Amerikada Şükran günü – bayram, yoxsa yas? – İBADƏT

27.11.2015 - 23:28

rr“İbadət” rubrikasında mütəmadi olaraq digər xalq və dinlərə məxsus müxtəlif bayramlardan da bəhs edirik. Bu dəfə, əsasən, ABŞ və Kanadada keçirilən Şükran günündən (Thanksgiving Day) danışacağıq. Bu bayram Kanadada oktyabr ayının 2-ci bazar ertəsi günü, ABŞ-da isə noyabr ayının 4-cü cümə axşamı günü qeyd olunaraq, Yeni İlədək keçiriləcək bayram əyyamının başlanğıcı sayılır. Amerika və Avropa mənbələrində Şükran gününün qısa tarixçəsi belədir:

Şükran günü – hinduların Amerikaya gələn ingilislərə yardımı…

Bayramın mənşəyinin qırmızıdərililər və ilk müstəmləkəçilərin ortaq təşkil etdikləri bir məhsul yeməyindən götürüldüyü deyilsə də, sonradan həmin adət bu ölkələrdə qırmızıdərili ünsürlərindən ayrılaraq, yalnız ailə və Tanrıya aid bir məna kəsb etməklə, əsasən, protestant amerikalıların dini ibadət ayininə çevrilmişdir.
Öz ölkələrindəki dini təzyiq və zülmlərdən qaçan İngiltərədəki prostestant-puritan kilsəsinin radikal qoluna mənsub bir qrup ingilis 1620-ci ildə Amerikanın cənub-şərqindəki Plimut məntəqəsinə (hazırda Massaçuset ştatında şəhərdir) pənah gətirmişdilər. Buradakı ilk qış çox ağır keçdi, aclıq və xəstəlikdən yüzlərlə protestantın yarıdan çoxu qırıldı. 1621-ci ilin yazında ingilislər “hindu” adlandırdıqları yerli tayfaların köməyinə möhtac qaldılar. Hindular avropalılara o torpaqlarda hansı bitkiləri yetişdirmək və ov etməyin qaydalarını öyrətdilər. Gəlmələr torpağı əkib-becərməyə başladılar. Nəhayət, 1621-ci ilin payızında zəhmətlərinin bəhrəsi olaraq bol məhsul əldə etdilər. Plimutda Şükran günü məhz həmin vaxt Amerika qitəsinə ilk ayaq basan bir neçə ingilis müstəmləkə çisinin hindularla birgə ova getməsi ilə başladı. Bir gün o qədər çox heyvan və quş tutdular ki, təxminən, 50 adamlıq qrupa bir həftə kifayət etdi. Əfsanəyə görə, bunlar, əsasən, hazırda hindtoyuğu, hindquşu, yaxud hinduşka adlanan quşlar olub. Məsələ ondadır ki, o vaxt ingilislər onlara məlum olmayan hər hansı quşu hindu adına uyğun hindquşu adlandırırdılar. Birgə ovdan sonra, təxminən, 90 nəfərlik bir yerli hindu qrupu düşərgəyə gəldi. İngilis mühacirlər əvvəl narahat olsalar da, sonradan qruplar qaynaşdı və bir neçə gün davam edən bir mərasim təşkil edildi. Qırmızıdərililər özləri ilə hədiyyə olaraq maral əti də gətirmişdilər. Mərasimdə maral əti və ev heyvanları ilə yanaşı, dəniz məhsulları, tərəvəz və pivə də var idi. Dil maneəsi səbəbi ilə bir-birini çox da yaxşı anlamayan bu iki qrup arasında oyunlar və müsabiqələr təşkil etdilər. Bu hadisə iki tərəf arasında 1670-ci illərdəki Kral Filip döyüşünə qədər davam edəcək bir sülhün təməlini qoydu. Plimut koloniyasının ilk qubernatoru U.Bledford həmin günü onlara bolluq yetirdiyinə görə Tanrıya şüküretmə günü kimi qeyd etməyi təklif etdi. Eyni zamanda, o gün ingilislərlə hindular bundan sonra bir-birlərinə dəstək vermək barədə qardaşlıq andı içdilər.

İngilislər hindularla qardaşlıq andını pozdu…

Təəssüf ki, ingilislər hinduların bu yardımına minnətdar olmaq yerinə, sonradan güc toplayıb, öz andlarını pozdular və bütün Amerikadakı aborigen tayfaların kökünü kəsməyə başladılar. 1675-1676-cı illər arasında baş verən döyüşlərdə yüzlərlə koloniyaçı və minlərlə hindu həlak oldu. Buna rəğmən, əsasən, protestant avropalılar Şükran gününü unutmadılar. 1789-cu ildə ABŞ-ın ilk prezidenti C.Vaşinqton hər il noyabrın 26-nı Şükran günü kimi keçirməyi təklif etdi. 1863-cü ildə prezident A.Linkoln bu milli bayramı hər il noyabrın sonuncu cümə axşamı günü keçirməyə göstəriş verdi. Lakin bu təkliflər rəsmi olaraq konqresdə yalnız 1941-ci ildə qəbul edildi və hər il noyabr ayının son cümə axşamı Şükran günü – milli bayram kimi qeyd edilməyə başlandı..

Şükran gününün ertəsi niyə “qara cümə” adlanır?

1927-ci ildən bəri Şükran günündə Nyu-Yorkda nəhəng Masys univermağının qarşısında möhtəşəm parad keçirilir. Cizgi filmləri, nağıl və verilişlərin qəhrəmanlarının üfürülmüş böyük fiqurları tədbirin əsas bəzəyi olur. Parad telekanallarla canlı yayımlanır. Şükran gününün ertəsi günü isə ABŞ-da qeyri-rəsmi olaraq “qara cümə” adlanır. Bunu bəziləri həmin günlər yollarda tıxacların yaranması ilə izah edirlər. Çünki o gün bütün ölkədə yüksək endirim kampaniyaları həyata keçirilir və alıcılar ucuz mal almağa tələsir…
Rəvayətə görə, sözügedən gün müstəmləkəçi ingilislər hindularla birgə ovladıqları, hazırda “holland hind quşu” adlanan 4 quşu qızardaraq yeyiblər. Eyni zamanda, süfrədə həmin payız bostanlarında yetişdirdikləri boranı qızartması da olub. Odur ki, həm hind quşu, həm də boranı Şükran bayramının əsas atributlarına çevrilib.
Şükran və Milad bayramlarında diri hind quşunun prezident masasına gətirilməsi ənənəsi çoxdan yaranıb. XIX əsrin ortalarına qədər hinduşkanın Ağ Evə xüsusi çatdırıcıları seçilirdi. Bir müddət sonra isə bunu istənilən əməkdaşın edə bilməsi qərara alındı. 1947-ci ildə prezident H.Trumen ilk dəfə olaraq bayram hədiyyəsini hind quşu yetişdirən sahibkarlar birliyinin nümayəndələri tərəfindən qəbul etdi. O vaxtdan məhz lobbistlər bu işi icra etməyə başladılar.

 

Hinduşkanı ilk dəfə əfv edən prezident öldürüldü…

İlk dəfə hinduşkanı əfv etmək ənənəsinin əsasını isə 1963-cü il noyabrın 21-də ölümündən bir gün öncə Con Kennedi qoyub. Onun masasına gətirilən və boynuna “Nuş olsun, cənab prezident” sözləri yazılmış hinduşkaya baxaraq deyib: “Biz bu quşun böyüməsinə imkan verəcəyik. Qoy, bu, Şükran günü ilə bağlı ona hədiyyəmiz olsun!”. Maraqlıdır ki, hind quşunu əfv edən ABŞ prezidenti ertəsi gün –“qara cümə”də özü bu günədək sirri açılmayan sui-qəsdin qurbanı oldu. Hinduşkanı əfv etmək yalnız 1989-cu ildə – ata Buşun dövründə ənənəyə çevrildi. Prezident hinduşkanı görəndə dedi: “Bu quş bayram süfrəsinə görə ölməyəcək!”.
Son illər Ağ Evdə əfv edilən hinduşkalara ləqəblər qoymağa başlayıblar. 2001-ci ilin Şükran günündə oğul Buş bağışladığı hinduşkalardan birini “Azadlıq”, o birini isə “Müstəqillik” adlandırmışdı. 14 il sonra builki bayramda isə B.Obama A.Linkolnun şərəfinə “Vicdanlı” və “Eyb” adları qoyulmuş hinduşkaları əfv etdi…

Cənab prezident hinduşkaları əfv etdin, bəs dustaqları?

Obama artıq 7-ci dəfədir ki, qaşqabaqlı qızları Saşa və Maliya ilə birgə kamera önündə nitq söyləməklə, hinduşkaları əfv edir. Builki Şükran günündə prezident hətta etiraf etdi ki, o, qızlarını onların hinduşkaların yanında poza göstərməyi sevdikləri üçün yox, özünün xoşuna gəldiyi üçün bu tədbirə dəvət edir. İldən-ilə ABŞ mətbuatında hinduşka əfv etmə ənənəsini tənqid edən materialların sayı artır. Ayinin mənasızlığı və yersizliyini ifşa edən digər fikirlərlə yanaşı, tənqid üçün başlıca əsas cəmiyyətdə əfv anlayışının gözdən salınmasıdır. Bu gün ABŞ-da türmələr doludur. 11 min insan əfv olunmaları barədə müraciətlərə baxılmasını gözləyir. Həmin adamlara və onların ailələrinə prezidentin özünün məhkəmələrin səhvini düzəltmək hüququndan hinduşkanın timsalında yararlanmasını görmək ağırdır. Bu fikirləri Huffington Post portalındakı köşə yazısında Kriminal Mühakimə Siyasəti Fondunun direktoru Elik Sterlinq yazır…
İslam baxımından da bəzi məqamları məntiqsiz görünən Şükran bayramını qırmızıdərililər, yəni hindular “Yas günü” kimi qeyd edirlər. Ona görə ki, həmin gün ingilislər öz qardaşlıq andlarını pozaraq yerli tayfalara qarşı əsl soyqırım törətməyə başlamışlar. Hindu mənbələrində tamamilə fərqli tarixçə göstərilir:
İngilislər 1614-cü ildə Massaçuset ştatının bir neçə yerində hinduları qırıb, qalanlarını qul etmək üçün özləri ilə Britaniyaya aparırlar. Müstəmləkçilər özlərindən sonra ərazidə “qarayara” xəstəliyi də yayırlar. Nəticədə orada qalan hindular da məhv olur. Bir neçə il sonra həmin yerə qaçan protestant-puritanlar isə Patukset kəndində cəmi bircə nəfər Skvanto adlı salamat qalmış hindu tapırlar. Həmin qoca hindu əvvəllər Britaniyada qul olduğundan ingilis dilini bilirmiş. Məhz o, piliqrim (ing. zəvvar, hacı) adlandırılan ingilislərə qarğıdalı becərməyi və balıq tutmağı öyrədir. Bir az sonra “Yeni Dünyadakı cənnət” barədə eşidən digər fanatik puritanlar da Massaçusetə axışır. Gəlmələr yerli tayfaların kütləvi məhvinə başlayırlar. 1637-ci ildə Qroton şəhərində hinduların ənənəvi Məhsul bayramı münasibətilə 700 yerli bir böyük binaya yığışaraq bayramlaşmalaya başlayırlar. Onları mühasirəyə alan ingilis və hollandlar hindulara evdən çıxmağı əmr edirlər. Çıxanları güllələyir, içəridə qalanları isə qadın-uşaqlarla birgə diri-diri yandırırlar. Massaçuset qubernatoru “qələbələri” münasibətilə həmin günü Şükran günü elan edir. Uzun illər sonra Vətəndaş savaşı zamanı A.Linkoln da qoşunlara məhz həmin gün acından ölən siu tayfalarının üzərinə hücuma getməyi əmr edir və Amerikanın lideri olaraq aborigenlərin bu kütləvi qətl gününü Şükran Günü elan edir…
Sultan Laçın, Hafta.az

Short URL: http://www.cumhuriyyet.net/?p=41580

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31