Azərbaycana gətirilən bananlar bu cür yetişdirilir – VİDEO
Gəlir güdməyən “Banana Link” təşkilatına görə, banan dünyada ən çox alınıb-satılan meyvədir. Təşkilat eyni zamanda, banan qabığının iç tərəfinin ayaqqabıları cilalamaq üçün istifadə edilə biləcəyini də qeyd edir.
Dünyada istehsal edilən bananın yalnız 20%-i ixrac edilir. “Banan: Dünyanı Dəyişdirən Meyvənin Talehi” adlı məqalənin müəllifi Dan Koeppelə görə, bunun səbəblərindən biri 400 milyondan çox insanın bananı əsas kalori mənbəyi olaraq istifadə etməsidir.
Koeppel, Avstraliya və Asiyaya yayılan Panama xəstəliyindən narahatdır. Mozambikdə milyonlarla banan ağacını tələf edən xəstəliyin dünyaya bananın böyük hissəsinin ixrac edildiyi Latın Amerikasına da sıçramasından qorxulur.
Bəs, dünya miqyasında banan təklifi düşsə və qiymətlər artsa hansı ölkələr bundan ən çox təsir görər?
Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada adambaşına ən çox banan idxal edən (alan) ölklər Küveyt (48,34 kq), İslandiya (18,55 kq), Yeni Zelandiya (18,09 kq), Birləşmiş Ərəb Əmirliyi (16 kq), Norveç (15,50 kq) Suriya (13,89) və ABŞ-dır (13,77 kq). Azərbaycanın qonşularından, adambaşına Rusiya 8,78 kq, İran 4,70 kq, Türkiyə 3 kq banan idxal edir. Azərbaycan isə digər ölkələr qrupuna aid edilib. Həmin qrupa daxil olan ölkələr orta hesabla adambaşına 1,78 kq banan idxal edir. Bu hesabla təxminən 9,4 milyon nəfər əhalisi olan Azərbaycan ildə 17 milyon kq banan idxal edir. Bu da hazırkı qiymətlər ilə 40 milyon manata yaxın vəsait deməkdir.
Dünyada ən çox banan ixrac edən (satan) ölkələr Ekvador, Filippin, Kosta Rika, Qvatemala və Kolumbiyadır.
Short URL: http://www.cumhuriyyet.net/?p=20205