhatə dairəsinin genişlənməsinə də yol açır.

Bu fonda ölkədə hansı dəyişikliklərin baş verəcəyini ən yaxın gələcək göstərəcək.

Aygün Muradxanlı, musavat.com

Tiflis-Bakı

Short URL: http://www.cumhuriyyet.net/?p=19652

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728