Prezident Arif Məlikovu “Şöhrət” ordeni ilə təltif etdi

13.09.2018 - 19:22

Ölkə prezidenti İlham Əliyev  Arif Məlikovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Cumhuriyyet.net-in xəbərinə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Cahangir oğlu Məlikov “Şöhrət” ordeni ilə təltif edilsin”.

Prezident A.Məlikova 85 yaşının tamam olması ilə bağlı təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli Arif müəllim!

Sizi – Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsini 85 illiyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Sizin geniş diapazonlu rəngarəng yaradıcılığınız müasir musiqi mədəniyyətimizin parlaq hadisələrindəndir.

Qara Qarayev məktəbinin layiqli davamçısı kimi xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyiniz çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətləriniz vardır.

Özünəməxsus əlvan musiqi çalarları, dərin koloriti və yüksək bədiiliyi ilə seçilən əsərləriniz professionallığın zirvələri olub, musiqisevərlərin daim rəğbətini qazanmışdır. Fəlsəfi düşüncələr və bəşəri duyğularla aşılanmış ecazkar musiqiniz mənəvi kamilliyə can atmaqda insanlara yaxından kömək edir.

Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən qiymətli əsərləriniz ölkəmizin hüdudlarından kənarda, dünyanın ən məşhur teatrlarında uğurlu səhnə təcəssümünü tapmışdır.

Siz, eyni zamanda, gənclərin hamisi və mahir pedaqoq olaraq Bakı Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasının müdiri kimi zəngin təcrübənizdən bəhrələnən istedadlı musiqiçilər nəslinin yetişdirilməsində uzun illərdən bəri böyük xidmətlər göstərirsiniz.

İctimai-siyasi həyatımızda cərəyan edən mühüm hadisələrə və taleyüklü məsələlərə münasibətdə Siz həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, vətənpərvər və aydın düşüncəli ziyalı kimi də xalqımızın hörmətini qazanmısınız.

Səmərəli, məhsuldar və mənalı həyat yolunuz sənətə sonsuz bağlılığın və xalqa xidmətin bariz nümunəsidir. Yaradıcılığınız dövlət tərəfindən daim lazımınca qiymətləndirilmişdir. Siz müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – Heydər Əliyev mükafatına, “Heydər Əliyev” və “İstiqlal” ordenlərinə layiq görülmüsünüz”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122680

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930